Sentyabrın 27-də Ermənistan tərəfindən cəbhə xəttində törədilən təxribata Azərbaycan Silahlı Qüvvələri əks-hücumla cavab verib. Artıq onbirinci gündür cəbhə xəttində gərginlik davam edir. Torpaqlarımızın bir hissəsinin işğaldan azad olması xəbərləri ölkədə qələbə ab-havası yaradıb. Bəs maraqlıdır, arxa cəbhə, bədii yaradıcılıqla məşğul müəlliflər, qurumlar vətənpərvərlik ruhunda hansı işləri görürlər?
Mövzu ilə bağlı Teleqraf.com soğru keçirib.
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə bildirib ki, hazırda ölkədə vəziyyətlə bağlı vətənpərvərlik mövzusunda mahnılara həddindən artıq böyük maraq var: “Xeyli şairlər bəstəkarlara şeirlərlə müraciət edirlər. Bütün müğənnilər vətənpərvər mövzuda mahnılar istəyirlər. Biz də imkan daxilində çalışıb səsyazma studiyası ilə işləyirik. Bəstəkar kimi bunların hamısını canla-başla çatdırmağa çalışırıq, həm də çalışırıq keyfiyyətli mahnılar olsun. İstəyirik ki, köhnə mahnılar olmasın, yeni nəbzdə olsun, gənclərə xitab edən, daha ritmik, daha dinamik, zövqə uyğun mahnılar olsun. Bədbin deyil, nikbin mahnılara üstünlük veririk, hər bir musiqidə aranjman zamanı çalışırıq ki, qələbə çağırışı olsun”.
Bəstəkarın sözlərinə görə, qarşıdakı günlərdə vətənpərvərlik mövzusunda iki yeni mahnı təqdim olunacaq: “Hazırda sözləri Abdulla Qurbaniyə aid iki mahnı üzərində işləyirik. Mahnılardan birini Mübariz Tağıyev ifa edir, "İgid şahinlər, bu il qələbə ilidir" adında mahnımız artıq hazırdır.
Aranjmanı Elvin və Ruhin, səs rejissoru Samir Əsədovundur, bədii rəhbər Yaşar Baxışın dəstəyi ilə hazırlanır. Mahnıda bizə çox insan təmənnasız dəstək göstərdi.
Bundan başqa, sözləri Abdulla Qurbaniyə məxsus, Azərbaycan-Türk qardaşlığı mövzusunda "Sən yalnız deyilsən, Azərbaycan" adında bir mahnımız sabahdan efirdə olacaq. Hazırda çox möhtəşəm klipi hazırlanır. Mahnını Samir Piriyev ifa edir, xordan geniş istifadə olunur. Bu mahnının da aranjmanı Yaşar Baxış, səs rejissoru Samir Əsədovdur.
Mahnılara dəstək olan şəxs Zamiq Yunusovdur. O, mahnıların ərsəyə gəlməsində sponsor kimi çıxış edir. Bütün təşkilati işlərdə dəstəkdir.
Mahnıların hər ikisinin uğurlu alındığı deyilir. 4 gün əvvəl cəbhə bölgəsinə göndərilib, Abdulla Qurbani özü mahnının sədaları altında çıxışlarını edib və çox gözəl qarşılanıb. Bundan əlavə, Elnur Məmmədov bu gün musiqisi mənə, sözləri Zamiq Yunusova məxsus mahnı hazırlayır. Sabah və ya növbəti gün mahnı efirlərdə səslənəcək”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyir ki, vətənpərvərlik mövzusunda görüləcək işlər çoxdur: “Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq Qarabağ mövzusunun ekranda uğurlu həlli üçün bədii film ssenari müsabiqəsi elan etmişik. Mükafat fondu 10 min manatdır, 3 mükafat olacaq. "Qarabağ, İnsan, Qələbə" şüarı ilə elan edilən müsabiqənin əsas şərtlərdən biri ssenarinin Qarabağ mübarizəsini dünyaya çatdırmaq kriteriyasına cavab verməsidir. Ssenarilər noyabrın 22-dək qəbul olunur.
Bununla yanaşı, yeni nəslə bu mübarizəni çatdırmaq üçün dövlət sifarişi ilə “Milli Qəhramanlar” silsilə sənədli filmlər çəkilib. Bunların içində Qarabağ qazisi, kinorejissor Nizami Abbasın “Tərtər batalyonu”, Əliyar Əliyev haqda filmləri çox təsirlidi. Bu silsilənin mübarizəmiz haqda yeni nəslin bilgiləndirilməsində rolu çox böyükdür.
"Dolu", "Fəryad" filmləri bu günümüzü hazırlayan filmlərdəndir. Amma görüləcək işlər daha çoxdur. Ən əsası isə bu davanı Avropa ekranlarına çıxarmaqdır. Qarabağ müharibəsi elə rakursda çəkilməlidir ki, dünya mövqeymizi qəbul etsin”.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib ki, cəbhədə baş verən prosesləri yaxından izləyir və bu istiqamətdə işi davam etdirirlər: “Hərbi hücum əməliyyatları 27 sentyabr tarixində başladı və biz elə həmin gün AYB olaraq toplantı keçirdik, bəyanat verdik. Bu bəyanatın xəbər portallarında yer aldı, bununla yanaşı, bir neçə dildə müraciət hazırlayıb, dünya ədəbiyyatçılarına təqdim etdik.
Eyni zamanda, müxtəlif televiziya proqramlarına bizim şair və yazıçılarımız dəvət olunub.
Vətənpərvərlik mövzusunda bədii yaradıcılıq fərdi məsələdir, qələm adamlarının hisslərini qələmə köçürməsidir. Bineyi-qədimdən ədiblərimiz bu mövzuda yazıb yaradıblar və bu proses indi də davam edir”.