28 Dekabr 2017 09:40
15 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

…erməni təbliğatı sayəsində özünün etnik kimliyini dini identikliyə qurban verən erməniləşmiş tatlardan biri – şair Amiram Qriqorov hazırda Moskvada yaşayır. İxtisasca biofizik olan A.Qriqorov özünü “erməni-qriqorian məzhəbli etnik tat”, “erməni dünyasının bir parçası” adlandırır, soyadının isə əslində “Qriqoryan” olmasını fəxrlə bildirir. Onun sözlərinə görə, əcdadları vaxtilə Dağıstandan Azərbaycana köç edib, Quba və Oğuzda məskunlaşıb, sonra isə Bakıya gəliblər. Hazırda Moskvadakı İ.Seçenev adına Tibb Akademiyasında fizika və riaziyyatdan dərs deyən Amiramın dediklərinə inansaq, “şairlik vergisi ona ilahi tərəfindən 1990-cı ildə – “Bakıda ermənilərə qarşı haqsızlıqların şahidi olduqdan sonra” verilib. Müsahibəsində göstərildiyi kimi, köksündə ”erməni ruhlu incə şair qəlbi” döyünən, “xalqlar arasında sülh və humanizm ideyalarını tərənnüm edən” biofizik Amiram Qriqorovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dediklərinə diqqət yetirək: “Mən münaqişənin həlli barədə danışmaq istəmirəm. Amma müharibənin yenidən başlamasını arzulayıram. Əgər Ermənistanın kifayət qədər gücü olarsa və Azərbaycana sarsıdıcı zərbələr vurarsa, Bakı bir daha ermənilərlə döyüşməyə risk edə bilməyəcək”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?

“Başsız börk bulmas, tatsız türk”

Mahmud Kaşğari

Tatlar bu gün İranın Gilan və Qəzvin əyalətlərində, Tehranda, Dağıstanın cənubundakı Gimeydi, Biləci, Bilqadi, Rükel kimi kəndlərdə, Dərbənd şəhərində və onun ətraf kəndlərində, Azərbaycanda isə əsasən Xızı, Şabran, Quba, Şamaxı və İsmayıllı rayonlarında, Bakı şəhərinin Balaxanı və Suraxanı qəsəbələrində yaşayırlar. Bununla yanaşı, paytaxtda özlərini «dağlılar» kimi identifikasiya edən Xızı-Bərmək tatlarının kompakt şəkildə məskunlaşdıqları və öz adət-ənənələrini, yaşam tərzlərini qoruyub-saxladıqları etnik məhəllələr də vardır. Yeri gəlmişkən, tat etnoniminə Şimali Qafqazda, Krımda, Mərkəzi Asiya və Sibirdə, Macarıstanda da rast gəlinir. Tatlar XX əsrin 90-cı illərinə kimi Qərbi Azərbaycanda – Zəngəzurda da yaşayıblar. XIX əsr müəllifi olan rusiyalı qafqazşünas, etnoqraf və linqvist Sergey Zelinski Azərbaycan türkləri ilə qaynayıb-qarışmış həmin tatlar haqqında bunları yazırdı: «Özlərini «tat» adlandıran daha bir tatar (Azərbaycan türkləri) tayfasını da qeyd etməliyəm. Onlar qəzanın (Zəngəzurun – A.Q.) Mehri sahəsində dövlətə məxsus kəndlərdə məskunlaşmış və tatar tayfalarının başa düşmədiyi ayrı ləhcədə (dildə) danışırlar».

Tat tayfalarının İran ərazilərindən Cənubi Qafqaza miqrasiyasına dair tədqiqatlarda onların İrandan Cənubi Qafqaza ilk gəlişinin eramızdan əvvəl 558-330-cu illərə – Əhəmənilər sülaləsinin hakimiyyətdə olduğu dövrlərə təsadüf etdiyi bildirilir. Lakin tatların kütləvi şəkildə eramızın III-VII əsrlərində Sasani hökmdarları tərəfindən buraya köçürülməsi haqqında da fikirlər vardır. Tanınmış tarixçi və şərqşünas Vladimir Minorskinin qənaətinə görə, sasanilər imperiyanın şimal ərazilərini hücumlardan qorumaq üçün tatların əcdadlarını Xəzərin cənub-qərb sahillərindən Dərbəndə kimi uzanan ərazilərdə məskunlaşdırmış, burada yaşayış məntəqələri, hərbi qarnizonlar, istehkam qurğuları yaratmışdılar. Azərbaycanlı tarixçi-etnoqraf Məhəmməd Həsən Baharlı (1896-1937) tatların Cənubi Qafqaza İranın İsfahan, Təbəristan, Lahican, Şüzistan ərazilərindən köçülməsini eramızın IV əsrinə – Sasani hökmdarları Yəzdəgirdin və Xosrov Ənuşirəvanın dörvünə təsadüf etdiyini, onların burada hərbi-siyasi qüvvəyə çevrildiyini vurğulayır. Yeri gəlmişkən, Xızı rayonunun və İsmayıllı rayonundakı Lahıc kəndinin İranın Lahican və Xuzistan əyalətlərinin adları ilə bağlı olduğu bildirilir. Rəvayətə görə, Sasani hökmdarı I Keyxosrov hakimiyyətdən əl çəkərək buraya gəlmiş və əsrarəngiz təbiət onu o qədər valeh etmişdir ki, dağların qoynunda kənd salaraq onu Lahican əyalətinin şərəfinə «Lahıc» adlandırmışdır. Hətta I Keyxosrovun ömrünün sönunadək burada yaşaması və Lahıcın qədim kənd qəbiristanlığında dəfn olunması da iddia edilir.

Azərbaycanda yaşayan tatların təəssüf ki, az öyrənilən etnik qrupu onların xristian dininə etiqad edənləridir. XVIII-XX əsrlərə aid yazılı mənbələrdə «xristian tatlar» və «qriqorian tatlar» adlandırılan bu qrup Alban kilsəsinin süqutundan sonra erməni-qriqorian məzhəbinə tapınmağa, hay etnomədəni məkanına daxil olmağa məcbur edilmiş, dini mənsubiyyət tədricən onların milli özünüdərk hissini üstələmiş və əsas hissəsi ermənilərin assimilyasiyasına məruz qalmışdı. Xristian tatlar ötən əsrin sonlarınadək Şamaxının Mədrəsə və Şabran bölgəsinin Kilvar kəndlərində yaşayıblar. Erməni ad və soyadlarını daşıyan bu insanlar 1990-1991-ci illərdə Azərbaycanı tərk edərək Ermənistana köçmüş və orada Dperavan (Yeni Mədrəsə) kəndini salmışlar. Qeyd edək ki, Şamaxı rayonunun Ləngəbiz silsiləsinin ətəyində yerləşən Mədrəsə kəndində hazırda Ermənistandan zorən çıxarılmış Azərbaycan türkləri yaşayırlar. Şimali Qafqazda məskunlaşmış xristian tatların digər qrupu əsasən erməni dilində danışsa da, yaşlı nəslin nümayəndələri «parseren» (fars dili) adlandırdıqları ana dillərini hələ də unutmayıblar. Yaxın və Orta Şərqin qədim xalqlarından olan tatlar məskunlaşdıqları regionlarda fərqli adlarla, məsələn, İranda «tati», XIX əsr Rusiyasında «Qafqaz farsları», «perslər», Azərbaycanda isə «tat», «dağlı», «lohicihon», «pars» kimi tanınırlar. Ermənilər onlara «taçkahay» deyirlər. Hind-Avropa dilləri ailəsinin İran qrupuna aid olan qədim tat dili (zuun tati, zuhun tati, zuban tati) fars, tacik və dari dillərinə daha çox yaxındır. Lakin tat dilinin bu dillərdən daha qədim olması, parf dilinə xas olan leksik və qrammatik elementləri qoruyub-saxlaması haqqında da elmi qənaətlər vardır.

Tarixi mənbələrdən o da məlumdur ki, Qafqaz Albaniyasının əhalisi türkdilli, irandilli və qafqazdilli tayfalardan ibarət olmuşdur. Müxtəlif tarixi proseslər nəticəsində əhalinin böyük qismi, o cümlədən irandilli tayfalar xristianlığı, sonralar isə onların əhəmiyyətli hissəsi islam dinini qəbul etmişdir. Məlumdur ki, Alban Həvari kilsəsi 1836-cı ildə Rusiya imperatorunun fərmanı ilə erməni-qriqorian kilsəsinin tabeçiliyinə veriləndən sonra fəaliyyətini tamamilə dayandırmalı olmuşdu. Nəticədə, xristian albanların bir hissəsi ata-baba inanclarını qorumaq məqsədilə gürcü kilsəsinə sığınmış, digər hissəsi islam dininə tapınmış, qalanları erməni-qriqorian məzhəbini qəbul etmişdilər. Tədqiqatçıların bir çoxu, o cümlədən Azərbaycan alimi Qəmərşah Cavadov haqlı olaraq tatların dini mənsubiyyət əsasında bölünməsini qüsurlu saymış, müxtəlif dinlərə tapınan tatları vahid etnosun nümayəndələri hesab etmişdir. Dini bölgü baxımından bu gün tatların əsas hissəsi müsəlman-şiələr, Dərbənd ətrafındakı bəzi kəndlərdə yaşayanlar isə sünnilərdir. Hazırda Şimali Qafqazda və Ermənistanda məskunlaşan xristian tatlar isə qriqorian məzhəbinə tapınıblar.

Qafqaz Albaniyası dövlətinin varislərindən biri sayılan və müasir Qarabağ ermənilərinin etnogenezinin formalaşmasında iştirak edən tatların bu gün «milliləşdirilməsi», onların «farslaşmış ermənilər» və ya «türkləşmiş xristian ermənilər», ən nəhayət, «islamlaşdırılmış və farslaşmış ermənilər» kimi tanıdılması kampaniyası hazırda Ermənistan etnoqraflarının növbəti saxtakarlıq səylərindən biridir. Bu səylərdə bir məqsəd də Azərbaycanda tatlar və türklər arasında süni etnik qarşıdurmanın yaradılmasıdır. Bu tipli siyasi mifləri gündəmdə saxlayan erməni etnoqraf və tarixçilərinin bütün cəhdlərinə baxmayaraq, onlar həmin etnik-dini qrupun elmi-siyasi ədəbiyyatda necə adlandırılması barədə hələ də ortaq qənaətə gələ bilməyiblər. Belə ki, bir tərəfdən qriqorian kilsəsinin və «erməniliyin» doqmalarının toxunulmazlığının təmin edilməsinə, digər tərəfdən qonşu İranla münasibətlərə xələl gətirə biləcəyinə baxmayaraq, ermənilər «tat ermənilər», «erməni tatlar», «fars ermənilər», «erməni farslar», «irandilli ermənilər», «tatdilli ermənilər», «xristian tatlar» və ya «qriqorian tatlar» kimi absurd terminləri təkidlə elmi-siyasi dövriyyədə saxlamaqdadırlar.

Ermənistandakı «Qafqaz» İnstitutunun eksperti Eduard Abramyan «müsəlman dənizində kiçik damla olan, Şirvanın cəmi üç kiçik kəndində yaşayan» xristian tatların etnik erməni olmamalarına əmindir və onların «erməniləşməsini» uzaq keçmişlə deyil, 1918-ci ildə baş vermiş hadisələrlə əlaqələndirir: «Erməni qaçqınları həmin hadisələr zamanı tat kəndlərinə sığınmış, yerli əhali isə onlardan xristianlığın erməni tipini - monofizitliyi mənimsəmişdir». Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı, eyni zamanda İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində dərs deyən Arman Akopyan isə fərqli düşünür. O, Ermənistanda populyar olan etnosiyasi mifi əsas götürərək, tatları, o cümlədən xristian tatları «erməni etnosunun tarixi hadisələr nəticəsində farsların dilini mənimsəmiş ayrılmaz hissəsi» adlandırır. O, «Tatdilli ermənilər. «Ermənilikdən» «erməniliyə» doğru on beş əsr» məqaləsində yazır: «XVIII-XX əsrlərə aid tarixi mənbələrdə və elmi nəşrlərdə ilk dəfə olaraq «tatdilli ermənilər», «erməni tatlar», tat ermənilər», «xristian tatlar» və «qriqorian tatlar» ifadələri yer almağa başlamışdı. Onlar Dərbənddən Abşerona doğru geniş ərazilərdə yaşayıblar. XVIII əsrin sonlarında general V.Zubovun yürüşləri zamanı isə Dərbənddə və Qubanın Müşkür kəndində yaşamış tatdilli ermənilər rus qoşunları ilə birlikdə Rusiyaya getmiş və orada məskunlaşmışlar». Diplomat-etnoloq A.Akopyan da təkcə «tatdilli erməniləri» deyil, bütövlükdə islam, iudaizm və xristian dinlərinə tapınan bütün tatları «erməni xalqının subetnik qrupu» adlandırmaqla onların vaxtilə bütün «qədim Ermənistan ərazisində» yaşadıqları iddiasındadır. Belə ki, «tatlar qədim erməni etnosunun bir zərrəsidir» kimi paranoik ideyaları əldə bayraq edən «alimlərdən» biri kimi A.Akopyan «Erməni tatlar. Onlar kimdir?» adlanan digər məqaləsində iddia edir ki, tatlar «erməni etnik bazasının əsasında formalaşan və sonralar assimilyasiyaya məruz qalan qədim ermənilərdir. Onların əcdadları eramızın VI əsrində Sasani hökmdarlarının fərmanı ilə iranlı köçkünlərlə birlikdə Cənubi Qafqazın şimal-şərqində (yəni Azərbaycanda – A.Q.) və Cənubi Dağıstanda yerləşdirilmiş erməni döyüşçüləri olmuşlar».

A.Akopyan bu tipli sayıqlamaları əsaslandırmaq məqsədilə Azərbaycanda «erməni tatlarla» müsəlman tatlar arasında etnik bağlılığın olması mifini uydurmaqla, eyni xalqın din ayrı nümayəndələrinin tarixən bir-birinə kin və ədavət bəslədiklərini bildirir. A.Akopyan və onun həmfikirləri müsəlman tatları «türkdən dönmələr» adlandırmaqla, 1918-ci ilin qanlı hadisələrinə dair növbəti erməni uydurmasını «tarixi sübut» kimi qələmə verməyə çalışır. Belə məlum olur ki, guya Şamaxı bölgəsinin Əngixaran kəndində yaşayan müsəlman tatlar Mədrəsə kəndində yaşayan «məsum və günahsız erməni tatlara» aramsız basqınlar etmiş, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirirmişdilər. Nəticədə, erməni tatların səbri tükənmiş və erməni-daşnak birləşmələri ilə birlikdə Əngixarana hücum edərək 72 nəfər müsəlman tatı öldürmüşlər. Müəllifin sonra yazdıqları isə onun məntiqinin və Cənubi Qafqazın etnoqrafiyası, tatların etnogenezi haqqında bilgilərinin hansı səviyyədə olduğunu göstərir: «Sonralar Mədrəsə tatları qətlin törədildiyi əraziyə «tacikküştə» (farsca – taciklərin öldürüldüyü yer) deməyə başlamışlar. Çünki onlar türklərə həmişə «tacik» (?) deyirdilər».

1999-cu ildə Arman Akopyan Ermənistanda məskunlaşmış Mədrəsə tatlarının törəmələri ilə görüşmüş, 1918-ci ildə erməni-daşnak birləşmələrinin Şamaxıda törətdikləri qırğınlarda onların babalarının iştirakı haqqında məlumat toplamışdır. Həmin materiallardan məlum olur ki, Mədrəsə kəndi erməni hərbi birləşmələrinin Şamaxıda əsas dayaq məntəqəsi olmuş, «lakin Osmanlı və Müsavat ordularına üç günlük müqavimət göstərdikdən sonra ərazini tərk etmişlər… 1918-ci il hadisələrində tatdilli ermənilər Şamaxının erməni kəndlərinin sakinləri ilə həmrəy olmuş, qaçqınlara sığınacaq vermişlər. Ermənilərin ərazidən təhlükəsiz yerlərə çıxarılması zamanı isə molokanlar onlara yaxından yardım etmiş, «müsəlmanlara» və «türklərə» qarşı birgə mübarizə aparmışdılar». Arman Akopyan onu da əlavə edir ki, «tatdilli ermənilər» və regionun digər erməniləri «müsəlman» və «türk» ifadələri arasında fərq qoymur, hətta müsəlman tatları da bu cərgəyə qatırdılar. Yaşlı respondentlərdən birinin sözlərinə görə, «Andranik bizim kəndə gəlmişdi… Mənim atam Andranikin alayında xidmət edirdi… Ətrafdakı yeddi erməni kəndinin əhalisi bizim kəndə yığışmışdı… Sonra Bakıya qaçdıq, oradan Krasnovodska, Mərkəzi Asiyaya getdik… 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra geriyə qayıtdıq… Molokanlar bizə çox kömək etdilər».

A.Akopyanın sözlərinə görə, Azərbaycan türklərinin bir hissəsi də əslində həmin tat dilində danışan ermənilərin varisləri sayılmalıdır. Belə ki, XV-XVI əsrlərdə Cənubi Qafqaz regionunun sürətlə islamlaşdırılması və türkləşməsinə baxmayaraq, «tatdilli qrup uzun müddət bu proseslərə ciddi müqavimət göstərərək xristianlığı qoruyub-saxlaya bilmişdi». Müəllif yazır: «Tat dili həmin qrupun etnik dili olmamış, sadəcə olaraq xristian dini ilə birlikdə erməniliyin mühafizəsinə xidmət etmişdi. Sonralar regionun türkləşməsi nəticəsində türk dili bu qrupun ikinci dilinə çevrilmiş, regionun bütün xalqlarının, o cümlədən tatca danışan ermənilərin qarşılıqlı ünsiyyət vasitəsi olmuşdu. Nəticədə, xristian dini (qriqorianlıq) bu qrupda erməni identikliyinin sonuncu əlaməti olaraq qalmışdı… Tatdilli ermənilər həmişə «özgə» dedikdə türk obrazını göz önünə gətiriblər». O, Şabran rayonunun Kilvar kəndində yaşamış «tatdilli ermənilərin» özlərini «həqiqi etnik tat» kimi identifikasiya etmələrinə, buradakı türklərin də guya tat kökənli olmalarına eyham vuraraq bunları bildirir: «Onlardan hansı dildə danışdıqlarını soruşanda «tat dili» və ya «farsi» cavabını verirlər. Kilvarlıların təsəvvüründə tat dili ermənilərin, yəhudilərin (cuhurların, dağ yəhudilərin) və türklərin ana dilidir. Belə ki, müsəlman tatları bəzən «tat» adlandırsalar da, kilvarlılar öz aralarında onlara «türk» və ya «azərbaycanlı» deyirlər… Başqaları başa düşməsin deyə, türk müsəlmanları (Azərbaycan türklərini) tatca gizli adla - «moğul» deyə çağırırlar. Tat-azərbaycanlıları da belə adlandırırlar». Erməni xislətini gizlədə bilməyən Arsen Akopyan «tatdilli ermənilərin» belə konspirasiyaya ciddi riayət etmələrinin səbəbini bu cür izah edir: «Görünür, bütün bunlar tarixi dərsin və həyat təcrübəsinin, düşmənlə (Azərbaycan türkləri ilə) yanaşı yaşamağın nəticəsidir».

Rusiyalı linqvist Aleksа́ndr Qryunberq Ermənistan alimlərinin əlindən su içərək onlarla həmrəylik nümayiş etdirmiş, qriqorian tatların «Azərbaycanda təqiblərə, «assimilyasiyaya məruz qalmış ermənilər» olması qənaətinə gəlmişdir. Onun sözlərinə görə, tatlarla yanaşı Cənubi Qafqazda yaşayan ermənilər və yəhudilər də tat dilində danışırdılar. Bu isə tat dilinin müxtəlif dialektlərinin formalaşmasına səbəb olmuşdu: «XV əsrdən etibarən bölgənin erməni əhalisi müsəlman çoxluğun təsiri altında tat dilinə keçmiş və sonralar bu insanlar elmi ədəbiyyatda süni terminlə «erməni tatlar» adlandırılmışlar. Onlar tamamlə erməni etnik kimliyini, erməni ad və soyadlarını qoruyub-saxlamışlar». Digər rusiyalı şərqşünas Mixail Çelnov da həmin anti-Azərbayan, antitürk mövqeyini bölüşənlərdən biridir. O, «Qafqazdakı tatlar: bir etnonimin ağır taleyi» başlıqlı məqaləsində yazır: «Ötən əsrin 90-cı illərində xristian tatlar Azərbaycanın erməni əhalisinin ağır taleyini bölüşməli olmuşlar. Onların bir hissəsi indi Şimali Qafqazda yaşayır, digər hissəsi isə Ermənistana qaçmışdır. Hazırda orada erməni cəmiyyətinə sürətlə inteqrasiya edirlər».

Erməni təbliğatı sayəsində özünün etnik kimliyini dini identikliyə qurban verən erməniləşmiş tatlardan biri – şair Amiram Qriqorov hazırda Moskvada yaşayır. İxtisasca biofizik olan A.Qriqorov özünü «erməni-qriqorian məzhəbli etnik tat», «erməni dünyasının bir parçası» adlandırır, soyadının isə əslində «Qriqoryan» olmasını fəxrlə bildirir. Onun sözlərinə görə, əcdadları vaxtilə Dağıstandan Azərbaycana köç etmiş, Quba və Oğuzda məskunlaşmış, sonra isə Bakıya gəlmişlər. Hazırda Moskvadakı İ.Seçenev adına Tibb Akademiyasında fizika və riaziyyatdan dərs deyən Amiramın dediklərinə inansaq, «şairlik vergisi ona ilahi tərəfindən 1990-cı ildə – «Bakıda ermənilərə qarşı haqsızlıqların şahidi olduqdan sonra» verilmişdir. Müsahibəsində göstərildiyi kimi, köksündə «erməni ruhlu incə şair qəlbi» döyünən, «xalqlar arasında sülh və humanizm ideyalarını tərənnüm edən» biofizik Amiram Qriqorovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dediklərinə diqqət yetirək: «Mən münaqişənin həlli barədə danışmaq istəmirəm. Amma müharibənin yenidən başlamasını arzulayıram. Əgər Ermənistanın kifayət qədər gücü olarsa və Azərbaycana sarsıdıcı zərbələr vurarsa, Bakı bir daha ermənilərlə döyüşməyə risk edə bilməyəcəkdir».

A.Qriqorov jurnalistin «Ermənilərə münasibətdə Türkiyənin optimal davranışı necə olmalıdır?» sualı da «Roma papasından üstün katolik» olmağa çalışan tat-erməninin əslində hansı «məzhəbə» xidmət etdiyini aydın şəkildə göstərir: «Mən nə türkləri, nə də almanları «murdar» adlandırmaq istəyirəm. Lakin onların hər ikisi törətdikləri cinayətlərdən müəyyən dividentlər qazanıblar. Mənim fikrimcə, optimal model aşağıdakı kimi olmalıdır: Türkiyə erməni soyqırımı törətdiyini etiraf edir, öz ərazisindəki ermənilərə aid tarixi memarlıq abidələrini erməni icmalarına verir, Van gölünün ətrafında erməni muxtar vilayəti təşkil olunur. Bundan sonra Türkiyə bir sıra Avropa dövlətləri kimi erməni soyqırımını inkar etməyə görə cinayət məsuliyyətini müəyyənləşdirməli, ölkənin bütün məktəblərində erməni soyqırımı tədris edilməlidir. Daha sonra isə Sis və Axtamar patriarxlıqları yenidən fəaliyyətə başlamalı, pantürkizm faşist ideologiyası kimi Türkiyədə ittiham olunmalıdır…».

«Erməni tatlar»ın, əslində isə xristianlığın qriqorian məzhəbinə tapınan tatların həqiqi etnik mənşəyi görkəmli rus və sovet iranşünası professor Boris Millerin (1877-1956) də diqqətindən kənarda qalmamışdır. Ermənistan alimləri «tat etnik qrupunun» öyrənilməsində onun əsərlərinə istinad etsələr də, ya Boris Millerin müddəalarını təhrif edir, ya da onları elmi ədəbiyyatdan silməyi daha üstün tuturlar. Belə ki, professor B.Millerin tədqiqatlarında «tat ermənilər» terminindən «xristian tatlar» sözünün sinonimi kimi istifadə olunmuş və bu ifadənin etnik kimliyi deyil, məhz dini mənşəyi ifadə etməsi vurğulanmışdır. Alim «Tatlar, onların məskunlaşması və ləhcələri» əsərində Şabran bölgəsinin Kilvar kəndlərindəki qriqorian kilsəsinin bünövrəsinin tikintisində istifadə edilmiş başdaşında «qeyri-erməni əlifbası» ilə tat dilində yazılar olduğunu müəyyən etmişdi. Ötən əsrin 20-ci illərinin sonunda qələmə alınmış həmin əsərdə bildirilir ki, Kilvar sakinləri evdə və yığıncaqlarda tat dilində danışsalar da, onların təqribən 90%-i erməni dilini bilir. Kilvar beşillik məktəbində təhsilin rus və erməni dillərində aparılmasına baxmayaraq, müəllimlər şagirdlərə dərsləri tat dilində izah etməyə məcburdurlar.

Ermənilərin «tatlaşıb» assimilyasiya olunmasına gəldikdə isə B.Miller hələ ötən əsrin 20-ci illərində Mədrəsə və Kilvar kəndlərində yaşayan qriqorian tatların erməniləşməsini, onların erməni dilini öyrənmələrini burada açılan qriqorian kilsə məktəblərinin fəaliyyəti ilə əlaqələndirir. B.Miller onu da yazır ki, «hələ 1912-ci ildə erməni ruhanisi tat dilini bilmədiyi üçün moizələrini türk dilində söyləməli olurdu. Mən şahidəm ki, Kilvar sakinləri mədrəsəlilərlə tat dilində sərbəst ünsiyyət qurur və bu iki kəndin tatları öz ləhcəsini daha «təmiz» hesab edirdilər. Türk dili Kilvar kəndində ikinci dil sayılır. «Poqosova» soyadlı mədrəsəli qadın mənə dedi ki, onlar ermənilər başa düşməsin deyə öz aralarında tatca danışırlar… 1926-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə, onların məişətdə işlətdikləri dil «farsi» adlanır. Lakin özlərini milliyyətcə «erməni» hesab edirlər. Halbuki, 30 il əvvəl mədrəsəlilər erməni dilinin bir çox səslərini ifadə edə bilmirdilər». Bundan başqa, B.Miller qeyd edir ki, Mədrəsə kəndinin əhalisinə sürətlə erməni kimliyinin aşılanması sayəsində XX əsrin ilk onilliyindən etibarən «tat» etnonimi tədricən unudulmağa başlamış, hətta «farsi» dilində danışan müsəlman tatları özlərindən ayırmaq üçün onlara «türk» demişlər.

B.Miller Kilvar kəndində əhalinin 90%-nin erməni dilini bilməsi haqqında məlumat verməklə yanaşı, onların ictimai həyatda və məişətdə tat dilini işlətdiklərini yazır: «Erməni dili buraya yay istirahətinə gələn ermənilərlə ünsiyyət qurmaq üçün istifadə edilir. Tat dilindən sonra onların ikinci dili türkcədir». B.Millerin müşahidələrinə əsasən, «kilvarlılarda bir qədər erməni qatışığı» vardı. Belə ki, həmin dövrdə 140 ailədən ibarət olan kənddə 32 ailə Şamaxının Kərkenc və Kələxanı erməni kənlərindən, Mədrəsədən göçmüşdü. 1918-ci ildə isə burada Qarsdan 2 ailə, Zəngəzurdan 2 ailə, İstanbul və Vandan isə bir ailə məskunlaşmışdı. Kənd sakinlərində erməni elementinin artmasına qarışıq ailələr də səbəb olmuşdu: «Kilvarda ərlik qızların azlığı üzündən cavanlar Bakıdan, Şamaxıdan və Xaçmazdan olan erməni qızlarla ailə qurmuşdular. Ortaq məzhəb amili də erməni elementinin artmasına, kilvarlıların antropologiyasına öz təsirini göstərmişdi».

Yeri gəlmişkən, vaxtilə «tat ermənilərin» mərkəzi sayılan Mədrəsə kəndinin toponiminin də hələlik dəqiq elmi izahı yoxdur. Elmi ədəbiyyatda bu barədə yayılan ziddiyyətli mülahizələr hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Məsələn, Azərbaycan toponimistləri ehtimal edirlər ki, kəndin adı buradakı Cümə məscidinin nəzdində fəaliyyət göstərmiş qədim mədrəsə ilə bağlıdır. Professor B.Miller Mədrəsə kəndinin tatlarının Azərbaycan ərazisinə köçürülməsi tarixindən bəhs edərkən bu toponim barədə onlar arasında yayılmış rəvayəti də xatırladır. Yaşlı nəslin söylədiyinə görə, onların «farsdilli» əcdadları vaxtilə Hindistanın Mədrəs şəhərindən buraya köç etmiş və tarixi vətənlərini kəndin adında saxlamışlar. Bu variantı əsas etibarilə ermənilərin guya «ari mənşəli» olması və qədim dövrlərdə Şərqdən-Qərbə miqrasiya etmələri haqqında mifi reallıq kimi qələmə verməyə çalışan İrəvan alimləri qrupu dəstəkləyir. Lakin üçüncü fərziyyə də mövcuddur. Həmin fərziyyəyə əsasən, Mədrəsə kəndinin sakinləri etnik tat deyil, Hindistanın Mədrəs şəhəri ərazisindən Şirvana köç etmiş qaraçılardır. Onlar əvvəlcə bölgənin aran hissəsində eyniadlı kənd salmış, buradakı irandilli əhali ilə qaynayıb-qarışaraq assimilyasiya olunmuş, Qafqaz Albaniyası xristian dinini qəbul etdikdən sonra isə İsa Məsih təliminə tapınmışlar. Xilafət yürüşləri zamanı kəndin xristian əhalisinin bir hissəsi islamı qəbul etməkdən imtina etmiş, Ləngəbiz dağ silsiləsinin ətəklərinə köçərək burada ikinci Mədrəsə kəndini salmışdır. Arandakı Mərəzə kəndi isə islamlaşdırıldıqdan sonra ərəb dilinin təsiri ilə yaşayış məntəqəsinin adı tədricən dəyişilərək «Mərəzə» toponiminə çevrilmişdir…

(Ardı var)


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər