19 May 2017 17:47
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, təcrübəli pedaqoq, gözəl və nəcib insan Ədviyyə Rəhmətova ötən gün 73 yaşında vəfat edib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

İttifaq bu barədə nekroloq yayıb. Nekroloqda deyilir:

“Ədviyyə Rəhmətova 1944-cü il martın 30-da Bakıda dünyaya göz açıb. İlk musiqi təhsilini Bakı şəhər 2 aylı uşaq musiqi məktəbinin fortepiano sinfində alan Ədviyyə Rəhmətova 1959-cu ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun “Musiqi nəzəriyyəsi” şöbəsinə daxil olub. Burada təhsil aldığı illərdə bəstəkarlığa böyük həvəs göstərib və piano üçün ilk prelüdlərini yazıb.

Bu prelüdlər müəllimlərinin də diqqətini cəlb edib və onların məsləhəti ilə Midhəd Əhmədovdan kompozisiya üzrə dərslər almağa başlayıb.

1963-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsinə (professor Cövdət Hacıyevin sinfi) daxil olan Ə.Rəhmətova tələbəlik illərində görkəmli bəstəkarlardan dərslər alaraq bu sənətin sirlərinə yiyələnib. Tələbəlik illərində müxtəlif musiqi janrlarında qələmini sınayan bəstəkar piano üçün prelüdlər, fuqalar, sonatina, simli kvartet, “Nizami” kantatası, xalq çalğı alətləri orkestri üçün pyeslər, mahnı və romanslar yazıb”.

Qeyd olunur ki, Ədviyyə Rəhmətova 1970-ci ildə ixtisas müəllimi, görkəmli bəstəkar, professor Cövdət Hacıyevin tövsiyəsi ilə yazdığı “Tar ilə xalq çalğı alətləri orkestri üçün konsert”i diplom işi kimi təqdim edib:

“Müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar müxtəlif janrlara müraciət edərək özünəməxsus musiqi dili ilə seçilən maraqlı əsərlər yaratmışdır. O, tar ilə xalq çalğı alətləri orkestri, kamança ilə kamera orkestri, soprano ilə kameraorkestri üçün konsertlər, kamança və qanun ilə simfonik orkestr üçün ikili konsert, simfoniya, “Şahsevənlər ocağına səyahət”, “Dədə Qorqud” simfonik poemaları, simli kvartet, violonçel və piano üçün “Elegiya”, həmçinin xalq çalğı alətləri orkestri üçün bir sıra lirik rəqslərin, Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romansların, kamera -instrumental əsərlərin müəllifidir.

1978-ci ildən Bəstəkarlar İttifaqının üzvü olan Ədviyyə xanımın əsərləri mütəmadi olaraq qurumun müxtəlif tədbirlərində müvəffəqiyyətlə ifa edilib. O, Bəstəkarlar İttifaqının vətənpərvərlik mövzusunda mahnı müsabiqələrində dəfələrlə iştirak edərərk, “İrəli hey, əsgər!” (1994) və “Enməyən bayraq” (1997) mahnılarına görə III mükafata, habelə Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş mahnı müsabiqəsində (2009) II mükafata layiq görülüb”.

Bəstəkarın yaradıcılığında əsasən instrumental konsert və mahnı janrlarında əsərlər üstünlük təşkil edir. Onun əsərlərinin emosional-obraz dairəsi insanın mənəvi aləmi, hiss və həyəcanı, düşüncələri və arzularının ifadəsindən ibarətdi: “İnsanın mürəkkəb və ziddiyyətli daxili aləmini əks etdirən bu ideyalar lirik və ifadəli melodiyalarda öz təzahürünü tapır. Bəstəkarın özünəməxsus milli intonasiyaları ilə qəlbləri oxşayan oxunaqlı və yaddaqalan səmimi melodiyaları genişdinləyici kütləsi tərəfindən rəğbətlə qarşılanır.

Mahnı janrına xüsusi məhəbbətlə yanaşan bəstəkar tanınmış şairlərdən Əlağa Kürçaylı, Bəxtiyar Vahabzadə, Tofiq Bayram, Nəriman Həsənzadə və başqalarının sözlərinə çoxlu mahnı və romanslar yazmışdır. Onun mahnıları Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova və digər tanınmış sənətkarlar tərəfindən ifa edilib.

Bəstəkarın yaradıcılığına xas olan cəhətlərdən biri də onun milli musiqi alətlərinə xüsusi marağıdır. O, xalq çalğı alətləri üçün böyük və xırda həcmli müxtəlif əsərlər yazmışdır. Tar və kamança konsertləri respublikanın aparıcı musiqikollektivlərinin və görkəmli ifaçıların repertuarında xüsusi yer tutur. Bu əsərlər musiqi təhsili ocaqlarının tədris proqramına daxil edilib.

Ədviyyə Rəhmətovanın tanınmış kamança ustası Ədalət Vəzirovun xatirəsinə həsr olunmuş kamança ilə kamera orkestri üçün 1 saylı konserti alətin virtuoz ifa xüsusiyyətlərini nümayiş etdirən maraqlı əsərlərdəndir. İlk dəfə 2002-ci ildə Bəstəkarlar İttifaqının plenumunda Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Q.Qarayev adına Dövlət Kamera Orkestri tərəfindən ifa edilən bu əsər 2003-cü ildə Ə.Rəhmətovanın təşəbbüsü ilə təşkil olunmuş xatirə gecəsində də səslənib.

Sənətkarın parlaq və ifadəli melodiya vasitəsilə vokal səsinin ifadə xüsusiyyətlərini əks etdirən soprano ilə kamera orkestri üçün konserti ilk dəfə 2007-ci ildə Bəstəkarlar İttifaqının VIII qurultayında Dövlət Kamera Orkestri tərəfindən ifa edilib və musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Ədviyyə xanım uzun illər A.Zeynallı adına Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olub. Onun pedaqoji iş stajı yarıməsrlik bir dövrü əhatə edir. O, təqaüdə çıxana qədər Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin fortepiano şöbəsində nəzəriyyə fənnindən dərs deyib və gənc musiqiçilərə hər bir fənni sevdirməyə çalışıb.

Yüksək nəcib insani keyfiyyətləri ilə həmişə tələbələrinin və həmkarlarının, habelə onu tanıyan hər bir kəsin məhəbbətini qazanan Ədviyyə xanım onu tanıyanların yaddaşında əbədi yaşayacaq

Allah rəhmət eləsin!”


Müəllif: Nərmin

Oxşar xəbərlər