Slovakiya Xarici və Avropa Məsələləri üzrə Nazirliyi aprelin 1-də bu ölkənin parlamenti tərəfindən “Dağlıq Qarabağ” başlığı altında qəbul olunmuş qətnamə ilə əlaqədar açıqlama verib.
Teleqraf.com xəbər verir ki, aprelin 2-də nazirliyin sözçüsü Juraj Tomaqanın Slovakiya Mətbuat Agentliyinə açıqlamasına əsasən yerli mətbuatda yayılan məqalədə sözügedən qətnamənin ölkə parlamenti deputatlarının Dağlıq Qarabağdakı əlverişsiz humanitar vəziyyət və hər iki tərəfdən günahsız insanların əziyyət çəkməsi ilə bağlı narahatlığının təzahürü olduğu bildirilir.
Slovakiya XİN sözçüsünün “Biz bütün tərəfləri 2020-ci il 9 noyabr tarixli atəşkəs razılaşmasına ciddi əməl etməyə çağırırıq” fikrinin ifadə olunduğu məqalədə, həmçinin ölkənin xarici işlər naziri İvan Korçokun bu yaxınlarda Azərbaycana səfərinə istinad olunur. Belə ki, Slovakiya xarici işlər nazirinin Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi ilə danışıqlarda səsləndirdiyi “münaqişənin dayanıqlı həlli üçün yeganə çıxış yolunun BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə hörmət etmək olduğu” fikri qeyd edilir.
Məqalədə Slovakiya Xarici və Avropa Məsələləri Nazirliyinə istinadla vurğulanır ki, uzunmüddətli həll yolu üçün əsas şərt “bu etnik baxımdan mürəkkəb bölgədə bütün etnik qrupların dinc yanaşı yaşaması üçün şərait yaradılmasından” ibarətdir.