“Ermənistanın siyasəti dilənçi siyasətidir, buna görə də məhvə məhkumuq”
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
“Nikol Paşinyan Praqada Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı razılığa gəlib. Bura qədər 10 noyabr razılaşması vardı, buna görə, bu məsələlər sonradan müzakirə olunmalı və həll edilməli və ona qədər nəzarət Rusiya sülhməramlı qüvvələrində olmalı idi. Amma Nikol Paşinyan Praqada Qarabağın Azərbaycanın tərkibində qalacağına razılaşdı. Bura qədər də Paşinyan ictimaiyyəti inandırırdı ki, Qarabağ Azərbaycanın tərkibində qalmalıdır. Çünki Paşinyan artıq beynəlxalq platformalarda Qarabağın Azərbaycana təhvil verilməsinə razılıq vermişdi. Bu o deməkdir ki, Ermənistan lideri Qarabağın Azərbaycan olduğunu etiraf edir”, - ekspert bildirib.
Bozoyan bu durumda Rusiya hərbçilərinin Qarabağda olmasına ehtiyacın qalmadığını söyləyib və belə bir ritorik sual verib: “Belə olan halda sual yaranır: rusların orda nə işi var, niyə orada Azərbaycan yox, rus ordusu olmalıdır?”
Politoloq Ermənistan-Türkiyə sərhədlərinin açılması ehtimalına və bununla bağlı rəsmi Ankaranın İrəvana tələblərinə də toxunub:
“Çox sadədir, Türkiyə deyir ki, Ermənistan Azərbaycanın bütün şərtləri ilə razılaşsın, biz də sərhədi açaq. Türkiyənin böyük kartı var, Ermənistan-Azərbaycan münasibətləri nizamlananda Ermənistanla münasibətləri inkişaf etdirəcəyini deyir”.
Yervand Bozoyan Ermənistan rəhbərliyini və ölkəsini “dilənçi” adlandırıb:
“Ermənistanın siyasəti dilənçi siyasətidir. Əgər bir ölkə dilənçilik siyasəti aparmağa hazırdırsa və xalq dilənçi statusunu qorxu altında qəbul edirsə, o ölkə məhvə məhkumdur”.