“Görünən budur ki, Rusiya Qarabağ münaqişəsində “problemin açarı Moskvadadır” ifadəsi ilə izhar olunan inhisarçı mövqeyini zəiflədərək səlahiyyətlərinin bir qismini Türkiyə ilə bölüşür”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Onun sözlərinə görə, sentyabrın 27-dən, Qarabağda savaş başlanandan bəri ilk dəfə Türkiyə və Rusiyanın prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin telefonla danışıblar:
“Dövlət başçılarının əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Moskva və Ankaranın danışıqla bağlı rəsmi məlumatları maraqlı sayılacaq qədər fərqlidir.
Kremlin mətbuat xidməti bəyan edib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsini dinc yolla həll etmək üçün siyasi proseslərin aktivləşməsinə, xüsusilə də ATƏT-in Minsk Qrupunun tövsiyyələri əsasında fəallaşmasına tərəfdar olduqlarını deyiblər.
Tərəflər humanitar atəşkəslə bağlı oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmaya riayətin vacibliyini vurğulayıblar. Vladimir Putin daha sonra hərbi əməliyyatlarda Yaxın Şərqdən olan yaraqlıların iştirakı ilə bağlı ciddi narahatlığını bildirib. Tərəflər qan tökülməsinə son qoyulması və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün birgə səylərin vacibliyini vurğulayıblar. Ümid olunub ki, Minsk qrupunun üzvü kimi Türkiyə münaqişənin deeskalasiyasına konstruktiv töhfəsini verəcək. Putinlə Ərdoğan diplomatik və hərbi kanallarla müntəzəm təmaslarla bağlı razılığa gəliblər.
Rəsmi Ankaranın açıqlamasında isə bir məqam xüsusi diqqət çəkir:
“Prezident Ərdoğan Azərbaycan ərazilərinə hücum edərək yeni böhran yaradan Ermənistanın təxminən 30 ildən bəri davam edən işğalını sabit duruma gətirməyə, dayanıqlı etməyə çalışdığını vurğulayaraq Türkiyənin lazım olarsa, Minsk Qrupundakı statusu, gərəkərsə Türkiyə-Rusiya münasibətləri çərçivəsində bu məsələnin çözülməsinə tərəfdar olduğunu ifadə edib”.
Beləliklə, diplomatik kazuistikanı bir kənara qoysaq, Azərbaycanın və Ankaranın can atdığı nəticə artıq əldə olunur. Türkiyə Cənubi Qafqazdakı geosiyasi təsir imkanlarını leqallaşdırır, 30 ildən bəri ABŞ, Fransa və Rusiyanın moderator-aktyor, yəni söz sahibi olduqları nizamlanma prosesinə ən ağırçəkili, ciddi və ötkəm tərəf qismində qatılır.
Özü də Türkiyə şərtini açıqlayıb: zərurət yaranarsa, Minsk qrupu çərçivəsində fəal davranacaq, ona maneələr yaradarsa, ABŞ və Fransadan yan keçərək problemi Rusiya ilə müzakirə edəcək.
Görünən budur ki, Rusiya Qarabağ münaqişəsində “problemin açarı Moskvadadır” ifadəsi ilə izhar olunan inhisarçı mövqeyini zəiflədərək səlahiyyətlərinin bir qismini Türkiyə ilə bölüşür.
Moskvanı anlamaq olar: Rusiya bu minvalla nizamlanma prosesində ABŞ və Fransanın ifrat aktivləşməsindən narahat olduğu üçün Ankaranı daha əlverişli tərəfdaş sayır. Başqa sözlə, baş verənlər xeyrimizədir”.