20 Dekabr 2017 09:40
17 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Birinci Dünya müharibəsi illərində Vana doğru irəliləyən rus ordusu erməniləri üsyana sövq edib və onlar 1915-ci il may ayının 17-də şəhərə soxularaq dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədiblər. Ruslar isə üç gün gözləmə mövqeyi tutub və yalnız may ayının 20-də – qətliam başa çatdırıldıqdan sonra şəhərə daxil olublar. 1915-ci ilin may ayında Vanın işğalında iştirak edən rus zabiti bu barədə sonsuz sevinc hissini “Severyanin” imzası ilə Rostovda çıxan “Utro” qəzetində dərc etdirdiyi məqalədə belə bölüşürdü: “Van axır ki, müsəlman türkün vəhşi üsuli-idarəsindən və əsarətindən qurtuldu. Bölgə bundan sonra Rusiyanın təyin etdiyi vali tərəfindən idarə olunacaq. Van qəhrəmanı Aram (Aram Manukyan. Sərkis Hovanesyan adı ilə tanınır. Rusiyanın himayəsi altında Vanda erməni quldur dəstələrinin lideri. 1918-ci ildə Ermənistan Respublikasının ilk daxili işlər naziri olub) vali vəzifəsinə təyin olundu. O, bir çox erməni igidlərini başına toplayaraq könüllü birlik təşkil etmişdi. Erməni övladlarının ən yaxşıları indi silahlanıbdır. Bu, yeni bir ordudur. Müharibə meydanında erməni bayrağı əbədi müttəfiqi olan rus bayrağının yanında daşınacaqdır”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Lakin obyektivlik naminə deyək ki, Ermənistanda Ağtomar kilsəsinin bərpasını və açılışını təqdir edən fikirlər də səslənmişdi. Tanınmış erməni tarixçisi, İrəvanda fəaliyyət göstərən Tarixi-mədəni abidələrin mühafizəsi üzrə «Era» ictimai təşkilatının sədri Samvel Karapetyan Türkiyənin Ağtomar kilsəsini bərpa etməsi haqqında danışarkən aşağıdakıları etiraf etmişdir: «Əgər həqiqəti desək, mən bu işə həsəd aparıram. Təəssüf ki, hətta Ermənistanda qədim abidələrin bərpası bu keyfiyyətlə aparılmır. Arzu edirəm ki, elə bir gün gəlsin, bizdə də abidələrə Türkiyədə olduğu kimi böyük diqqət göstərsinlər». «İslamlaşdırılmış ermənilər» və prozelitizm mövzularını Ermənistanda gündəmdə saxlayanlardan biri – türkoloq Ruben Melkonyan isə Ağtomar kilsəsində dini ayinlərin keçirilməsini başqa bir aspektdə dəyərləndirmişdir. Onun sözlərinə görə, «Müqəddəs Xaç kilsəsindəki ilk ayinlər «erməni soyqırımı»nın qurbanları olan müsəlmanlaşdırılmış ermənilərin varislərini xeyli fəallaşdırmışdır. Təkcə Muş şəhərində kilsəyə 100 nəfər kriptoerməni gəlmişdir... Burada kilsə ayinlərinin keçirilməsi və insanların cəlb olunması türkləşmiş ermənilərdə özünüdərk hissinin oyanışına səbəb olacaqdır».

Ermənilərin Ağtomarla bağlı iddia və cığallıqları o həddə çatmışdır ki, açılışdan dərhal sonra günbəzində heç vaxt xaç olmamış kilsəyə qriqorian xaçının qoyulması da tələb edilmişdi. Doğrudur, Türkiyə hökuməti 2007-ci ildə dünyəvi dövlət olmasını, kilsənin həm də muzey kimi fəaliyyət göstərəcəyini əsas gətirərək bunu məqsədəuyğun saymamışdır. Lakin 2010-cu ildə hökumət «duanı geri oxumuş», erməni vətəndaşlarının və Ermənistanın istəklərinə həssaslıqla yanaşaraq onların bu arzusunu da ürəklərində qoymamışdır. Həmin il hündürlüyü təqribən 2 metr, ağırlığı isə 110 kiloqrama çatan metal xaç kilsənin günbəzinə bərkidilmişdir.

Ağtomar xristian məbədinin «erməni kilsəsi» adı ilə açılması, burada dini ayinlərin getdikcə siyasi xarakter alması Türkiyə cəmiyyətində birmənalı qarşılanmamışdır. Etirazların bir səbəbi kilsənin qədim dövrlərdə ermənilərə deyil, xristian türklərə aid olması barədə qənaətin cəmiyyət içərisində, xüsusilə Şərqi Anadoludakı türklər arasında geniş yayılması idi. Onlar həmin kilsəni ata-babalarının islam dinindən öncə tapındıqları inancın məbədi olduğunu əsas gətirərək, onun ilkin statusunun qaytarılmasını tələb edirlər. Digər səbəb isə Birinci Dünya müharibəsi və İstiqlal savaşı dövrlərində ermənilərin Vanda türk qadın və qızlara qarşı törətdikləri vəhşiliklə əlaqəlidir. Məhz bu cinayətlər nəticəsində Ağtomar el arasında «Təcavüz adası», «Namus adası» kimi də tanınmışdır. Arxiv sənədlərinə görə, türk əsgərləri ilə üzbəüz döyüşməkdən çəkinən ermənilər 1915-ci ildə əsir götürdükləri qız və gəlinləri bu adaya gətirmiş və bu gün açılışını «qələbə» kimi dəyərləndirdikləri Müqəddəs Xaç kilsəsi önündə namuslarına təcavüz etmişlər. Əlli türk qadını isə ismət və ailə şərəfini qorumaq üçün özünü Van gölünün sularına atmışdı. Bütövlükdə rus-erməni hərbi birləşmələrinin Van vilayətində törətdikləri cinayətlər nəticəsində bölgənin dinc müsəlman əhalisinin təqribən 62%-i – 80 min insan, o cümlədən uşaq, qadın və qocalar xüsusi amansızlıqla öldürülmüşdür.

Təsadüfi deyildir ki, Van ictimaiyyəti dəfələrlə Ağtomar adasında həmin türk qadınlarının şərəfinə abidə ucaldılması barədə təşəbbüs qaldırmışdır. Van ziyalıları adındın orta məktəb müəllimi Ləman Alp «Yeni Çağ» qəzetinə verdiyi müsahibədə «müsəlman qadınlarını Ağtomara aparıb namuslarını ləkələyən erməni quldurlarının nəvələrinin bu gün ibadət üçün həmin adaya gəldiklərini» vurğulayaraq, bölgə əhalisinin etirazını belə ifadə etmişdir: «Ermənilər şəhərə daxil olaraq gənc qız və qadınları zorla Ağtomara gətirmiş, burada onların namuslarına təcavüz etmişlər. Qadınların bir hissəsi qayıqlarda ikən namuslarını qorumaq üçün özlərini Van gölünə atmışdılar. O adada onların xatirəsi yaşayır». Ləman Alp onu da əlavə etmişdir ki, hələ 2000-ci ildə, kilsənin açılışından yeddi il əvvəl Van valiliyinə müraciət ünvanlamış, burada onların şərəfinə abidə ucaldılmasını təklif etmişdi. Lakin təəssüf ki, «Orada abidə ucaltmaq əvəzinə kilsəni açırlar».

Bundan başqa, Türkiyədə fəaliyyət göstərən bir sıra ictimai təşkilatlar, xarici ölkələrdəki Türkiyə və Azərbaycan diaspora təşkilatları da Ermənistanın və qriqorian kilsəsinin Ağtomar adasına və buradakı Müqəddəs Xaç məbədinə yönəlik siyasətinin kökündə qondarma «Qərbi Ermənistan ərazilərinin geri qaytarılması» iddiası ilə yanaşı, həm də ermənilərin Birinci Dünya müharibəsi illərində bölgənin müsəlman əhalisinə qarşı törətdikləri cinayətləri gizlətmək səylərinin dayandığını dəfələrlə bildirmişlər. Hətta Vanda «erməni ayinləri» əvəzinə erməni quldur birləşmələrinə əsir düşmüş və özlərini suya atmış müsəlman qadınların xatirəsinə Ağtomar adasında anma mərasiminin keçirilməsi, burada qiyabi cənazə namazının qılınması, Van gölü sularına tər qərənfillərin buraxılması təklif edilmişdi. 2014-cü ildə isə Türkiyədəki 14 ictimai təşkilatın İrəvana getmək və Göy məsciddə cümə namazı qılmaq barədə müraciətinə Serj Sərkisyan hökuməti rədd cavabı vermiş, həmin təşəbbüsün «dövlət siyasətinə zidd olmasını» bildirmişdir.

Van bölgəsi tarixən Qara dəniz bölgəsi və İran körfəzi arasında hərbi-strateji körpü rolunu oynamışdır. Səlib yurüşlərindən etibarən müxtəlif dövlətlər, o cümlədən Rusiya imperiyası Şərqə qapı olan bu əraziləri öz nəzarətlərinə götürməyə çalışmışdır. Heç də təsadüfi deyildir ki, Osmanlı dövlətinin son dönəmlərində Qərb və Rusiya missioner təşkilatları vasitəsilə bölgə əhalisini, xüsusilə xristianlığı öz təsir dairələrinə almaq məqsədilə fəaliyyətlərini intensivləşdirmişdilər. Onların ermənilər üçün açdıqları məktəblərdə «Böyük Ermənistanın bərpası» ideyası təbliğ olunur, gənclərə Osmanlı dövlətinə, islama və türklərə nifrət hissi aşılanırdı. Birinci Dünya müharibəsi illərində Vana doğru irəliləyən rus ordusu erməniləri üsyana sövq etmiş və onlar 1915-ci il may ayının 17-də şəhərə soxularaq dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmişdilər. Ruslar isə üç gün gözləmə mövqeyi tutmuş və yalnız may ayının 20-də – qətliam başa çatdırıldıqdan sonra şəhərə daxil olmuşdular. 1915-ci ilin may ayında Vanın işğalında iştirak etmiş rus zabiti bu barədə sonsuz sevinc hissini «Severyanin» imzası ilə Rostovda çıxan «Utro» qəzetində dərc etdirdiyi məqalədə belə bölüşürdü: «Van axır ki, müsəlman türkün vəhşi üsuli-idarəsindən və əsarətindən qurtulmuşdur. Bölgə bundan sonra Rusiyanın təyin etdiyi vali tərəfindən idarə olunacaq. Van qəhrəmanı Aram (Aram Manukyan. Sərkis Hovanesyan adı ilə tanınır. Rusiyanın himayəsi altında Vanda erməni quldur dəstələrinin lideri. 1918-ci ildə Ermənistan Respublikasının ilk daxili işlər naziri olmuşdu) vali vəzifəsinə təyin olundu. O, bir çox erməni igidlərini başına toplayaraq könüllü birlik təşkil etmişdi. Erməni övladlarının ən yaxşıları indi silahlanmışdır. Bu, yeni bir ordudur. Müharibə meydanında erməni bayrağı əbədi müttəfiqi olan rus bayrağının yanında daşınacaqdır».

Bu gün Ağtomarda dini mərasimləri «erməni və türklər arasında yaxınlaşma» adlandıran ermənilərin babalarının Vanda törətdikləri qəddarlıqlar və insanlıqdan kənar cinayətlər haqqında kifayət qədər tutarlı materiallar torplanmışdır. 1915-ci il jandarma alayı komandanının raportunda və xarici diplomatlara göndərilən məlumatlarda bildirilir:

- «Çarıksır kəndində ermənilər bir uşağı süngüyə keçirərək ocaqda quzu kimi qızartmışlar. Hadisənin şahidi olanlar onun cəsəd qalıqlarına da göstərmişlər. Ahorik və Azverik kəndləri arasında isə qarınları yarılmış və cinsiyyət üzvləri kəsilmiş dörd türkün cəsədi aşkar olunmuşdur».

- «Kavlık kəndində biri yeddi, digəri isə beş yaşında olan Fatma və Gülnar adlı iki qız ermənilər tərəfindən zorlanmışdı. Həmin kənddən olan Əli adlı 70 yaşlı qocanın çənə sümükləri süngü ilə sındırılmış və ağzına qoyulmuşdur».

- «Ahtoci kəndində Kemo adlı şəxsin arvadı Zəliha təndir başında çörək bişirərkən ermənilər həyətə daxil olmuş, onun altı aylıq uşağını təndirə atmış və bişirmiş, ətini isə anasına yedirtmək istəmişdilər. Ermənilər qadının bir ayağını təndirə salaraq yandırmışlar».

- «Həmin kənddə ermənilər bir çox türk uşağını kərmə (təzək) qalağı altına qoyaraq diri-diri yandırmışlar».

- «Ermənilər bir uşağımın başını gözümün qabağında kəsdilər. Qonşum Firdövs xanımın körpə oğlunun isə ruslar onun gözü önündə ayaqlarından tutub iki parça etdilər».

- «Ermənilər əsir götürdükləri müsəlman qadınları iki sıraya düzüb mahnı oxuyaraq özləri ilə apardılar. Onlara deyirdilər: «Qorxmayın, sizi Van valisi Cövdət Paşanın yanına aparırıq. O, sizi plova qonaq edəcək!». Sonra isə xorla oxuyurdular: «Cövdət Paşa, et tamaşa, gəlinlərin oldu matuşka!».

- «Qızların və qadınların qollarındakı bilərzikləri çıxarmaq üçün çox asan üsul tapmışdılar. Onların əllərini, qollarını kəsirdilər».

- «Şamran məhəlləsində 200 qadın və uşaq sığındıqları evdə diri-diri yandırılmışdılar».

- «Aksani və Hınıs kəndlərində 500 nəfər, Şeyhanə kəndində 200-ə yaxın uşaq və qadın məscidə doldurularaq diri-diri yandırılmışdılar».

- «Saray kəndi yaxınlığında əhali qılıncdan keçirilmiş, sulara atılaraq boğulmuş, Gevaş, Muskas kəndlərində isə 3000 nəfər qətl edilmişdir».

- «Vanda məscidlər, evlər, hətta içərisində yaralı və xəstələr olan xəstəxanalar yandırılmışdır».

İndi isə ermənilərin Ağtomar adasına və buradakı kilsəyə iddialarının nə dərəcədə «əsaslı» olması barədə. Bernard Şou deyirdi: «Yalançının cəzası başqalarının ona deyil, onun heç kəsə inanmamasıdır». Amma, görünür, bu fikirlər absurd erməni tarixşünaslığına, erməni məntiqinə aid deyildir. Belə ki, onlar əvvəlcə yalanı yaradır, başqalarını buna inandırır, sonra isə özləri inanmağa başlayırlar. Ağtomardakı Müqəddəs Xaç kilsəsinə dair uydurduqları «faktoloji materiallar» – onun güya «Qərbi Ermənistandakı Vaspurakan erməni şahlığının dönəmində, 915-921-ci illərdə hökmdar Qagik Arstuninin sifarişi ilə memar Manuel tərəfindən tikilməsi» barədə rəvayətlər də bu prinsiplərdən kənara çıxmamışdır. Odur ki, məbədin həqiqi sahiblərinin müəyyən edilməsi üçün ilk növbədə erməni tarixində və etnogenezində türk və yəhudi izlərinə, Ağtomar məbədində isə xristian türk və xristian yəhudi ənənələri gizləntilərinə aydınlıq gətirilməlidir.

Movses Xorenatsiyə əsasən, ermənilər, daha doğrusu, köçəri haylar Yəhudadan Babilistana, oradan da Ağrı dağının ətəklərinə sürgün edilən yəhudilərdir. O da məlumdur ki, eramızdan əvvəl 719-cu ildə romalılar Yəhuda şahlığını süquta yetirdikdən, əhalisini «Rəbbin vəd etdiyi torpaqlardan» qovduqdan sonra yəhudi nəsillərinin bir qismi Assuriya, Midiya torpaqlarına köçmüş, yerli əhaliyə qarışmışdır. Tövrata daxil olan «Yirmeyahu» kitabında yazılır ki, həmin əhali şimaldakı dağlıq ərazilərə aparılmışdır: «Onların üzəri göydən enən buludlarla örtüldü, arxalarında isə qara dağlar ucaldı». XI əsrdə yaşamış gürcü tarixçisi Leonti Mroveli də «Kartli hökmdarlarının həyatı» əsərində ermənilərin Babilistan kökənli olmasını, Rəbbin dərgahına çatmaq niyyəti ilə Babil qülləsinin tikintisində iştirak etdiklərini, Yaradanın yolunu azmış bəndələrə göndərdiyi cəzadan sonra sərgrədan olub Ağrı dağı ətrafına köç etdiklərini yazır. M.Xorenatsi «Tarix» kitabında maraqlı bir rəvayətə də toxunur. Belə ki, erməni padşahı Hraçey Babil hökmdarı Navuxodnosorun yanına gəlmiş və «öz sülaləsinə həqiqi hökmdar qanı əlavə etmək üçün» əsir götürülmüş yəhudi əsilzadələrindən birini – Şambatı (Sumbatı) alaraq «Ermənistana gətirmiş, burada ona böyük hörmət və ehtiram göstərmişdir». Şambat erməni əsilli şahzadə qızlardan biri ilə evləndirilmiş və bununla da Baqratunilər sülaləsinin əsası qoyulmuşdu. Yeri gəlmişkən, M.Xorenatsinin «Tarix» kitabının həm sifarişçisi, həm də «sponsoru» həmin sülalədən olan Saak (İshak) Baqratuni idi. Ermənilərin «zadəgan nəsilləri» kimi təqdim etdikləri aparıcı tayfaların bir hissəsi, məsələn, Amatunilər, Qnunilər (Qntunilər), eləcə də «ermənilərin subetnik qrupu» sırasına daxil edilən zoklar da yəhudi əsilli olmuşlar.

Təsadüfi deyildir ki, yəhudi mədəniyyətinin görkəmli nümayəndələrindən biri – bəstəkar və musiqi nəzəriyyəçisi Avraam Svi İdelson XIX əsrin əvvəllərinə kimi erməni-qriqorian kilsəsində dini ayinlərin icrası zamanı Babil və Yəmən yəhudilərinin kantilyasiyalarından (müqəddəs mətnlərin avazla qiraəti üçün vəznlərdən) istifadə olunduğunu bildirirdi. Ötən əsrin əvvələrində rus dilində nəşr edilmiş «Yəhudi ensiklopediyası» toplusunda isə yazılır: «Bəzi ermənilər öz xalqlarının yəhudi nəsillərindən törəndiyini deyir və adətləri arasında oxşar cəhətləri sübut kimi göstərirlər… Van vilayətində yaşayan 5000 yəhudidən yalnız 360-ı iudaizmə sadiq qalmış, qalanları isə erməni dinini qəbul etmişdir». Hazırda Türkiyədəki ermənilərin «pakardons» adlanan azsaylı dini icmasının yaşam tərzi və ənənələri bu mülahizələri təsdiqləməkdədir. Onlar özlərini «xristian» adlandırsalar da, Şabata (Şabbata – dünyanın yaranışının yeddinci günü. Tövrata əsasən, Rəbb Hz. Musa vasitəsiylə şənbə günü bəndələrinə istirahət etməyi buyurmuşdur) və iudaizmdən irəli gələn digər adətlərə dəqiq riayət edirlər. Ön Asiyaya sürgün edilmiş yəhudilərin bir hissəsi xristianlığı qəbul etdikdən sonra erməni mədəniyyətinin və qriqorian məzhəbinin formalaşmasında yaxından iştirak etmişdir. Belə ki, erməni folklorunda, memarlığında yəhudi etnik mədəniyyətinin elementləri özünü qabarıq göstərməkdədir. Bu baxımdan, Ağtomardakı Müqəddəs Xaç kilsəsinin divarları üzərindəki barelyeflərin bir hissəsi xristianlıqla, İsa Məsihlə əlaqəli olayları deyil, məhz Tövrat rəvayətlərini, yəhudi adət-ənənələrini özündə əks etdirir.

Digər hissələr isə qədim türklərə, bu bölgədə uzun müddət hökmranlıq etmiş xristian türklərə məxsusdur. Məsələn, barelyeflərdən savayı burada baş daşı kimi qoyulmuş xaçların böyük hissəsi və ən qədimləri erməni «xaçkarlarından» fərqli olaraq bərabərtərəflidir. Bərabərtərəfli xaçlar isə regionda yalnız Qafqaz Albaniyası Həvari kilsəsinə aiddir. Mərkəzi Asiyada Şimali və Cənubi Qafqazda aparılmış arxeoloji qazıntılar, etnoqrafik ekspedisiyalar təsdiq edir ki, həmin formalı «aça» və ya «haça» adlanan, «yoncalı», qoçbaşlı «qoçkar» (Mərkəzi Asiyada «kuçkar» və «koçkar») kimi tanınan rəmzlər qədim türklərdə Tenqri xanı simvolizə etmişdir. Maraqlıdır ki, Ağtomarda hansısa «naməlum qüvvələr» məhz həmin xaçların aşağı hissələrini, onları erməni dini atributundan fərqləndirən seqmentləri sındırmışlar…

Bu ərazilərdə – Anadoluda və Şərqi Qara dəniz bölgəsində türk tayfalarının məskunlaşmasına dair ilk məlumat eramızdan əvvəlki dövrlərə təsadüf edir. Gürcü mənbələrinə istinadən eramızdan əvvəl IV əsrdə həmin ərazilərin etnik mənzərəsində türk tayfalarının da yeri olmuşdu. Türkiyəli tarixçi İbrahim Tellioğlu bildirir ki, qədim Trabzonun şərqində – qıpçaqların hakimiyyəti altında olan bölgə gürcü mənbələrində «Saatabego», yəni «Atabəy yurdu» kimi tanınmışdı. Lakin bu ərazidə hökmranlıq etmiş qıpçaqlar haqqında məlumatın azlığı üzündən onlar «gürcü» kimi tanınmışdır. Trabzon yunan dövləti zamanında burada qıpçaq əhalisinin mövcudluğu barədə kilsə mənbələri də xəbər verməkdədir. Həmin mənbələrə əsasən, hətta Osmanlı dövləti dönəmində regionda 10-12 min arasında xristian türk yaşamışdır. Onların böyük hissəsi orta əsrlərdə islamı qəbul etmişdir. Məhz XVII-XVIII əsrlərdə onların boşalmış ibadət yerləri erməni-qriqorian kilsəsinin nəzarətinə keçmişdi. Beləliklə, məlum olur ki, müasir erməni tarixçiləri «Osmanlı dövlətində zorən islamlaşdırılmış ermənilər» dedikdə həmin icmanı da nəzərdə tuturlar.

Aşağıda Ağtomardakı Müqəddəs Xaç kilsəsi ilə bağlı erməni saxtakarlığının daha bir nümunəsini təqdim edirik. Məbədin üzərindəki atlı döyüşçü barelyefi haqqında erməni tarixçiləri bilərəkdən susmağı üstün tuturlar. Onun təsvirlərinə «qədim erməni memarlığına» dair kitablarda da rast gəlməzsiniz. Əslən istanbullu olan erməni tarixçisi və sənətşünası Sirapi Ter-Nersesyan da «Ermənistan, onun məişəti, dini və mədəniyyəti» əsərində təsvirin ünvanını göstərmədən atlı döyüşçünü «XIV əsrdə yaşamış erməni əmiri II Asanın» (diqqət edin: müəllif «Ermənistanın əmiri» ifadəsini işlətməkdən çəkinir) olduğunu iddia edir.

Əvvəlcə, «erməni əmirinin» xristian erməni antroponimlərinə xas olmayan «Asan» adı barədə. Bu məsələdə Sirapi Ter-Nersesyan tamamilə haqlıdır. Məlumdur ki, XII əsrdə Qarabağın dağlıq hissəsində xristian albanların Xaçın məlikliyi hakiminin adı erməni mənbələrində «Hasan Calal» kimi yazılmış, Azərbaycan tarixşünaslığında «Həsən Cəlal», rus və Avropa tədqiqatlarında isə «Qasan» və ya «Xasan» kimi ifadə olunmuşdu. Lakin professor Qiyasəddin Qeybullayevə görə, onun əsl adı «Əsən» olmuşdu. Ermənicə adın əvvəlinə «h» səsinin əlavə edilməsi və bu dildə «ə» səsinin olmaması üzündən «Hasan» şəklini almışdı. Nəticədə, qədim türkmənşəli olan və «sağlam», «gümrah», «güclü» anlamını verən «Əsən» antroponimi ərəb mənşəli «Həsən» adına çevrilmişdir. Əsən Calalüd-dövlənin babasının adı da Əsən idi. Bu adı ilkin orta əsrlərdə uyğurlarda «Asan», «Asan-tiqin», XIV əsrdə Bulqar xanı Asanın adı ilə də müqayisə etmək olar.

İkincisi, həmin kitabdakı qrafik şəkildə isə (2) orijinal təsvirə ciddi və kobud düzəlişlər edilmiş, qıpçaq döyüşçüsünün qıyıq gözləri, almacıq sümükləri, türk yəhərlərinə xas atributlar – tapqır, üzəngi, üzəngi qayışı, döşbaşı, yəhərqaşı, quşqun, qarınaltı, təkaltı, hətta quşqunundan (atın quyruğunun altından keçən qayış) asılan aypara fraqmenti, atlının uzunboğaz çəkmələri, kiriş (yay qaytanı) çəkən barmaqlarının vəziyyəti, ən nəhayət, qədim türk savaş sənətinə xas olan düyünlənmiş at quyruğu (şəhidliyə gedən döyüşçünün rəmzi) tamamilə silinmişdir. Bundan başqa, at quyruğu ilə bəzədilmiş qıpçaq tuğulğası (dəbilqəsi) Avropa tacı, üstü metal lövhəli zirehli sırıqlısı isə rahib geyimi ilə əvəz olunmuşdur.

Üçüncüsü, dünyanın bütün qədim silah mütəxəssislərinin «hilal» tipli «türk yayı» kimi tanıdıqları kompozit saka-hun yayı təsvirdə Avropanın sadə kamanına dəyişdirilmişdir. Bununla belə, S.Ter-Nersesyanın təsvirdə bilmədiyi üçün saxladığı əsas ox atışı elementi – ekspertlərin «türk qaydası» adlandırdıqları baş barmaq ilə yayçəkmə tərzi (kirişi baş barmaqla dartmaq) Ağtomar məbədi qurucularının və «əmir Asanın» «erməni mənşəli» olması barədə mülahizələri heçə endirir. Məlumdur ki, türk yaylarının «qatı» (sərt) olması üzündən kirişi və ya çiləni ((ipək saplardan hörülmüş yay qaytanını) «ibtidai» və ya bu gün də oxçuluq üzrə idman yarışlarında istifadə edilən «Aralıq dənizi» (Avropa) üsulu ilə çəkmək mümkün deyildi. Yayın dartqı qüvvəsi bəzən 80 kiloqrama çatırdı. Kimmer və saka-skif dönəmindən regionda yayılan bu yayların və ox atışında türk üsulunun təsvirlərinə Manna, Midiya barelyeflərində, antik dövrlərə aid kimer, skif-saka təsvirlərində, Mərkəzi Asiyanın qayaüstü təsvirlərində, Osmanlı və Səfəvi miniatürlərində geniş rast gəlmək mümkündür.

Ən nəhayət, atlının geriyə ox atışı haqqında. Bu üsul da Avropa mütəxəsisləri arasında «skif metodu», «türk oxçuluq qaydası» kimi tanınır. Azərbaycan oxçuluq sənətində isə ona «qıyqacı» deyirlər. Aşağıdakı təsvirləri Ağtomar barelyefi ilə müqayisə edin. Ortaq türk hərb sənətinin ayrı-ayrı dövrlərini əhatə edən rəsmlərlə «erməni əmiri II Asanın» təsviri arasında süjet və kompozisiya eyniliyi ilk baxışdan nəzərə çarpır. Onların arasında konstruktiv fərq yoxdur. Məsələn, bütün rəsmlərdə kompozit türk yayı, bir çoxunda atların düyünlənmiş və ya hörülmüş quyruqları yer almışdır. Bundan başqa, antik qab üzərindəki kimer atlısı ilə XVII əsr qızılbaş oxçusu təsvirləri sanki eyni mənbədən qaynaqlanmışdır.

İndi isə ermənilərin «Axtamar» dedikləri toponim haqqında. Məlumdur ki, hər hansı bir etnos yeni ərazidə məsunlaşdığı zaman ilk növbədə təhlükəsizliyi və yaşayışı üçün əhəmiyyətli olan oriyentirlərə – dağ və göllərə, örüşlərə, çaylara öz dilində adlar verir. Ermənilər bu əraziləri özlərinə «tarixi vətən» bilsələr də, bölgənin bir çox toponiminə erməni dilində yozum verə bilmirlər. Eyni zamanda «Axtamar» sözünün də erməni dilində izahı yoxdur. Bu kəlməni erməni şairi və yazıçısı Hovanes Tumanyanın müəllifi olduğu həmin sentimental rəvayətin personajı – kasıb bir oğlana aşiq olmuş dünya gözəli Tamar adlı qızın adı ilə əlaqələndirirlər. Rəvayətə görə, bu ərazilərdə Artaşes adlı erməni hökmdarının (?) qızı Tamar və Azat adlı erməni gənc (başqa cür ola bilməzdi!) bir-birini sevdikləri halda qəddar Artaşes onların izdivacına razılıq verməmiş, Tamarı Van gölündəki «adsız» adaya sürgün etmişdi. Lakin Van gölünün suları da onların məhəbbətinə mane ola bilməmişdi. Tamar hər gecə sahildəki təpələrə çıxaraq məşəl tutur, Azat isə onun işığına doğru üzərək sevgilisi ilə qovuşurmuş. Beləcə xeyli vaxt keçir. Günlərin birində güclü külək Tamarın əlindəki məşəlin odunu söndürür. Ada qaranlığa qərq olur. Lakin Azat inadından dönmür, sevgilisinə doğru üzməyə davam edir. Lakin dalğalara sinə gərə bilmir və yorulur. Son anda «Ax (Ah) Tamar» deyib Vanın qaranlıq sularında qərq olur. Külək Azatın son pıçıltılarını ətrafa yayır. Azatın nakam ölümündən sonra Artaşes qızını ömürlük sarayda həbs etdirir. Tamar isə matəm əlaməti olaraq həyatının sonunadək qara yaylığını başından açmır. Yeri gəlmişkən, ermənilər mənimsəmək istədikdəri «Sarı gəlin» Azərbaycan xalq mahnısının məhz «Axtomar» dastanı əsasında yaradıldığını da iddia etməkdədirlər.

Əslində isə Türkiyədə «Akdamar» və ya ermənilərin tələffüz edib izahını bilmədikləri kimi «Axtamar» ifadəsinin kökündə dayanan «Ağtomar», yaxud da «Aktomar» toponiminin həqiqi yozumunun açarı Van gölündən xeyli uzaqda, hələlik «Böyük Ermənistan əraziləri» iddiasına daxil olmayan Mərkəzi Asiyada – Qazaxıstan çöllərindədir. Burada Qarasu və Kuanış çaylarının qovuşacağında (Yerementau rayonu) Ağtomar bataqlığı, Burabay rayonunda Aktomar subasarı, Yesil və Nura çayları arasında Şolaktomar gölü,469 May rayonunda isə suyu duzlu olan Ağtomar gölü vardır. Bundan başqa, Qazaxıstanın müxtəlif guşələrində Aymanbulaktomar, Bulaktomar hidronimləri də geniş yayılmışdır. Qazax dilinin onamastika lüğətlərində isə «aktomar» ifadəsinə «gölün, bataqlığın içərisində təpə, yaşıllıqlarla örtülmüş ada», «ağ torpaqlı təpəcik» kimi yozulur. «Tomar» sözünün qədim türk dillərində «ağac qabığından hazırlanmış sarı boyaq maddəsi», «ağac kötüyü» kimi izahları da vardır. Bundan başqa, bu söz Mərkəzi Asiyanın türk xalqlarının leksikasında «yazılı dua», «bükülü fərman» anlamını verir. Orta əsrlərdə Osmanlı dövlətində sultan tərəfindən hədiyyə qismində verilən torpaq sahəsinə «tomar» deyirdilər.

(Ardı var)


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər