Separatçı rejim Xankəndi və ətrafında yaşayan ermənilərin Ermənistana getmələrini önləməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan məlumat verib.
Deputat qeyd edir ki, baş separatçı Samvel Şahramanyan dünən “iclas” çağırıb, onun əsas mövzularından biri ermənilərin Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana üz tutmaları olub.
Abramyan istisna etmir ki, gedənlərin arasında Ermənistan ordusunun Qarabağda yerləşdirilmiş hərbçiləri də var. O, bununla bağlı Azərbaycan mətbuatında yayılmış məlumatlara diqqət çəkib.
“Son vaxtlar bəzi insanların Ermənistana niyə getməsi məsələsi müzakirə mövzusuna çevrilib. Qeydiyyatlardan Qırmızı Xaç və ya Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedən bütün qruplar dəqiq müəyyən edilib”, - deputat bildirib.
Abramyanın sözlərinə görə, Qarabağı tərk edənlər arasında mülki şəxslər, Rusiya və Ermənistan vətəndaşları da var: “Müxtəlif şəxslər müxtəlif yollarla Qarabağı tərk edirlər”.
Abramyan Ermənistana üz tutanların sayının artması ilə bağlı başqa bir etirafedici məqama diqqət çəkib. O, qeyd edib ki, son günlər separatçılar arasında “insanlar Qarabağda qalmalı” kimi çağırışlar etməmələri barədə bir təkid formalaşıb. Abramyan separatçı rejimin çıxışa nəzarəti gücləndirməyə çalışdığını söyləyib.