6 Oktyabr 2020 09:54
5 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gecə səhər saatlarınadək cəbhəboyu ağır mövqe döyüşləri gedib. Ordumuz əks-hücumu davam etdirib. Düşmənin artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, zirehli texnikası və canlı qüvvəsi sıradan çıxarılıb”.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu bildirib.

Onun sözlərinə görə, səhər saatlarınadək düşmənin 12 tankının vurulduğu barədə məlumatlar var:

“Füzuli şəhəri faktiki olaraq ordumuzun nəzarətindədir. Şəhərdə təmizləmə və zərərsizləşdirmə işləri davam etdirilir. Ağdərə istiqamətində düşmənin mühasirəyə alınmış xüsusi təyinatlı birləşməsinin məhvi davam etdirilir. Murovdağ istiqamətində düşmənin əks-hücumunun qarşısı alınıb”.

Elçin Alıoğlu Minsk qrupunun son durumla bağlı Ermənistan və Azərbaycana müraciətinə diqqət çəkib:

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) müraciəti çağırışdır. Olduğundan ciddi qəbul etməyək, obyekti kontekstdən çıxarmayaq. Bu trio bizə sadəcə, danışıqları təklif edə bilər: hüququn implementasiyası bundan artığa imkan vermir. Onların istəklər substantiv danışıqlardır, yəni Ermənistanla, işğalçı ilə üzbəüz oturub dərhal danışıqlara başlayaq, hərbi əməliyyatları dayandıraq, vəziyyət də status-kvo durumuna qayıtsın. Bu, mümkün deyil.

İşğalçı Ermənistan qoşunlarını hazırda işğalda saxladığı ərazilərdən tam və qeyd-şərtsiz çıxarmayınca danışıqların heç bir mənası yoxdur”.

Jurnalist bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya ilə bağlı ümidləri mənasızdır: “Paşinyanın Qərblə oyunları, xüsusilə də Avropa Birliyinin “baş sülhyaradıcısı” olmağa çalışan Emmanuel Makronla intensiv təmasları Moskvanı çox qııcıqlandırır.

Onu da xatırladım ki, Paşinyan administrasiyası bütünlüklə Corc Sorosun kadrlarından ibarətdir ki, bu da Moskvanı sinirləndirir. Başqa sözlə, Ermənistan hazırda heç bir halda Rusiya üçün etibarlı tərəfdaş və stabil müttəfiq deyil. Bu səbəbdən də Qarabağdakı müharibə ilə bağlı Rusiya neytrallığını qoruyacaq, hadisələrə fəal müdaxilə etməyəcək.

Avropa Birliyi və ABŞ da Ermənistana yardım etməyəcək. Azərbaycana tam dəstək verən Türkiyə NATO-da hərbi potensialına və gücünə görə 2-ci ölkədir. Ermənilərə görə Qərb Türkiyə ilə münasibətləri korlayan deyil. Avropalılar və amerikalılar üçün Qarabağ münaqişəsi periferiya problemidir.

Aralıq dənizindəki neft-qaz yataqları mübahisəsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qəti və sərt mövqeyi ilə qarşılaşıb “Rədd ol” cavabı almış Emmanuel Makron indi qisas yanğısındadır.

Onun fikrincə, əgər Ankara Bakını tam və geniş miqyasda dəstəkləyirsə, mütləq İrəvanın tərəfini tutmaq, Türkiyə ilə bahəm, Azərbaycanı da beynəlxalq terrorizmi dəstəkləməkdə günahlandırmaq gərəkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər