...lakin zənn edirik ki, üçüncü, alternativ ehtimal ətrafında da düşünməyə dəyər. Onun ən yaxşı halda “əvvəlcə xristian, sonra isə islamlaşmış türk” olması barədə mülahizələrin təsdiqi üçün hələlik əhəmiyyətli faktlar yoxdur. Lakin Sayat Novanın Azərbaycan türkcəsində yazdığı poeziya nümunələrinə əsasən belə qənaət yaranır ki, vaxtilə xristian (qriqorian) hay olmuş şair sonralar islam dininə tapınmış və sufi cərəyanlarından birinə qoşulmuş, “Sayat Nəva”, “Səyyad Nəva” və ya “Seyid Nəva” təxəllüsünü götürüb. Onun yaradıcılığında Azərbaycanda və Anadoluda yayılmış bəzi sufi təriqətlərinin Hz. Əli və Əhli-Beyt aşiqliyi (onları sevənləri sevmək), təbərra (Əhli-Beyti sevməyənləri sevməmək) kimi prinsipləri də özünü büruzə verib. Bu ehtimal aşığın Azərbaycan türkcəsində yazdığı qoşma və divanilərində də özünü göstərir. Onun poeziya nümunələrində islam peyğəmbərinə, Hz. Əliyə, Pir Sultan Abdala, Əhli-Beytə ünvanlanmış irfani ifadələr çoxdur. Bu ifadələrdən məlum olur ki, Sayat Nova təkcə islami biliklərə deyil, mənsub olduğu sufi təriqətinin ehkamlarına da möhkəm yiyələnən müsəlman olub. Bundan başqa, Sayat Novanın “divani” adlandırdığı heca vəznində yazdığı qəzəlləri bir qayda olaraq özünə “pir”, “ustad” seçdiyi Şah İsmayıl Xətayiyə xitabən başlayır: “Dedilər ki, Şah Xətayi, çağırıram haqq mədət…”, “Dedilər ki, Şah Xətayi, küllü-aləm yaradan…”, “Dedilər ki, Şah Xətayi, çağırıram şahi-şah…” və s. Akademik Həmid Araslı Sayat Novanın divani yaradıcılığından bəhs edərkən bu məsələni xüsusi olaraq vurğulayıb. O qeyd edirdi ki, “şairin “divani” adlandırdığı heca vəznində qəzəlləri bir növ ustadnamədir. Aşıq öz ustadının əsərini oxumazdan əvvəl ustada həsr olunmuş divani ilə məclisə üz tutur. Bu divani bir qayda olaraq Şah Xətayiyə xitabən başlayır... Bu, təkcə Azərbaycan dilində yazılan divanilərdə deyil, erməni, gürcü dilində yazılan divanilərdə də belədir”. Aşığın sonralar Tiflisdəki erməni monastrına zorən gətirilməsi, yenidən vəftiz edilməsi və rahib olması, “Ter-Stepanos” adı ilə əvvəlcə İrandakı Ənzəli kilsəsində, 1765-ci ildə isə Qaxdakı kilsədə xidmət göstərməsi, xüsusilə Şah Abbasın Tiflisə hücumu ərəfəsində isə birdən-birə və səbəbsiz qətlə yetirilməsi də bu ehtimalı təsdiqləyir...
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
Erməni aşıqları və onların etnik-dini mənşəyi
“Fəxr eylərəm ki, mənə “bektaşi” desinlər,
Dərgahi-Əlinin bu da bir daşı desinlər”.
(Erməni aşığı Zikri)
«Zorən islamlaşdırılmış və türkləşmiş ermənilər» iddiasını təkzib edərkən orta əsrlərdən XX əsrin ortalarınadək türk-islam mədəniyyətinin daşıyıcılarından olmuş və «erməni aşıqları» kimi tanınan saz və söz ustaları xüsusi qeyd edilməlidir. Erməni yazılı ədəbiyyatında «aşıq» və ya «aşuq» ifadəsinə əsasən XVI əsrdən sonra rast gəlinir. Bütövlükdə XVII əsrdən XX əsrin ortalarınadək Anadoluda və Cənubi Qafqazda türk dilinin Anadolu və Azərbaycan ağzı ilə oxuyan 400-ə yaxın erməni aşağı müəyyən edilmişdir. Maraqlı cəhətlərdən biri isə həmin aşıqların dini-etnik mənsubiyyətidir. Onların arasında müsəlman və xristian ermənilərlə yanaşı, bu sənəti erməni etnik mədəniyyətinə gətirən və onu bu xalqa da sevdirən xristian (qriqorian) türklər də vardır. Bu sənətkarlar içərisində Sayat Nova, Qul Eğaz, Qul Hovannes, Turab Dədə, Hostikoğlu, Miskin Burcu, Aşıq İzani, Aşıq Vartan, Kökəbi, Aşıq Civan, Bidari, Sərvəri, Boyabatlı Aşıq Armani, Abdi, Harbi, Fakiri, Gənioğlu, İzani, Kalust Dedeyan, Lutfi, Mahcubi, Maklubi, Meydani, Nadiri, Nasibi, Seruni, Ziyneti, Qul Abdi, Agahi, Aşki, Bahari, Bəyoğlu, Cəmali, Ceyhuni, Coşkuni, Cudayi, Dildari, Əlbəndi, Gülşəni, Haqqı, Həkim Sarkis, İqrari, İrfani, Lisani, Lutfi, Mərcani, Nadiri, Pərişan, Pərvanə, Səbri, Sadayi, Sevdayi, Şirin, Zəri, Zəki, Zikri, Zülali, Aşıq Doni, Qəssaboğlu, Musesoğlu, Dəllək Murat, Məcnun, Diyarbəkirli Mesihi Erməni, Aşıq Samvel, Aşıu Yervand, Zehri, Atəş, Fitri, Çırağı, Yetim Oğlan, Ərzurumlu Nidayi, Keşişoğlu Mıkırtıç, Keşişoğlu Minas, Keşişoğlu Melkon, Yoncalı Keşişoğlu, Çardaklı Keşişoğlu, Misgin Stepan, Voskanoğlu, Gavretli, Talaloğlu, Zülaloğlu, Məlul, Avak, Şerom, Həyat, Arazlı Sarkis, Sezayı, Avazi, Gərdişti, Şamaxılı Zərgər, Bədel, İrəvanlı Aşıq Şirin, Gəncəli Misgin Burcu, Sərdaroğlu, Çərkəzoğlu, Əzbər Adam, Artunoğlu, Bünyadoğlu, Cahiloğlan, Nirani, Aşıq Seyran, Gümrülü Aşıq Bave, Rumani, Şakiri, Əmir kimi qoşmaları dillər əzbəri olan aşıqların həqiqi etnik kimliyi, unikal sənəti, onların mənsub olduqları məktəblər, bir çoxunun isə sufi cərəyanlara bağlılıqlarının öyrənilməsi vacib tədqiqat mövzularındandır.
Erməni dilində şifahi xalq yaradıcılığı nümunələri yaradanlara «qusan» («ozan» sözünün təhrif olunmuş formasıdır) deyilirdi. Lakin təkcə Cənubi Qafqazda deyil, Anadoluda, Qara dəniz bölgəsində də türkcə söz qoşan, dastanlar deyən erməni saz ustaları özlərini heç də «ozan» və ya «qusan» deyil, Azərbaycan türklərinə xas olan tərzdə «aşıq» və ya «aşuq» adlandırıblar. Lakin bu gün Ermənistanda «aşıq» və «qusan» anlayışları bir çox hallarda sinonim kimi işlədilsə də, vaxtilə onların arasında böyük fərq var idi. Belə ki, «qusan» sazandalar dəstəsinə deyilirdi. Onlar qrup halında toylara dəvət alır, saz, zurna, dəf, balaban, kamança və tənburda mahnı oxuyur, rəqs havaları ifa edirdilər. Aşıqlar isə tək-tək gəzər, saz, kamança, tar çalar, dastan danışardılar. Elə onların qoşmalarında, oxuduqları dastanlarda da Azərbaycan ağzı aydın hiss olunmaqdadır. Erməni aşıqlarının say etibarilə qusanlardan dəfələrlə çox olması isə erməni etnomədəniyyətinin bu ortaq türk sənətinə daha sıx tellərlə bağlanmasının təzahürüdür. Əslən Qarsdan olan erməni publisisti və ədəbiyyatşünası Arşalüs Arşaruni (Çinaryan) türk dilinin, türk xalqlarının aşıq sənətinin erməni mədəniyyətinə təsiri haqqında yazırdı: «Azərbaycan dili erməni aşıqları və erməni xalqı üçün demək olar ki, doğma dil olmuşdur. Əks təqdirdə onlar tamaşaçıların rəğbətini qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz olardı. Erməni aşıqlarının Azərbaycan, erməni və hətta gürcü dillərində uğurlu şeir yazmaları haqqında danışmaq yersiz olardı. Erməni xalqı daim Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə etmişdir, erməni xalqı bu ədəbiyyata və folklora həmişə məhəbbətlə yanaşmışdır».
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış erməni yazıçısı və pedaqoqu Qazaros Acayan isə bildirirdi: «Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir... ona görə də biz türkcə oxuyuruq». Şair, publisist və filosof Mikael Nalbandyan isə «erməni aşıq sənətinin etnik mənsubiyyətinə» münasibət bildirərkən bunları vurğulamışdı: «Erməni aşıqlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar... onlar hər zaman Azərbaycan ustadlarının yaradıcılığına söykəniblər… istifadə etdikləri musiqi alətləri – saz, səntur, kaman və ya kamança, bağlama türklərə məxsusdur». 1872-ci ildə Gümrü şəhərində erməni aşığı Civaninin ailəsində dünyaya göz açmış sənətşünas alim, professor Qaregin Levonyan açıq şəkildə etiraf etmişdir ki: «Erməni aşıqlarının həm özlərinə götürdükləri adların, həm də onların şeir və mahnılarının adlarının hamısı Azərbaycan dilindədir».
Erməni saz və söz üstalarının yaradıcılığını tədqiq edən türkiyəli professor Erman Artunun qənətinə görə, Qafqazda (Azərbaycanda) yayılan «aşıq» ifadəsindən fərqi olaraq «aşuq» kəlməsi bilavasitə saz çalıb türk dilində oxuyan ermənilərə deyilirdi. Erməni olmalarına baxmayaraq, türkcə şeir qoşub, dastan deyən bu xalq ozanları XVIII əsrdən etibarən populyarlıq qazanmışdır. Onların böyük hissəsi türk aşıq sənətinin bütün qaydalarına ciddi riayət etmiş, həyatları boyu evlənməmişdir: «Bu tip aşıqların bir qisminin müsəlman təriqətlərinə daxil olmaları və inanclarını təbliğ etmələri barədə də məlumat vardır». Müsəlman erməni aşıqları arasında ələvi-bektaşilik cərəyanına meyil daha güclü olmuşdur. Araşdırmaçı Mehmed Bayraq bildirir ki, «türkcə və azəricə (Azərbaycan türkcəsində) söz qoşan 400 erməni aşığının əsas hissəsi inanc yaxınlığına, bəlkə də, aşıqlıq ənənələrinə uyğun olaraq, bektaşilik təriqətinə qoşulmuş və ələvi-bektaşi ədəbiyyatına böyük töhfələrini vermişdir. Hətta onların içərisində Sarkis Zəki, Eşqi, Zikri və Seyri kimi aşıqlar bektaşi təkkələrində «babalıq» mərtəbəsinədək yüksəlmişlər».
Ələvi-bektaşilik cərəyanının mahir söz ustalarından biri olan erməni aşığı Yeksani Türkiyə irfani ədəbiyyatının bir sıra gözəl nümunələrinin müəllifidir.
Məsələn,
«İstəməm aləmdə qeyri-meyvəni
Dadına doyulmaz balımdır Əli.
İstəməm dünyayı versələr dahi
Qoxlasam sünbülü gülümdür Əli.
Yeksaniyəm, necə düşdüm dərdinə
Qərq oldu vücudum çilə bəndinə
Solmaz oldu könül kəndi-kəndinə
Söylər dəhanımda dilimdir Əli».
Əsl adı «Movses» olan, ələvilik dini cərəyanına qoşulduqdan sonra isə «Haqqı» təxəllüsünü götürən digər erməni saz və söz ustası da irfani şeirləri ilə təriqət içərisində böyük populyarlıq qazanmış, türk-islam düşüncəsinə uyğun sufi həyat tərzi sürmüşdür:
Haqqa çağırır yaradan Qəni,
Dərdlərin, dərdlilərin dərmanı,
Bundan sonra çox sürərik dövranı
Yetiş Allah, ya Məhəmməd, ya Əli!
Ermənistan tədqiqatçılarının irəli sürdükləri iddiaların əksinə olaraq müsəlman ermənilər, o cümlədən irfani şeir və sənət nümunələrinin müəllifi olan aşıqlar islama «zorən» deyil, sidq-ürəklə bağlanmışdılar. Bu sədaqət, bağlandığı dinə pak və səmimi münasibət erməni aşıqlarının türkcə yaratdıqları şeir nümunələrində də özünü aydın şəkildə göstərir. Məsələn, xristian erməni qızına aşiq olmuş müsəlman erməni aşığının oxuduğu bir qoşmada deyilir:
Qız, gəl müsəlman ol, alayım səni,
Mən dinimdən dönsəm el qınar məni.
Digər qoşmada isə müsəlman erməni aşığı xristian sevgilisini – ahçiki («ahçi» - erməni dilində «qız» deməkdir) islama dəvət edir, əks təqdirdə isə məhəbbəti yolunda özünün «erməni» olacağını bildirir. Aşağıdakı misaldan da göründüyü kimi, Anadolu türkcəsində deyilən bu bayatıda da «erməni» kəlməsi etnonim kimi deyil, həqiqi mahiyyətində, dini mənsubiyyəti bildirən ifadə olaraq işlədilmişdi:
Ya sən islam ol, ahçik
Ya mən ollam erməni.
Hazırda erməni folklorşünaslarının aşıq sənətinə həsr olunmuş əksər materiallarında bu sənətin «Ermənistanda, İranda, Gürcüstanda və bütün Yaxın Şərqdə geniş yayıldığı» qeyd edilir, lakin həqiqi vətəni olan Azərbaycanın və Türkiyənin adı çəkilmir. Onu da etiraz hissi ilə əlavə edirlər ki, «bu gün region xalqlarının hər biri aşıq yaradıcılığını özününküləşdirməyə çalışır». Məsələn, XVIII əsrdə yaşamış ustad aşıq Sayat Nova bir vaxtlar «Azərbaycan türkləri və ermənilərin əzəli dostluğunun parlaq nümunəsi» kimi təqdim edilsə də, indi həm onun etnik kimliyi, həm də aşıq sənəti ermənilərin siyasi möhtəkirlik obyektinə çevrilmişdir.
Qeyd edək ki, Sayat Novanın irsi 209 şeirdən ibarətdir. Onların 115-i Azərbaycan türkcəsində, 60-ı erməni, 34-ü isə gürcü dillərindədir. Aşığın fars və ərəb dillərində bir neçə şeiri də vardır. Professor Məhərrəm Qasımlı isə şairin təxəllüsünün heç də «Sayat Nova» deyil, «Səyat Nəva» olduğunu bildirir. O, bu qənaətində haqlıdır. Alim onu da qeyd edir ki, əsas yaradıcılığı Azərbaycan dilində olan «Səyat Nəva erməni yox, Azərbaycan sənətkarıdır… Zaman içində əlimizdən getdi, ermənilər dünyaya «erməni aşığı» kimi təqdim etdilər. Onun erməni olması ilə bağlı heç bir fakt yoxdur». Vaxtilə erməni alimlərindən M.Mkryan, Q.Aboyan, Q.Levonyan və Q.Haqverdyan da şairin ilk dəfə Azərbaycan türkcəsində şeirlər yazdığını bildiriblər. Hətta Q.Haqverdyan yazırdı ki, «Bizim aşıq öz adını türkcə söylədiyi mahnılarla şöhrətləndirmişdir». Görkəmli Azərbaycan alimi akademik Mirəli Seyidov 1954-cü ildə işıq üzü görmüş «Sayat Nova» kitabında zahirən həmin dövrün «beynəlmiləlçilik» prinsipindən çıxış etsə də, əslində həm də erməni və gürcü alimlərinin qənaətlərinə istinadən şairin Azərbaycan aşığı olması nəticəsinə gəlmişdir.
Aşığın adı və təxəllüsünün semantikası da mübahisələr doğurmuşdur. Təsadüfi deyildir ki, onun əsl adının guya «Harutyun Sayatyants» olması fərziyyəsi ilk dəfə 1926-1929-cu illərdə Ermənistan SSR-də Sayat Novaya həsr edilmiş ədəbi-bədii tədbirlərdə səsləndirilmişdi. Bu iddianın müəllifi erməni alimi Q.Levonyandır. Gürcü tədqiqatçısı Q.Qrişaşvili isə hələ 1918-ci ildə yazırdı: «Heç kəs «Sayat Nova» adını düzgün tələffüz edə bilməmişdir! Bu ad «Savat Nova», «Saatlama», «Saat Noma», «Saatnao», «Saat Nova» və bir çox başqa şəkillərdə tələffüz edilmişdir. Hətta onun öz oğlu da atasının adını… «Seyidov» şəklində qəbul edir». Akademik Mirəli Seyidov isə bütün mübahisəli məqamlardan və rasional fikirlərdən məntiqi nəticə çıxararaq, Şərq dilləri kontekstindən («səyat», yaxud «səyyad» – ovçu, «nəva» – musiqi) çıxış etmiş, aşığın götürdüyü təxəllüsün mənasının «musiqi ovçusu», «musiqi aşiqi», «musiqi ustadı» kimi izahını vermişdir.
Lakin zənn edirik ki, üçüncü, alternativ ehtimal ətrafında da düşünməyə dəyər. Onun ən yaxşı halda «əvvəlcə xristian, sonra isə islamlaşmış türk» olması barədə mülahizələrin təsdiqi üçün hələlik əhəmiyyətli faktlar yoxdur. Lakin Sayat Novanın Azərbaycan türkcəsində yazdığı poeziya nümunələrinə əsasən belə qənaət yaranır ki, vaxtilə xristian (qriqorian) hay olmuş şair sonralar islam dininə tapınmış və sufi cərəyanlarından birinə qoşulmuş, «Sayat Nəva», «Səyyad Nəva» və ya «Seyid Nəva» təxəllüsünü götürmüşdür. Onun yaradıcılığında Azərbaycanda və Anadoluda yayılmış bəzi sufi təriqətlərinin Hz. Əli və Əhli-Beyt aşiqliyi (onları sevənləri sevmək), təbərra (Əhli-Beyti sevməyənləri sevməmək) kimi prinsipləri də özünü büruzə vermişdir. Bu ehtimal aşığın Azərbaycan türkcəsində yazdığı qoşma və divanilərində də özünü göstərir. Onun poeziya nümunələrində islam peyğəmbərinə, Hz. Əliyə, Pir Sultan Abdala, Əhli-Beytə ünvanlanmış irfani ifadələr çoxdur. Bu ifadələrdən məlum olur ki, Sayat Nova təkcə islami biliklərə deyil, mənsub olduğu sufi təriqətinin ehkamlarına da möhkəm yiyələnən müsəlman olmuşdur. Bundan başqa, Sayat Novanın «divani» adlandırdığı heca vəznində yazdığı qəzəlləri bir qayda olaraq özünə «pir», «ustad» seçdiyi Şah İsmayıl Xətayiyə xitabən başlayır: «Dedilər ki, Şah Xətayi, çağırıram haqq mədət…», «Dedilər ki, Şah Xətayi, küllü-aləm yaradan…», «Dedilər ki, Şah Xətayi, çağırıram şahi-şah…» və s. Akademik Həmid Araslı Sayat Novanın divani yaradıcılığından bəhs edərkən bu məsələni xüsusi olaraq vurğulamışdı. O qeyd edirdi ki, «şairin «divani» adlandırdığı heca vəznində qəzəlləri bir növ ustadnamədir. Aşıq öz ustadının əsərini oxumazdan əvvəl ustada həsr olunmuş divani ilə məclisə üz tutur. Bu divani bir qayda olaraq Şah Xətayiyə xitabən başlayır... Bu, təkcə Azərbaycan dilində yazılan divanilərdə deyil, erməni, gürcü dilində yazılan divanilərdə də belədir». Aşığın sonralar Tiflisdəki erməni monastrına zorən gətirilməsi, yenidən vəftiz edilməsi və rahib olması, «Ter-Stepanos» adı ilə əvvəlcə İrandakı Ənzəli kilsəsində, 1765-ci ildə isə Qaxdakı kilsədə xidmət göstərməsi, xüsusilə Şah Abbasın Tiflisə hücumu ərəfəsində isə birdən-birə və səbəbsiz qətlə yetirilməsi də bu ehtimalı təsdiqləyir...
Erməni aşıq sənətində müsəlman ermənilər və xristian (qriqorian) türklər amilini istisnada saxlayan Ermənistan folklorşünasları etiraf edirlər ki, erməni dilində aşıq sənətinin təməlini Aşıq Civani (Serob Lovonyan, 1846-1909), Varpet Aşıq Şirin (Ovanes Karapetyan, 1827-1856), Aşıq Camali (Mkrtıç, 1848-1921), Aşıq Paytsare (Varşam Trdatyan, 1859-1904), Aşıq Avazi (Tadevos Hovanisyan, 1837-1876), Aşıq Həyat (Sukias Zaqriyan, 1850), Aşıq Şeram (Qriqor Talyan, 1857-1938) və başqaları qoyublar. «Onlaradək erməni aşıqları türk və fars (?) dillərində mahnılar oxuyublar. Bununla belə, erməni aşıqları bir neçə xarici dil bilirdilər və aşıq yarışlarında qalib adını qazanırdılar». Xeyli müddətdir ki, İrəvanda Aşıq Civani adına aşıq məktəbi, «Sayat Nova» adına Dövlət aşıqlar kollektivi, «Sayat Nova» Mədəniyyət İttifaqı, Aşıq Avazi adına Gənc aşıqlar ansamblı fəaliyyətə başlamış, aşıq yaradıcılığı müsabiqələri, festivallar keçirilməkdədir. Ermənistan Respublikası etnik mədəniyyətinin xarici ölkələrdə təbliğində həmin kollektivlərdən fəal şəkildə istifadə edir. Aşıq sənətinin öz mənbəyinin erməni xalq yaradıcılığından götürməsi, digər xalqların isə onu mənimsəməsi iddiasına xidmət edən bu təbliğat xarici ölkələrdə də yayılmaqdadır. Erməni aşıqlarından ibarət heyətin İran və Rusiyaya, Avropa dövlətlərinə, Livana və s. uzunmüddətli qastrol səfərləri təşkil olunur, həmin konsertlərdə Anadolu və Azərbaycan türklərinə aid sənət nümunələri «erməni mədəni irsi» kimi təqdim edilir.
Nəticə
Beləliklə, XXI əsrin əvvəllərindən etibarən Ermənistan «əbədi düşmən» saydığı Türkiyə və Azərbaycana (hazırda bu sıraya Gürcüstanı da əlavə etmək olar) qarşı assimmetrik mübarizədə müsəlman ermənilər, kriptoermənilər və ya erməni təbliğatında göstərildiyi kimi, «zorən islamlaşdırılmış və türkləşmiş ermənilər» amilindən də geniş istifadə etməkdədir. Onun fəaliyyəti təkcə «Kimliyə dönüş» (Türkiyə) və «Qarabağa qayıdış» (Azərbaycan) proqramları ilə kifayətlənmir, əsas məqsəd erməni iddialarına daxildən dəstək almaq üçün həmin ölkələrdə radikal kollaboratsionist sosial baza yaratmaq, onun vasitəsilə dövlətin siyasi iradəsinə təsir etməkdir. Təhlillərdən göründüyü kimi, Ermənistanın bu siyasəti regionda geosiyasi və geoiqtisadi iddiaları olan fövqəlgüclərin, eləcə də bəzi qonşu dövlətlərin də mənafelərinə cavab verir.
Rəsmi İrəvanın beynəlxalq ictimai fikirdə yaratdığı rəyə baxmayaraq, «islamlaşdırılmış ermənilər» məsələsinin gündəmə gətirilməsi heç də altruist ideya deyildir və Ermənistanın müsəlman soydaşlarına qayğısından irəli gəlmir. Məsələn, «Kimliyə dönüş» planı vasitəsilə ermənilər Türkiyədə həmin kollaborasionist sosial qrupu yaradıb təşkilatlandırmaqla ondan qondarma «erməni soyqınımı»nın rəsmi Ankara tərəfindən tanınmasında, torpaq («Qərbi Ermənistan» ərazilərinin «qaytarılması») və təzminat (qondarma «erməni soyqırımı» qurbanlarının varislərinə kompensasiya ödənilməsi) iddialarının ödənilməsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmədən Türkiyə və Ermənistan arasında sərhədlərin qeyd-şərtsiz açılması tələblərində istifadə etmək niyyətindədirlər. Azərbaycanda isə belə sosial baza üçün etnik-dini əsasın olmaması rəsmi İrəvanı və erməni diasporasını öz planlarında spesifik düzəlişlər etməyə vadar etmişdir. Belə ki, «Qarabağa qayıdış» proqramında məqsəd Türkiyə, Rusiya, İraq, Suriya, İran ərazilərindən müsəlman erməniləri Azərbaycan ərazilərinə köçürmək, onların əsasında burada «əlahiddə müsəlman erməni icmasından» ibarət kollaborasionist baza, eyni zamanda Ermənistan üçün «müdafiə eşalonu» yaratmaq, beləliklə, rəsmi Bakının siyasi iradəsinə içəridən təsir etməkdir. Paralel olaraq, «etnik kimliklərinə qayıdan müsəlman ermənilərin» siyasi fəallığı nümunəsində Türkiyədə, Azərbaycanda və Gürcüstanda digər etnik və dini qrupları milli dövlətçiliyə qarşı ayağa qaldırmaqdır. Beləliklə, hər iki planın mahiyyəti Türkiyə, Azərbaycan və Gürcüstanı fövqəlgüclərin siyasi iradəsinə tabe etdirməkdir. Əks təqdirdə, onların ərazisi etnik dövlətlərə parçalanacaq, ən yaxşı halda isə ya federativ, ya da konfederativ dövlətə çevriləcəklər. Təbii ki, bu iki variantdan biri həyata keçərsə, Ermənistan Respublikası uduşda qalacaqdır…
(Ardı var)