27 Dekabr 2017 09:40
16 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

…Ermənistan hakimiyyətinin işğalçılıq, millətçilik siyasətinə qarşı çıxan siyasi mühacir, “Литературная Канада” qəzetinin baş redaktoru Vahan Karapetyan da bu qənaətdədir ki, erməniləri və “dağlıq qarabağlıları” etnik kimlik baxımından bir-birindən ayırmağın vaxtı çatıb. V.Karapetyan “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Artur Ağacanovun müraciətindəki bütün müddəalarla həmrəy olduğunu bəyan edərək deyib: “Əgər insan şüuru qələbə çalarsa və Qarabağ əraziləri yenidən Azərbaycanın nəzarətinə keçərsə, mən buna çox sevinərəm. Dağlıq Qarabağ Ermənistanın xəstə bədənində xərcəng şişidir. Bu şiş ya cərrahiyyə yolu, ya da başqa bir üsulla nə qədər tez kəsilib götürülərsə, Ermənistanın yaşamaq şansı daha çox olacaq… Mən özümün və Qarabağda yaşayan ermənilərin etnik köklərinə aydınlıq gətirmək istəyən Ağacanovu dəstəkləyirəm. Hər kəs mənsub olduğu xalqı müəyyən etməli və bununla qürur hissi keçirməlidir. Mən çox istərdim ki, bu mövzu öyrənilsin və polemika elmi diskussiya çərçivəsindən kənara çıxmasın. Opponentə güllə atmaqdansa, onun kitabını oxumaq daha yaxşıdır”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Qarabağ “erməniləri”

“Ermənilərə həqiqətən də “xristian türklər» deyə bilərik. Yunanlar öz xüsusiyyətlərini qoruduqları halda, ermənilər türklərin adətlərini, hətta dillərini mənimsəyiblər”.

Helmut fon Multke

2016-cı ilin ortalarında sosial şəbəkələrdə hazırda Ukrayna ərazisində yaşayan Qarabağ ermənisi Artur Ağacanovun qondarma «Dağlıq Qarbağ Respublikası»ndakı vəziyyətə, Qarabağ «ermənilərinin» etnik kimliyinə və Azərbaycanda Alban kilsəsinin statusunun bərpasına dair soydaşlarına müraciəti yayılmışdı. Özünü «etnik erməni» deyil, «Qarabağın xristianı» adlandıran Artur Ağacanovun sözlərinə əsasən, bu xristianların bir çoxu hay etnosu ilə heç bir etnik bağlılıqlarının olmadığını, onların zorən erməniləşdirildiyini bildirirlər. Həmin insanlar Qafqaz Albaniyasının və Alban Həvari kilsəsinin zəngin maddi-mədəni irsini mənimsəyən, özlərini «Qarabağın köklü əhalisi» kimi qələmə verən hayların Azərbaycan ərazilərinə sonradan köçürülməsini sübuta yetirən bütün materialları məhv etdiklərinə görə erməni-qriqorian kilsəsinə və erməni millətçilərinə qarşı çıxmağa hazırdırlar. A.Ağacanov Qarabağ xristianlarına müraciətində bunları yazır: «Qarabağ torpağı əsrlər boyu müxtəlif müharibələr və toqquşmalar meydanına çevrilmişdir. Bu proseslər nəticəsində onun qədim mədəniyyəti, məbədləri, memarlıq abidələri, burada yaşayan və Qafqaz Albaniyası dövlətinin bir parçası olan xalqların irsi ciddi ziyan çəkməkdədir. Bu dövlətin tarixi və özəl mədəniyyəti, xristian dünyasının qədim Aftokefal Alban kilsəsi olmuşdu. Lakin indi bu irs ya dağıdılmış, ya da ermənilərin tarix və mədəniyyətinə aid edilmişdir».

A.Ağacanov həmin prosesin səbəblərindən danışarkən qeyd etmişdir ki, qədim dövrlərdən etibarən insanlar etnik mənşələrinə görə deyil, inanclarına, dini mənsubiyyətlərinə əsasən bölünürdülər. O da regionda «erməni» sözünün konfessionim oluğunu və etnik mənsubiyyətindən asılı olmayaraq əksər xristianlara şamil edildiyini xüsusi vurğulayaraq bildirmişdir ki, XIX əsrin əvvəllərinə kimi insanlar, bötövlükdə isə ayrı-ayrı etnoslar məhz tapındıqları dinə, məzhəbə uyğun olaraq «iudaist», «xristian», «müsəlman», «buddist» və ya «erməni» adlandırılırdılar: «Faciə həm də ondadır ki, inanclarına görə «erməni» kimi tanıdılan həmin xristianlar bütünlüklə hayların dini mərkəzi olan Eçmiədzin kilsəsinin tabeliyinə verilmişdir. Nəticədə bu insanları etnik özünüdərk hissindən, mədəniyyət və tarixlərindən məhrum edərək zorən haylara çevirmişlər». Müraciətin müəllifi onu da əlavə edir ki, iki yüz il əvvəl erməni köçkünlərinin – etnik hayların Türkiyə, İran və Yaxın Şərq ərazilərindən Qarabağa köçürülməsi və Alban Həvari kilsəsinin ləğvi ilə Qanzasar, Amaras və digər alban patriarxlıqları xristianlıq tarixindən silinmişdir. Bununla da Qarabağda və bütün Cənubi Qafqazdakı xristian xalqlarının mədəniyyətlərini, kilsələrini, kitablarını, ümumiyyətlə, bütün maddi-mədəni və qeyri-maddi mədəni irslərini qriqorian kilsəsi və haylar mənimsəmişlər.

Artur Ağacanovun sözlərinə görə, bu gün Qarabağın tarixinə və taleyinə dair erməni milli konsepsiyasına qarşı çıxmaq etirazçının həyatı üçün çox təhlükəlidir. Son 25-30 ildə erməni millətçilərinin irəli sürdükləri faşist ehkamlarının əleyhinə çıxış etmiş xeyli sayda erməni siyasətçisi, ictimai xadimi və fəalı ya qətlə yetirilmiş, ya da mənəvi terrora məruz qalmışdır. Qarabağı Azərbaycanın və Qafqaz Albaniyasının, onun xristianlıq tarixinin ayrılmaz hissəsi olduğunu etiraf edən hər bir kəs ölüm təhlükəsi ilə üzləşir: «Ermənistanda haylar və Qarabağ erməniləri arasındakı etnik fərqə görə bizi həmişə aşağılayaraq, «şurtvats» (dönmə) adlandırır, burada «ikinci növ» insanlar hesab edirlər… Qarabağ xristianları bioloji baxımdan azərbaycanlılara və Qafqaz Albaniyasının digər xalqlarına daha yaxındırlar. Lakin təqribən iki yüz il ərzində ayrı-ayrı siyasi mərkəzlərin və dövlətlərin susqunluğu, razılığı və yardımı ilə müxtəlif xalqlara, ölkələrə və mədəniyyətlərə aid olan irs erməni xalqının və erməni kilsəsinin adına yazılmışdır. Bu tarixi ədalətsizlik qanlı millətlərarası münaqişələrə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin baş verməsinə səbəb olmuşdur».

O da yaxşı məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox ziyan çəkmiş tərəf məhz Dağlıq Qarabağın «erməni» əhalisi olmuşdur. Həttə bu bölgəyə gəlmiş müşahidəçilər də Qarabağ əhalisi ilə ermənilər arasında kəskin fərqlərin olduğunu bildirirlər. Artur Ağacanov «İnterfaks» İnformasiya Agentliyinə verdiyi müsahibədə bu fərqlərə də xüsusi diqqət ayırmışdır. O, jurnalistin Dağlıq Qarabağ əhalisinin ermənilərə, yoxsa Azərbaycan türklərinə yaxın olmaları barədə sualını belə cavablandırmışdır: «Mən belə hesab edirəm ki, həqiqi Qarabağ ermənisi təfəkkür tərzinə, psixologiyasına, davranışına, hətta xarici görkəminə görə məhz azərbaycanlılara, türklərə daha yaxındır. Qarabağ ermənilərinin bəzi soyadlarına diqqət yetirək: Allahverdiyev, Bağırov, Ağamirov və s. Bütün bunlar erməni deyil, türklərin soyadlarıdır».

Ermənistan hakimiyyətinin işğalçılıq, millətçilik siyasətinə qarşı çıxan siyasi mühacir, «Литературная Канада» qəzetinin baş redaktoru Vahan Karapetyan da bu qənaətdədir ki, erməniləri və «dağlıq qarabağlıları» etnik kimlik baxımından bir-birindən ayırmağın vaxtı çatmışdır. V.Karapetyan «İnterfaks-Azərbaycan» agentliyinə müsahibəsində Artur Ağacanovun müraciətindəki bütün müddəalarla həmrəy olduğunu bəyan edərək demişdir: «Əgər insan şüuru qələbə çalarsa və Qarabağ əraziləri yenidən Azərbaycanın nəzarətinə keçərsə, mən buna çox sevinərəm. Dağlıq Qarabağ Ermənistanın xəstə bədənində xərcəng şişidir. Bu şiş ya cərrahiyyə yolu, ya da başqa bir üsulla nə qədər tez kəsilib götürülərsə, Ermənistanın yaşamaq şansı daha çox olacaqdır… Mən özümün və Qarabağda yaşayan ermənilərin etnik köklərinə aydınlıq gətirmək istəyən Ağacanovu dəstəkləyirəm. Hər kəs mənsub olduğu xalqı müəyyən etməli və bununla qürur hissi keçirməlidir. Mən çox istərdim ki, bu mövzu öyrənilsin və polemika elmi diskussiya çərçivəsindən kənara çıxmasın. Opponentə güllə atmaqdansa, onun kitabını oxumaq daha yaxşıdır».

Qarabağ «ermənilərinin» milli mədəniyyəti, adət və ənənələri unikaldır və sinkretik xüsusiyyətlərə malikdir. Onların ümumazərbaycan etnomədəni məkanı ilə üzvi bağlılığı, bu zəngin və rəngarəng mədəniyyətin ayrılmaz parçası olmaları onların yeni, təbii və normal qarşılanan mədəni vasitəçilik funksiyasının yaranması ilə nəticələnmişdir. Belə ki, onların bir missiyası da XIX-XX əsrlərdən etibarən polietnik Azərbaycan cəmiyyətinin etnik mədəniyyət nümunələrinin buraya İran və Türkiyədən gətirilmiş köçkün haylara ötürülməsi olmuşdu. Odur ki, bu gün Azərbaycan xalqına aid maddi və qeyri-maddi mədəniyyət elementlərinin – mətbəx nümunələrinin, o cümlədən köçəri türk tayfalarına aid lavaşın, xalçaların, tar, kamança, zürna, balaban kimi musiqi alətlərinin, mahnı və rəqslərin, tarixi Azərbaycan ərazisində yerləşən dini memarlıq abidələrinin, hətta muğam və aşıq sənətinin Ermənistan tərəfindən mənimsənilməsi səyləri bir tərəfdən məkrli siyasi məqsədlərdən xəbər versə də, digər tərəfdən onun da tamamilə məntiqli izahı vardır. Bu irs gəlmə haylara deyil, hazırda «erməni» kimi identifikasiya olunan Azərbaycanın xristian əhalisi vasitəsilə etnik ermənilərə ötürülmüşdür.

Lakin bu gün nəinki qonşuları, hətta işğal altında saxladıqları Qarabağ «erməniləri» ilə də normal münasibət qurmağı bacarmayan Ermənistan deklarativ bəyanatlara baxmayaraq, onları «etnik erməni» kimi qəbul etməkdən çəkinir, şüuraltı qatda gizlənən reallıqlara söykənərək «albanlar», «türkdən dönmələr» adlandırır. Vaxtilə türklərə nifrət hissindən qaynaqlanan «Hayes, turkes?» (Ermənisən, yoxsa türk?) ifadəsinə indi yalnız Qarabağ «ermənilərinə» ünvanlanan daha bir paranoik sual əlavə olunmuşdur: «Hayes? Te karabaxci?» (Sən ermənisən, yoxsa qarabağlı?). Üstəlik, İrandan, Türkiyədən, Yaxın Şərqdən gələn erməniləri əzizləyib onları «axber» (qardaş) adlandırdıqları halda, qarabağlı köçkünlərə müraciətlə «şurtvats» (dönmə), «turki mator» (türk matorlu), «turkatsas» (türkdən dönmə) kimi alçaldıcı ifadələr işlədirlər. Erməni müəllifi Robert Arakelov da bu həqarətli münasibətin tarixi gerçəkliklərə söykəndiyini bildirirdi. O yazırdı ki, şovinist ermənilərin nəzərində Qarabağ erməniləri «aşağı növdən olan soydaşlardır». Çünki yaxşı anlayırlar ki, Qarabağ ermənilərinin böyük hissəsi vaxtilə qriqorian məzhəbini qəbul etmiş alban tayfalarının törəmələridir.

Rəsmi İrəvanın və kilsənin «milli və dini birlik» haqqında populist çağırışlarına baxmayaraq, hakim «Qarabağ klanı»nın öz həmyerlilərinə rejimin «müdafiə səddi» kimi yanaşması, onlara xüsusi imtiyazlar verməsi, vəzifə pilləsində irəli çəkməsi, mövcud rejimin Qarabağ ermənilərindən ibarət cəza dəstələri yarataması Ermənistan cəmiyyətindəki ziddiyyətləri dərinləşdirmişdir. İndi İrəvanda şurtvatsların ölkədən tamamilə qovulmasına, hətta «Azərbaycana qaytarılmasına» dair çağırışlar da səslənməkdədir.

Ermənistan və Qarabağ «erməniləri» arasındakı fərq özünü təkcə etnik mədəniyyətdə, davranış tərzində deyil, danışıqda, lüğət ehtiyatında da açıq şəkildə göstərir. Xatırladaq ki, müasir erməni dili 34 dialektdən ibarətdir. Onların danışdığı dil həm qrammatikasına, həm də lüğət ehtiyatına görə klassik erməni dilindən seçilir və türk sözləri, ideomatik ifadələrlə zəngindir. Tanınmış erməni filoloqu Raçya Acaryan «Erməni dilinin tarixi» əsərində bu məsələyə toxunaraq yazırdı ki, türk dilinin təsiri nəticəsində erməni dili dəyişmiş, hətta özünü ona uyğunlaşdırmışdır. 1836-cı ildə isə Çar Rusiyası Alban Həvari kilsəsini ləğv edərək qriqorian kilsəsinin tabeçiliyinə vermiş və bununla da onun minillik fəaliyyəti dayandırılmışdı. Qarabağın xristian əhalisi məzhəbini zorən dəyişməli olsa da, öz keçmişini, kimliyini unutmamışdı. Hətta XVIII yüzillyin birinci yarısında rus çarı I Pyotra ünvanladıqları məktubda özlərini «erməni» deyil, «alban» kimi göstərmişdilər. Odur ki, Dağlıq Qarabağda yaşayan ermənilər arasında da tarixi gerçəkliklərə söykənən etnosiyasi bölgü, iyerarxiya hələ də mövcuddur. Onlar da özlərini titullu «yerlilərə», İran və Türkiyədən köç etmiş «gəlmələrə» ayırırlar. Sonralar məhz «yerlilərin» təsiri nəticəsində ikinci qrup da tədricən Azərbaycan mədəni məkanına inteqrasiya etmişdi.

XIX əsrdə yaşamış erməni əsilli tarixçi-etnoqraf Sergey Zelentsev Qarabağda yerli xristian əhalinin və sonralar buraya köçürülmüş ermənilərin bir çox xüsusiyyətlərə görə bir-birindən kəskin şəkildə fərqləndiyini bildirmişdi. Digər erməni müəllifi A.Xan-Aqov isə «Cavanşir qəzasında (Dağlıq Qarabağda) yerli əhalinin əsasən türklərdən ibarət olduğunu, ermənilərin buraya sonradan köçürüldüyünü» xüsusilə vurğuladıqdan sonra bunları yazırdı: «İrandan gələn ermənilər yerli Qarabağ ermənilərindən dilləri, hətta geyimləri ilə fərqlənirdilər. İran erməniləri yerli albanların dilini başa düşmürdülər». Arxeoloji, etnoqrafik və toponimik tədqiqatlar sübut etmişdir ki, hazırda (Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əvvəl) burada yaşayan ermənilər mənşə etibarilə 3 qola ayrılır. Onlardan birincisi farsdilli ermənilərdir. Tərtərçay vadisindəki Marağa, Margüşəvan, Aşağı Çaylı və Yuxarı çaylı, İsfahancıq, Talış kəndləri farsdillidirlər. Onları mənşə etibarilə tatlaşdıran tədqiqatçılar da vardır. Həm də farsdilli ermənilər təkcə Qarabağa deyil, eləcə də Qərbi Azərbaycana və Şirvana da köçürülüblər… Qarabağın yuxarı hissəsində yaşayan ermənilərin bir qismi, daha doğrusu, onların ikinci qolu Türkiyədən köçürülən ermənilərdən ibarətdir. Bu ermənilərin bir qismini, təxminən 10 minə yaxın ailəni rus-türk müharibəsi başa çatdıqdan sonra Ədirnə sülh müqaviləsinə əsasən, Zaqafqaziyaya köçürülənlər təşkil edir. Onların əksəriyyəti Gürcüstana, bir qismi isə Qarabağa köçürülmüşdü. Qarabağa köçürülən ermənilər özlərini daha pis aparır, nəinki yerli müsəlmanlara, hətta yerli alban əhalisinə və İran ermənilərinə qarşı da «sıxışdırma» siyasəti yürüdürdülər… Qarabağın yuxarı hissəsində yaşayan ermənilərin üçüncü qolunu əsrlərlə erməniləşmə prosesinə məruz qalmış yerli alban əhalisi təşkil edir».

Qədim tarixi mənbələrə, hətta erməni müəlliflərinin salnamələrinə əsasən, Azərbaycanda, xüsusilə də Qarabağ torpaqlarında türk mənşəli barsillər, savirlər, xəzərlər, bulqarlar və s. yaşamışlar. Orta əsr tarixçiləri isə türkləri Arran dövlətinin dominant etnik qrupu kimi dəyərləndirmişlər. Digər tərəfdən, Azərbaycan ərazisində tarixən yaşayan xalqların maddi və qeyri-maddi mədəni irs nümunələrində qədim türk elementlərinə rast gəlindiyi kimi əks prosesləri də müşahidə etmək mümkündür. Bu isə həmin torpaqlarda yaşayan xalqlar arasında tarixən davam etmiş təbii mədəni inteqrasiyadan, onların bir-biri ilə qaynayıb-qarışmasından, etnik mədəniyyətlərin qarşılıqlı mübadiləsindən, polikultural həyat tərzinin Azərbaycanda tarixi köklərindən xəbər verir. Ermənistanın əməkdar elm xadimi, professor Stepan Lisitsyanın «Dağlıq Qarabağ erməniləri. Etnoqrafik oçerk» kitabında geniş təsvir edilən qədim ənənələrin, maddi və qeyri-maddi mədəni irs nümünələrinin bir çoxuna təkcə Azərbaycanın əksər bölgələrində deyil, Mərkəzi Asiyada, Volqaboyunda, Şimali Qafqazda, Krımda yaşayan türk xalqlarının – qazax və qırğızların, tatar və başqırdların, Krım tatarlarının, kumık və qaraçayların… milli adət və ənənələri arasında da rast gəlmək mümkündür. Məsələn, S.Lisistyan Qarabağ «ermənilərinin» bir qayda olaraq türkcə «qaradam» adlandırdıqları yerüstü, qazma və yarımqazma tipli evlərdə yaşadıqlarını bildirir. Halbuki, erməni dilində bu tipli tikililərə «tun», «xatsatun» və ya «qlxatun» deyirlər. Azərbaycanın Naxçıvan, Kəlbəcər, Qubadlı bölgələrində, Borçalıda isə əsasən təsərrüfat xarakterli həmin dairəvi alaçıq tipli tikililər təkcə «qaradam» kimi deyil, «öylük», «şeşə öylük», «pəyəbaşı», «qara ev», «dörddirək ev», «xaçkərənli ev», «evdamı», «qış damı», «qış evi», «çardaxlı dam», «beşikdam», «öydamı» kimi də tanınır.

S.Lisitsyan yazır: «Qaradama daxil olanda ilk növbədə içəridəki ocaq nəzərə çarpır. Adətən, bütün ailə üzvləri ocaq kənarına sərilmiş xalça və palazlarda bardaş qurub əyləşirlər. Ocaq kənarında ən hörmətli yer ataya, evin böyüyünə məxsusdur». Müəllif əlavə edir ki, Qarabağın erməni kişiləri keçmişdə başlarının ortasında «kəkil», uşaqların isə alınlarında «tel» saxlayır, ya da «keçal» (keçəl) vurdururdular. Onlar başlarına «papaq» qoyar, «çuxa», «cuppa» (cübbə), «aba» (əba), «kürk» (kürk), «arxalux» (arxalıq), «şalvar», «kazaxik» (qazaxı – qısa xəz gödəkcə) geyinər, ayaqlarına «tolax» (dolaq) bağlayardılar. Qarabağ ermənilərinin qızları isə dörd «horik» (hörük) hörər, ərə getdikdə saçlarını «laçak» (ləçək) altında gizlədər, yad adam görəndə «yaşmaq» tutardılar. S. Lisitsyan Qarabağ «ermənilərinin» yarımköçəri həyat tərzi sürdüklərini, yaz fəslinin sonlarında «yaylağa» çıxdıqlarını, məişətdə «xarar» (xaral) «çval» (çuval), «xurcun», «məfrəş», «cecim» və s. işlətdiklərini də yazır.

Qarabağ «ermənilərinin» milli geyimləri «klassik erməni» tərzindən fərqlidir və daha çox Azərbaycan etnomədəni məkanı, o cümlədən Qafqaz Albaniyasının geyim ənənələri üzərində formalaşmışdır. Tanınmış alman rəssamı, 1912-1913-cü illərdə Tiflisdəki Qafqaz muzeyinin professoru olmuş Maks Tilke hələ əsrin əvvəllərində Rusiya imperatoru II Nikolayın sifarişi ilə Qafqaz xalqlarının milli geyimlərinə dair araşdırmalar aparmış onların rəsmlərini çəkmişdir. Həmin təsvirlər 1910-cu ildə albom şəklində nəşr olunmuşdur. Bu illüstrasiyaların ən mühüm xüsusiyyəti rəssamın ayrı-ayrı xalqlara məxsus geyimləri böyük dəqiqliklə təsvir etməsidir.

Onların toy adətləri də Azərbaycan türklərinin analoji şənliklərindən fərqlənmirdi. Azərbaycan, Anadolu, Şimali Qafqazın və Mərkəzi Asiyanın türk xalqlarında olduğu kimi Qarabağ ermənilərində də qohumluq və dostluq əlaqələrini möhkəmləndirmək üçün beşikdə olan oğlan və qız uşaqlarını «qobakkasma» (göbəkkəsmə) etmək kimi qədim adətləri vardı. Toy günü yaxınlaşanda kənd cavanlarından seçilən «qzir» (gizir) evbəev gəzərək carçılıq edər, qonaqları şənliyə çağırardı. Bundan başqa, toy ərəfəsində bəyi sağdış-soldışın müşayiəti ilə hamama aparar, qız evinə buynuzu və alnı xınalı qurbanlıq toğlu göndərərdilər. Beləliklə, «zurna» və «tımbıllu» (dumbul, təbil) toy şənlikləri üç gün üç gecə çəkər, məclisi «toybaşı» idarə edərdi. Qız evində isə gəlinin rəfiqələri bir yerə yığışar, süfrəyə iri «mejmaxi» (məcmeyi) və «nəlbəkilərdə» meyvə, şirniyyat və çərəz düzülər, bəy evinə içərisində kişmişli, toyuqlu «plov» olan «xonça» göndərilərdi. Bundan başqa, Qarabağ erməniləri də gəlingətirmə mərasimində ortaq türk toy adətlərinə uyğun olaraq qollarından alma, nar, şirniyyat asılmış «şax» gəzdirərdilər (Lisitsyan məlum səbəb üzündən «şax» kəlməsini rus dilində eyni mənanı verən «tsar» sözü ilə əvəz etmişdir). Evə gəlin gətirəndə isə otağın bir «puçaxında» (bucağında) təzə evlənənlər üçün «qardak» (gərdək) qurardılar...

Qarabağ «ermənilərinin» də bayram süfrələrini «qaurma» (qovurma), «lavaş», «plov», xaş, «kurkut» (qurut), «xaşlama», «xaşil» (xəşil), «bozbaş», «dolma», «doşab», «küftə», «arişta» (əriştə), «xinqal», «nazuk», «paxlava», «sucuq», «çxrtma» (çığırtma) kimi nemətlər bəzəyərdi. Onların dillərində «piyada», «nigaran», «yeni», «təzə», «gün» «dayı», «bacanaq», «bibi», «bacı», «məhlə» (məhəllə), «pileken» (pilləkən), «doşak» (döşək), «kuça» (küçə), «ucuz», «saqo» (sağ ol), «çapar», «tovla» (tövlə) kimi onlarca ortaq söz və ifadə vardır. Bundan başqa, Qarabağ erməniləri də Azərbaycan türkləri, tatlar, talışlar, ləzgilər, udinlər və s. kimi ocaq və pirlərə tapınır, qurban kəsir, bəzi hallarda isə müsəlman və xristian ziyrətgahları arasında fərq qoymurdular.

Bu gün Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakı şəhərində xeyli sayda Qarabağ «ermənisi» yaşayır və onlar heç bir təzyiqə məruz qalmırlar. Lakin işğal altında olan ərazilərdəki erməni əhalisi haqqında dəqiq məlumatlar yoxdur. Daha doğrusu, Ermənistanın və qondarma «Dağlıq Qarabağ Respublikası»nın kriminal rəhbərliyi həqiqəti bilərəkdən gizlədir. Məsələn, qondarma «Dağlıq Qarabağ Respublikası»nın rəsmiləri guya «müstəqil dövlətdə» 145 min nəfər əhalinin yaşadığını iddia etsələr də, Ermənistanın bir sıra siyasətçiləri, o cümlədən «Milli Dirçəliş» Partiyasının sədri Hayk Xanumyan bu rəqəmin həqiqətə uyğun olmadığını bildirir: «Dağlıq Qarabağda əhalinin sayı sürətlə azalıb. Bu, kütləvi mühacirətin nəticəsidir. Dağlıq Qarabağın statistika xidməti əhali barədə məlumatları bilərəkdən gizlədir».

(Ardı var)


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər