Yeniyetmə və gənclərdən ibarət milli komandamız Çilinin paytaxtı Santyaqoda keçirilən dünya çempionatını dörd medalla başa vurublar.
Teleqraf.com xəbər verir ki, 16-18 yaşlı gənclərdən ibarət komandamızın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) bürünc medala sahib olublar. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq), Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (+84 kq) isə medalçılar arasına düşə bilməyiblər.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov komandanın daha yüksək nəticə əldə etmək imkanlarının olduğunu bildirərək deyib: “Heyətdə yeni idmançılar olsa da, komanda əsasən titullu karateçilərdən ibarətdir. Doğrusu, 21 yaşadək idmançılar və 16-18 yaşlı gənclərdən bir neçə final və qızıl medal gözləyirdik. Yeniyetmələr isə belə yüksək səviyyəli yarışlara ilk dəfə çıxdığından nisbətən təcrübəsiz olurlar. Xüsusi qeyd edim ki, yarış proqramında dəyişikliklər, Çilidə baş verən hadisələr idmançıların fiziki və psixoloji durumuna mənfi təsir göstərdi. Bu və digər səbəblərdən gözlədiyimiz nəticəyə tam nail ola bilməsək də, vətənə əliboş qayıtmırıq. Azərbaycan yenə də dünyanın sayılıb-seçilən karate ölkələri arasında mövqeyini qorudu. Yarışlarda iştirak etmək üçün bizə dəstək olan bütün təşkilatlara minnətdarlığımı bildirirəm. Qarşıdakı rəsmi yarışlarda da karateçilər onlara göstərilən etimadı doğrultmaq üçün bacarıqlarını əsirgəməyəcək, Azərbaycan idmanını dünyada tanıtmaqda davam edəcəklər”.
Yeniyetmə və gənclər milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Anar Allahverdiyev dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərək bildirib: “Federasiya il ərzində yeniyetmə və gənclər milli komandasını nəzərdə tutulan bütün sınaq yarışlarına göndərib. Sınaq yarışlarına əsasən dünya çempionatına özlərini doğruldan idmançılar gəlmişdi. Dünya çempionatında nəticəni qənaətbəxş hesab etmək olar. Yarışda yüksək əyarlı daha çox medal gözləyirdik. Lakin idmançıların iqlimə adaptasiyasında problemlər oldu. Əvvəlcədən yarışın proqramına əsasən idmançıların çıxış edəcəyi günlərə görə ölkəyə daxil olma vaxtları hesablanmışdı ki, adaptasiyaya mənfi təsir göstərməsin. Santyaqoda siyasi durumdan asılı olaraq, yarış proqramında yaş qruplarının çıxış edəcəyi günlər dəyişdiyinə görə idmançıların iqlimə uyğunlaşması nəzərdə tutulduğu kimi olmadı. Bu səbəblərə görə Avropa və dünya mükafatçılarımızın çıxışları gözlənilən nəticəni vermədi. Buna baxmayaraq, onlar medal görüşlərinədək mübarizə apardılar.
Noyabrın sonunda 2020-ci il üçün yeniyetmə və gənclər milli komandasının tərkibini təyin etmək üçün respublika çempionatı keçiriləcək. Yeni tərkiblə gələn ilin fevralında Macarıstanda Avropa çempionatına hazırlıqlara başlayacağıq”.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov final görüşlərini idarə ediblər. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarını on il idarə etdiyi üçün C.Babayev WKF-in Hakimlər komitəsinin sədri Xavier Eskalante tərəfindən fəxri yubiley medalı ilə təltif edilib.
Karateçilər oktyabrın 31-də Bakıda olacaqlar.