22 Oktyabr 2020 15:36
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq terrorçu Ermənistan dövləti öz iflasını yaşayır. Can verən ölənə yaxın çabalamağa başlayır. Bu millətin ideoloqları, “qəhrəmanları”, dövlət adamları hər zaman xəstə təxəyyülə sahib olublar. Bu başbilənlər həmişə öz xalqını fəlakətə aparıblar. Ermənilər onsuz da beynəlxalq müstəvidə məğlubdur”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq müstəvisində çoxdan zəfər qazanıb: “Bütün beynəlxalq təşkilatların və institutların qəbul etdiyi qətnamələrdə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu öz əksini tapıb. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Qətnamələrdə erməni qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunur.

Eləcə də Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilat, AŞPA, Avropa Parlamenti, NATO kimi digər beynəlxalq təşkilatlar və dövlətlər səviyyəsində Xocalı faciəsi soyqırımı və cinayət kimi qəbul olunub. Azərbaycan haqq və ədalətin bərpası, müdafiəsi uğrunda dünyanın gözü qarşısında müharibə aparır”.

Məlahət İbrahimqızı hesab edir ki, bu gün aparılan müharibəyə 1991-ci ildən bu günə qədər olan məsələ kimi baxmaq doğru deyil: “Dənizdən-dənizə Böyük Ermənistan" yaratmaq ideyası 200-300 ildir var. Bu, Ermənistanın xəstə təxəyyüllü “xalq qəhrəmanları” və onların havadarlarının, imperialist güclərin dəstəyi ilə ən azı 300 illik tarixə malik bir layihə idi. Artıq bu layihənin iflasa uğrayıb. Əgər bu gün aparılan müharibəyə 1991-ci ildən bu günə qədər olan məsələ kimi baxsaq, biz Ali Baş Komandanın, Azərbaycan Ordusunun möhtəşəm mübarizəsini kiçiltmiş olaraq.

Bu mübarizə 300 illik anti-türk siyasəti, xüsusilə "Dənizdən-dənizə Böyük Ermənistan" layihəsinin darmadağın edilməsidir. Gələcəkdə tarixçilər bu haqda çox yazacaq. Çünki 300 ildir Cənubi Qafqaz erməniləşdirilir.

Qərbi Ermənistan dediyimiz ərazilər tamamilə türk torpaqlarıdır. “Kitabi-Dədə Qorqud”da bu toponimlərin adı çəkilir. Bundan əvvəl rus imperatoru I Pyotrun çarlığı dövründə ermənilər tərəfindən Şimali Qafqazda türk toplumunun assimilyasiya edilməsi, müsəlman kəndlərin yer üzərindən silinməsi barədə faktlar var.

Bundan əlavə, Türkmənçay müqaviləsindən sonra Suriyada, Orta Şərqdə, İranda, Türkiyədə, Balkanlarda olan erməni ailələr Qərbi Azərbaycan gətirilib və bölgə tamamilə erməniləşdirilib. Bizim bir qələbəmiz, inşallah, 200 ildən çox Azərbaycan-türk xalqına qarşı yönəldilmiş düşmən layihəsini alt-üst ediləndən sonra qeyd ediləcək.

Harada sərkərdə güclüdürsə, onun ordusu da güclüdür. Prezidentimiz hər dəfə deyir ki, əldə etdiyimiz bütün uğurları xalqın mənə etdiyi etibardan, inamdan alıram. Bu gün xalqımızın birliyi Ali Baş Komandana bir daha güc verir. Hər dəfə Prezident işğaldan azad olunan torpaqları elan etdikcə xalqımızda ruh yüksəkliyi artır. Bu gün hər kəs səfərbərliyə hazır vəziyyətdə gözləyən bir əsgərdir”.

Deputat onu da vurğulayıb ki, mövcud durumda Paşinyanın, dünya erməniliyinin və bu ideoloji şəbəkənin sayılı günləri qalıb: “XXI əsrin üçüncü onilliyinə daxil oluruq. Müharibə bölgəsindən xeyli uzaqlıqda olan Gəncədə törədilən terror insanlığa sığmayan müharibə cinayəti işlənir. Müharibədən uzaqda olan şəhərlərin raket atəşinə tutulması göstərir ki, Ermənistanın hədəfi hərbi obyektlər yox, mülki əhalidir. Məqsəd dinc əhalinin öldürülməsi, mülki obyektlərin dağıdılmasıdır.

Bu gün də Ermənistan ərazisindən Azərbaycanın Siyəzən, Qəbələ və Kürdəmir rayonlarına raket zərbələri endirilib. Əgər gücünüz varsa, döyüş meydanında göstərin.

Hesab edirəm ki, bizim müharibəmiz, mübarizəmiz hələ davam edəcək. Bayrağımızı Xankəndində, Şuşada sancsaq da, bundan sonrakı mübarizəmiz də var. Bu kompleks strategiyalardan biri də erməni faşizminin Xocalıda, eləcə də Gəncədə törətdiyi qətliamları beynəlxalq məhkəməyə çıxarmaqdır. Buna nail olacağıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər