16 Noyabr 2017 09:40
6 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD qruplaşmasının tərkibində də müsəlman ermənilərin döyüşməsi haqqında kifayət qədər məlumat vardır. Mətbuatda Suriya hadisələri zamanı xristian və şiə ermənilərin Bəşər Əsəd ordusunun tərkibində, sünni və sələfi ermənilərin isə İŞİD və rejimə müxalif qüvvələr içərisində qarşı-qarşıya gəlmələri və itkiləri, sələfi ermənilərin Ermənistana muzdlu döyüşçü qismində gəlmələrinin mümkünlüyü barədə xəbərlər yayılır. Lakin Eçmiədzin yenə də onların “zorən islamlaşdırılması” iddiasındadır. Yeri gəlmişkən, 2011-ci ildə, Qurban bayramı günü Yaroslavl məscidinin imam-cüməsi, erməni əsilli Əbdülməcid Həzrətin (Artur Manukyanın) öldürülməsində də erməni kilsəsinin izinin olmasına dair ehtimallar vardır. Artur Manukyan iki il idi ki, ailəsi ilə birlikdə Yaroslavl şəhərində yaşayırdı. İslam dinini qəbul etdikdən sonra “Əbdülməcid Həzrət” adını götürmüş, Özbəkistanda – Buxara mədrəsəsində ali dini təhsil almışdı. Kriminal xronikaya əsasən, 29 yaşında ikən Yaroslavl müsəlman icmasına başçılıq edən imam Əbdülməcid yaşadığı binanın giriş qapısında tapançadan atılan üç atəşlə qətlə yetirilmişdi.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Bununla belə, Türkiyədə yaşayan ermənilərin dini və siyasi liderləri kriptoermənilərin etnik və dini kimliklərinin bərpasında erməni-qriqorian kilsəsinin imkanlarına, bir çox hallarda “türkləşmiş ermənilər” adlandırdıqları müsəlman ermənilərə etimadsızlıq hissinin nə vaxtsa aradan qaldırılmasına böyük ümidlər bəsləyirlər. Hələ 2007-ci ildə İstanbulun sabiq erməni patriarxı Mesrop Mufatyan demişdir ki, 1915-ci il deportasiyası zamanı bir çox erməni islam dininə keçsə də, erməni kilsəsi onları vahid xalqın bir parçası kimi qəbul etməlidir. Onun postunu müvəqqəti əvəz edən arxiyepiskop Aram Ateşyan isə bəyan etmişdir ki, “Türkiyə qanunlarına görə, hər bir vətəndaş pasport şöbəsinə gedib dinini dəyişə bilər. Lakin bu, heç də o demək deyil ki, biz onu dərhal xristian erməni kimi tanımalıyıq! İstanbul kilsəsində altı aylıq dini kurslarımız fəaliyyət göstərir. Bu kurslar vasitəsilə həmin şəxslərin öz dini köklərinə qayıdışa nə dərəcədə hazır olduqlarını müəyyən edəcəyik. Bütün bunlardan sonra patriarxlıq onların həqiqətən də xristian erməni olmaları barədə sənəd təqdim edəcəkdir. İl ərzində İstanbulda 60-70 müsəlman erməni özünün xristian kimliyinə qayıdır”. O da maraqlıdır ki, vaxtilə “Türkiyə demokratikləşdikcə, insan hüquqları təmin olunduqca minlərlə insan öz dininə qayıdacaqdır” deyən A.Ateşyan bir müddət əvvəl ”müsəlman kürdlər” kimi tanınan bacısını və onun nəvələrini – 33 yaşlı Mesure Kaplanı və 28 yaşlı Cihan Beskisizi vəftiz edərək həm xristian, həm də erməni kimliklərinə qaytarmışdır. Mesure Kaplan “Hürriyət” qəzetinə müsahibəsində əvvəlki həyat tərzləri barədə demişdir: “Müsəlman qonşularımızın, iş yoldaşlarımızın içərisində müsəlman kimi yaşadıq. Hətta davranışımızla onlardan daha çox müsəlman olduğumuzu deyə bilərəm. Ailə içərisində, bizim kimilər arasında isə erməni kimliyimizi qorumağa çalışdıq”.

Lakin o da sirr deyildir ki, siyasiləşmiş qriqorian kilsəsi erməni xalqını birləşdirən vahid dini-mənəvi mərkəz statusunu və əvvəlki nüfuzunu tədricən itirməkdədir. Bundan başqa, özlərini “ən qədim xristianlar” hesab edən ermənilər arasında dini zəmində parçalanma meyli də artmaqdadır. Kilsəyə inamsızlıq, din xadimlərindən narazılıq təkcə Ermənistanda deyil, Türkiyədə də özünü göstərməkdədir. Məsələn, bir müddət əvvəl İstanbulda baş vermiş bir hadisə erməni icmasının narazılığına səbəb olmuşdur. Belə ki, bir nəfər kriptoerməni atasının vəsiyyətinə əsasən, onun cənazəsini xristian ayinləri ilə dəfn etmək üçün İstanbuldakı Surb Karapet kilsəsinə müraciət etmişdir. Lakin kilsədə həmin imkansız şəxsdən “göstərilən dini xidmət” müqabilində 8000 Türkiyə lirəsi tələb olunmuşdur. Kilsə hətta mərhumu nisyə dəfn etməyə də razılıq verməmişdir. Əlacsız qalan şəxs atasının cənazəsini məscidə aparmış və şəriət qaydalarına uyğun olaraq pulsuz torpağa tapşırmışdır.

“Kriptoermənilərin” İsa Məsih təliminə qayıdışına yönəlik istənilən səyləri təqdir edən və buna hərtərəfli yardım göstərən Eçmiədzin də müsəlman ermənilərin islam dininə mənsubiyyətlərini saxlamaq şərti ilə etnik identikliklərinə dönməsi istəyində səmimi deyildir. Bunun səbəblərindən biri ermənilərə münasibətdə formalaşmış “xristian dinini ilk olaraq qəbul etmiş xalq”, “islam Şərqində xristianlığın yeganə müdafiəçiləri” kimi saxta miflərin dağılması ehtimalıdır. Hətta şişirdilmiş rəqəmlərə görə, Yer üzündəki 10 milyon xristian erməninin sırasına hipotetik “4-10 milyon islamlaşdırılmış erməninin” əlavə olunması son nəticədə onların “monolit xristian xalq” obrazına nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərəcəkdir. Digər tərəfdən, qriqorian kilsəsinin dominant və “birləşdirici” funksiyası və əhali arasında mövqeyi də zəifləyəcəkdir. Eyni zamanda, “kriptoermənilərin” etnik və dini kimliklərinə qaytarılmasının siyasiləşdirilməsi təkcə Ermənistanda deyil, Türkiyədəki erməni icmasında kəskin fikir ayrılığı yaratmışdır. Məsələn, bir vaxtlar qətiyyətlə “ermənilər içərisində müsəlman olanlar erməni deyillər” ifadəsini işlədən arxiyepiskop Aram Ateşyan bu gün “müsəlman ermənilər probleminə” siyasi don geyindirilməsinin, xarici dövlətlərin, o cümlədən Ermənistanın bu məsələyə müdaxiləsinin Türkiyədə növbəti etnik gərginlik ocağının yaranmasına xidmət etdiyinə əmindir. Onu da əlavə etmək lazımdır ki, İstanbulun sabiq erməni patriarxı II Mesrop Mutafyan 2008-ci ildə “Habertürk”ə verdiyi müsahibədə Türkiyədə türklər və ermənilər arasında problemlərin yaşanmadığını, qriqorian kilsəsinin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmadığını bildirmiş və açıq şəkildə bəyan etmişdir: “Aramızı pozan missionerlər və Qərb dövlətləridir”.

Nisbətən praqmatik düşüncəyə malik olan və türk-erməni münasibətlərində barışdırıcı mövqe tutan, Eçmiədzinin Türkiyədəki daxili siyasi proseslərə müdaxiləsinə qarşı çıxan A.Ateşyanı Ermənistandakı və Türkiyədəki radikal erməni qruplaşmaları dəfələrlə “milli xəyanətkar” elan etmiş və onun din xadimi kimi istefası tələb olunmuşdur. Onu da xatırladaq ki, arxiyepiskop Almaniya Bundestaqının “erməni soyqırımı”nın tanınmasına dair təşəbbüsünü də qətiyyətlə pisləmiş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bu qərarın “erməni xalqında dərin təəssüf hissi yaratdığını” bildirmişdir. A.Ateşyanın belə mövqeyi Türkiyə cəmiyyətində “müsəlman ermənilər” məsələsinin həm də dinlərarası münasibətlər kontekstində ağrılı mövzu olduğunu göstərmişdir. Bununla belə, A.Ateşyan Türkiyənin Bugün TV kanalına verdiyi müsahibədə ölkə ərazisində bir milyon “gizli erməninin” yaşadığını, bu müsəlmanların təqribən 100 min nəfərinin ya atasının, ya da anasının erməni olmasını, boyunlarında xəlvəti xaç gəzdirdiklərini bildirmişdir. Arxiyepiskop əlavə etmişdir ki, Türkiyədə “müsəlman kürd” olaraq tanınan ermənilərin də bir qismi hazırda etnik və dini kimliklərinə qayıtmaq ərəfəsindədir.

“Erməni kimliyinə qayıdış” məsələsinin siyasiləşdirilməsinə və müsəlman ermənilərin kilsə ilə əlaqələrinin qurulmasına yönəlik hərəkatın fəalı, sabiq “mömin müsəlman” və eyni zamanda Diyarbəkirdəki Surb Kirakos kilsəsi dini şurasının katibi olan (?) Qafur Türkay isə bu fikirdədir ki, qriqorian kilsəsinin “islamlaşdırılmış ermənilərə” etimadsızlığı milli birliyin əldə olunmasına başlıca maneədir. Çünki “erməni identikliyi heç də dini əlamət deyil, yalnız etnik mənsubiyyətdir”. Ermənistanlı tədqiqatçı, siyasi elmlər doktoru Armen Ayvazyan isə əksinə, bu etimadsızlığın real əsaslara söykənməsinə, islam amilinin, o cümlədən “islamlaşdırılmış ermənilərin” həm Ermənistan, həm də xristian kimi identifikasiya edilən erməni xalqının formalaşmış obrazına ciddi ziyan vura biləcək təhlükə olmasına əmindir. Digər erməni tarixçisi Tamara Vartanyan da həmin fikirləri təsdiqləyərək bildirir ki, erməni identikliyi yüzilliklər boyu “kənar dinlərin heç bir müdaxiləsi olmadan” formalaşmışdır və islama tapınan ermənilərin hətta “müsəlman erməni” adlandırılması da qüsurlu sayılmalıdır: “Bu gün bizim qarşımızda milli identikliyin silinməsi təhlükəsi dayanır. Özlərini xristian kimi dərk etməyən və islam dininə tapınan ermənilərin bu gün erməni cəmiyyətinə inteqrasiyası Ermənistanın milli təhlükəsizlik maraqları üçün ciddi təhdiddir”. T.Vartanyan onu da əlavə edir ki, bu məsələdə ən vacib amil həmin ermənilərin Ermənistanı özlərinə “vətən” kimi tanıyıb-tanımamasıdır.

Paralel olaraq, islamın sinkretik ələvilik məzhəbinin də erməniləşdirilməsi istiqamətində fəaliyyət gücləndirilmişdir. Erməni əsilli jurnalist Ali Korkmaz “Arkadaş” qəzetində (09.05.2015) dərc olunmuş “Türkiye’de Ermeniler Azınlık Değil, Milyonlarca Ermeni Yaşıyor” məqaləsində qeyd edir ki, “Qərbi Ermənistan Milli Şurası”nın sədri Armenak Abramyan, şair Anjel Dikme, “Qərbi Ermənistan hökuməti”nin nümayəndəsi Armen Ter-Sarkisyan Türkiyə ermənilərinin etnik-siyasi vəziyyətinə həsr olunmuş bütün tədbirlərdə milyonlarla etnik erməninin təkcə bu ölkənin ictimai-siyasi və iqtisadi həyatına deyil, islam dininin məzhəb və cərəyanlarına da ciddi nüfuz etdiklərini vurğulayır, üstəlik guya “ermənilərin xristianlıqdan öncə mövcud olmuş və unudulmuş “Arev” (İşıq) dini”nin bu gün Şərqi Anadoluda ortaq inanc kimi qorunub-saxlanılmasına dair ağlasığmaz miflər yaradırlar. Məsələn, məqalədə qeyd olunur: “Biz ermənilər 301-ci ildən ilk xristian dövlət və millətiyik. TÜRKİYƏ İLK NÖVBƏDƏ ERMƏNİSTANDIR və erməni xalqı bütünlüklə xristianlığa tapınmalıdır. Bəzi ermənilər qədim dinlərində, məsələn, həmin dövrlərdə “işıq” dini olaraq tanınan dində qalmağı üstün tutublar… Ermənilərin qədim “Arev” dini də vardı, bu, daha sonra “Alevi” (Ələvi) kimi dəyişikliyə uğradı. Hazırda ələvilər erməni cəmiyyətinin “Arevi” dinindən gələn insanlardır”.

Türkiyəli istifadəçilərin sosial şəbəkədə yaydıqları məlumata görə, 2015-ci ildən etibarən həmşinlilərin sıx yaşadıqları Qara dəniz bölgəsinə (Rizə, Artvin, Samsun, Ordu, Trabzon, Giresun) Ermənistandan “etnoqraf”, “tarixçi” və “jurnalist” qismində gələn missioner və emissarların fəailiyyəti daha da intensivləşmişdir. Bəzi hallarda “etnoqrafik ekspedisiyalar” adı altında bölgəyə daxil olan emissarlar Qara dəniz regionunun “tarixi Ermənistan” əraziləri olması barədə təbliğat aparırlar. Təsadüfi deyildir ki, Türkiyədə fəaliyyət göstərən 30-dan çox həmşinli dərnəyi 2015-ci ildə Ermənistanın və erməni diasporunun bölgədəki gizli separatçılıq fəaliyyətinə kəskin etirazlarını bildirmiş və bunu yaxın gələcəkdə Ermənistanın rəsmi şəkildə Qara dəniz bölgəsindən torpaq tələb etmə ehtimalları ilə əlaqələndirmişlər. Onların yaydıqları birgə bəyanatda o da bildirilirdi ki, Ermənistan dövləti bu məqsədlə bölgədə özlərini etnik türk kimi identifikasiya edən müsəlman gənclər arasında “ermənilərin dini birliyinə” dair təbliğat aparır, bu mövzuda konfranslar təşkil edir, xüsusi təbliğat qrupları göndərir, müxtəlif vasitələrlə həmşinli ziyalıları ələ almağa çalışır.

Əslində, hələ xilafət yürüşləri dönəmindən etibarən qriqorian kilsəsinin “müsəlman ermənilər” amilinə ehtiyatla və inamsız yanaşmasının, hazırda isə yalnız qondarma “erməni soyqırımı”nın tanınması və mifik “Böyük Ermənistan” kontekstlərində istifadəsinin, ən nəhayət, onların etnik kimliyə qayıdışında xristianlığa dönmələrinin əsas şərt kimi önə çəkilməsinin səbəbləri vardır. Birincisi, qriqorian kilsəsinin siyasi proseslərə müdaxilə etməsi və milli birliyin təməli kimi mövqeyinin getdikcə zəifləməsi son dövrlərdə hətta Ermənistandakı xristian ermənilərin digər din və təfriqələrə, xüsusilə islama maraqları ilə nəticələnmişdir. Təkcə Rusiyada son illərdə islam dininə tapınan ermənilərin sayı yüzlərlədir. Moskvada, Qroznıda, Mahaçqalada, Krasnodarda, Maykopda, Soçidə, Sankt-Peterburqda müsəlman ermənilər (onların arasında gənclər çoxluq təşkil edir) şiə, sünni, sələfi icmalarına daxil olmuşlar. İŞİD qruplaşmasının tərkibində də müsəlman ermənilərin döyüşməsi haqqında kifayət qədər məlumat vardır. Mətbuatda Suriya hadisələri zamanı xristian və şiə ermənilərin Bəşər Əsəd ordusunun tərkibində, sünni və sələfi ermənilərin isə İŞİD və rejimə müxalif qüvvələr içərisində qarşı-qarşıya gəlmələri və itkiləri, sələfi ermənilərin Ermənistana muzdlu döyüşçü qismində gəlmələrinin mümkünlüyü barədə xəbərlər yayılır. Lakin Eçmiədzin yenə də onların “zorən islamlaşdırılması” iddiasındadır. Yeri gəlmişkən, 2011-ci ildə, Qurban bayramı günü Yaroslavl məscidinin imam-cüməsi, erməni əsilli Əbdülməcid Həzrətin (Artur Manukyanın) öldürülməsində də erməni kilsəsinin izinin olmasına dair ehtimallar vardır. Artur Manukyan iki il idi ki, ailəsi ilə birlikdə Yaroslavl şəhərində yaşayırdı. İslam dinini qəbul etdikdən sonra “Əbdülməcid Həzrət” adını götürmüş, Özbəkistanda – Buxara mədrəsəsində ali dini təhsil almışdı. Kriminal xronikaya əsasən, 29 yaşında ikən Yaroslavl müsəlman icmasına başçılıq edən imam Əbdülməcid yaşadığı binanın giriş qapısında tapançadan atılan üç atəşlə qətlə yetirilmişdir.

Hazırda Türkiyədə, Gürcüstanda, Livanda, İordaniyada, Suriyada, İranda, hətta Ermənistanda yaşayan yüzlərlə etnik erməni könüllü şəkildə islam dinini qəbul etmiş, müsəlman olmuşdur. Odur ki, təkcə qriqorian din xadimləri deyil, Ermənistanın politoloqları və alimləri də hazırda “müqəddəs kilsənin ağuşunu tərk edib digər dinləri qəbul edənlərə”, xüsusilə kütləvi şəkildə islam dininə tapınanlara (2014-cü ilədək MDB məkanında belələrinin sayı 5 min nəfər olmuşdur) görə narahatlıqlarını gizlətmirlər. Türkoloq Ruben Melkonyan isə bu barədə təəssüf hissini belə ifadə etmişdir: “Türkiyəyə köçmüş xeyli sayda erməni qadını orada türklərlə ailə qurmuş və könüllü olaraq islam dinini qəbul etmişdir. Biz bu məsələni mütləq öyrənməli və qarşısını almalıyıq. Əks-təqdirdə, 20-30 ildən sonra XXI əsrin əvvəllərində müsəlmanlaşmış ermənilər haqqında da tədqiqat aparmalı olacağıq”.

“Erməni məsələsi” kontekstində “islamlaşdırılmış ermənilər” mövzusunun fəallaşdırılması qondarma “erməni soyqırımı”nın daha bir “etnik-dini qurbanlarını” – “ərəbləşmiş ermənilər” məsələsini də gündəmə gətirmişdir. Halbuki Ermənistan alimləri və siyasətçiləri uzun müddət idi ki, bu qrupu diqqətdən kənarda saxlamış, hətta ən yaxşı halda öz tədqiqatlarında onlara epizodik yer vermişlər. İş burasındadır ki, digər müsəlman ermənilərlə müqayisədə bu qrup etnik əlamətlərini qismən saxlasa da, ərəb cəmiyyətinə sıx inteqrasiya olunaraq islam dininin, ərəb dilinin və mədəniyyətinin daşıyıcılarından birinə çevrilmişlər. Məsələn, Suriyadakı erməni əşirətlərindən birinin başçısı olan Şeyx Məhəmməd Mahmud Həkimyanın sözlərinə görə, “onlar həm müsəlman, həm də ermənidirlər”. Erməni tədqiqatçılarının iddialarına baxmayaraq, həmin “erməni-ərəblərin” böyük hissəsinin əcdadları islam dinini xilafət dövründə və ya Osmanlı dövləti dönəmində qəbul etmişlər. Hazırda onların arasında ələvilər də az deyildir. Türkiyədə isə ərəbləşmiş ermənilər əsas etibarilə ölkənin cənub-şərqində – Batman, Bitlis, Şirak və Muş bölgələrində yaşayırlar. Suriyanın şimal ərazilərində isə müsəlman ermənilər köçəri ərəb tayfalarına qaynayıb-qarışmış, bir hissəsi öz müsəlman əşirətlərini qurmuşlar.

(Ardı var)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər