6 Mart 2023 18:24
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağdakı qanunsuz erməni silahlılarının məqsədi Xankədidəki ermənilərlə Bakının apardığı dialoqa mena olmaq, dinc ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaqdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Ramiz Alıyev martın 5-də Azərbaycanın tarixi şəhəri olan Xankəndidə yaşayan təxribatçı dəstələr və onlara dəstək verən qüvvələrin növbəti cinayətlərini şərh edəkən bildirib.

“Silahlı ermənilər Şuşanın Xəlfəli kəndindəki gizlin yollarla silah-sursat daşıyarkən Ordumuz tərəfindən aşkarlandılar. Bu zaman onlar təslim olmaq əvəzinə hərbçilərimizə atəş açdılar. Təəssüf ki, xain hücum nəticəsində iki şəhidimiz oldu. Allah onlara rəhmət eləsin. Təbii ki, təxribatçıların bu əməlləri cavabsız qalmadı. Hərbçimizə tətik sıxan canilər məhv edildilər”, - qeyd edib.

Ramiz Alıyev vurğulayıb ki, bir neçə gün öncə erməni separatçıların Qarabağ bölgəsində sülhməramlıların gözləri qarşısında hərbi istehkamlar tikdikləri barədə məlumat yayılmışdı: "Ermənilər həmin ərazilərdə postlar qurub ora kameralar quraşdırmışdılar. Azərbaycan tərəfi bu faktları video lentə alaraq ictimailəşdirmişdi. Çox güman ki, bu barədə Qarabağdakı rus sülhməramlı kontingentinin rəhbərliyinə də məlumatlar verilib”.

Politoloqa görə, təxribatçılar onlara verilən dərslərdən ibrət götürmək əvəzinə revanşizmə meyl edirlər: “Onlar silahlarını yerə qoymurlar, günboyu mövqelərimizi atəşə tuturlar. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Qarabağdakı qeyri-qanuni silahlı erməni dəstələri tərksilah edilməli və ərazilərimizdən uzaqlaşdırılmalıdırlar. Bu, 10 noyabr 2020-ci il bəyanatında öz əksini tapıb. Sənəddə çox aydın göstərilib ki, Azərbaycan ərazisində, konkret olaraq Qarabağda ermənilərin yaşadıqları coğrafiyada heç bir silahlı dəstə ola bilməz. Buna imza atan liderlərdən biri Rusiya Prezidenti Vladimir Putin, digərləri isə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyandır. Təəssüf ki, nə Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti, nə də Ermənistan tərəfi bu razılaşmaya əməl edirlər”.

R.Alıyev hesab edir ki, Azərbaycan hökumətinin Qarabağdakı dinc ermənilərlə ünsiyyət, dialoq qurduğu bir ərəfədə məkrli qüvvələr bu cür nəcib təşəbbüsü boğmağa, qarşısını almağa çalışırlar: “Təsadüfi deyil ki, radikal ermənilər Bakıdan göndərilən səlahiyyətli şəxslərlə görüşən erməniləri "vətən xaini" çıxarırlar. Deməli, məqsəd dialoqa, inteqrasiyaya mane olmaqdır. Şuşa, Xocavənd və Ağdam da daxil olmaqla ordumuzun mövqelərinin atəşə tutulması buna hesablanıb. Qeyd edim ki, 80 gündən artıqdır Laçın-Xankəndi yolunda eko-fəalların aksiya keçirməsi Xankəndiyə silah-sursat daşınmasına ciddi əngəl yaradıb. Ona görə də təxribatçılar gizli yollardan biri olan Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edərək silah-sursat daşıyıblar. Ermənistan tərəfi iddia edir ki, məhv edilənlər guya polis əməkdaşları olublar və silah daşımayıblar. Əgər belədirsə, nə üçün onlar Laçın yolundan istifadə etməyiblər? Axı o yoldan dinc ermənilərin hərəkətinə heç bir maneə yoxdur. Onlar rahatlıqla o yoldan istifadə edilər. Ermənistandan gələn həmin avtomobilin Laçın yolundan kənar ərazidən keçməsi o deməkdir ki, onların yükü silah-sursat olub. Şübhə yoxdur ki, məhv edilən təxribatçıların təhlükəli əməlləri barədə xüsusi xidmət orqanlarımızda kifayət qədər məlumatlar olub”.

Politoloqa görə, Azərbaycan bununla bağlı məsələdə çox prinsipialdır, hər hansı güzəştdə getmək fikrində deyil: “Mövqeyimiz bütün beynəlxalq təşkilatlarda səsləndirilib. Məsələ o həddə çatıb ki, Azərbaycan özü bu razılaşmanın yerinə yetirilməsini təkbaşına icra etmək məcburiyyətində qalıb. Qarabağdakı erməni silahlı dəstələrin tərksilah edilməsi, Laçın dəhlizinin giriş və çıxışlarında gömrük-sərhəd məntəqələrinin qurulması zərurətə çevirilib. Yayılan məlumatlardan da aydın olur ki, məhv edilmiş erməni silahlılar Laçın dəhlizinə alternativ yolla silah-sursat daşınmasını həyata keçirməyə cəhd ediblər.

Erməni tərəfi yenə də öz cinayətlərini ört-basdır edərək məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa çalışır. Guya Azərbaycan ordusu heç bir ehtiyac olmadan ermənilərə hücum edib və s. Ənənəvi cəfəngiyatlarını səsləndirən erməni tərəfi unutmamalıdır ki, Azərbaycan heç zaman öz ərazisində qeyri-qanuni silahlı dəstələrin mövcudluğuna göz yummayacaq”.

Baş vermiş hadisəyə görə əsas məsuliyyətin Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağda qanunsuz erməni silahlılarının sərbəst fəaliyyətinə göz yuman digər qüvvələrin daşıdığını deyən R.Alıyev qeyd edib ki, Azərbaycan növbəti qisas əməliyyatına başlasa, bu Qarabağdakı ermənilər üçün çox pis nəticələr verə bilər: “ Nə qədər gec deyil, Ermənistan Qarabağdakı qanunsuz silahlı dəstələrini geri çağırmalıdır”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər