20 Oktyabr 2020 11:24
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureyşi arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumata görə, nazirlər bölgədə hazırkı vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxslərin və yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verib.

Nazir ciddi mülki tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu və bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğulayıb.

Ceyhun Bayramov qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyini üçün yüksək minnətdarlığını ifadə edib.

Nazir Mahdum Şah Mahmud Qureşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünümüdafiə hüququnu dəstəklədiyini vurğulayıb. O, Pakistanın münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu qeyd edib.

Nazirlər, həmçinin, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər