Ermənistan-Azərbaycan prosesi ilə bağlı bir neçə açıq məsələ hələ də qalmaqdadır.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məhkəmənin fəaliyyətə başlamasının 26-cı ildönümü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub.
O bildirib ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bildirib:
"Ermənistanın Konstitusiyası ilə bağlı mühüm məqama toxunaraq dövlətimizin başçısı tam haqlı olaraq vurğulayıb ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması mümkün deyil.
Bu gün Azərbaycan dövləti və xalqı formalaşmış yeni reallıqlar şəraitində qürurla və inamla öz inkişafının növbəti, tamamilə yeni mərhələsinə qədəm qoyub. 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki nitqində dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, indi yeni dövr başlayır. Möhtərəm cənab Prezidentin qeyd etdiyi kimi, “biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq”.