Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşdirilib.
Teleqraf.com Dövlət Sərhəd Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri davam etdirilir.
Bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri, eləcə də sərhəd mühafizə infrastrukturunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir:
"Noyabrın ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşdirilib.
Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 m məsafədə işlər davam etdirilir", - məlumatda qeyd edilir.