31 Oktyabr 2017 17:19
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com aktyor Taleh Yüzbəyovla müsahibəni təqdim edir.

– Taleh bəy, aktyor təhsiliniz var?

– Bəli...

– Harda oxumusunuz?

– 2005-2009-cu illərdə “Teatr və kino aktyoru” olaraq İncəsənət Universində təhsil almışam.

– Daha çox kütlə arasında məşhursunuz. Tanındığınız ərazi ilə razısınızmı? Məsələn, istəməzdinizmi sizə alimlər, ziyalılar da baxsın?

– Doğrudur, izləyicilərimin əsas hissəsini kütlə təşkil edir. Amma sosial şəbəkələrdə vaxtilə məşhur, ciddi hesab elədiyim adamlar da mənə yazır, özləri yaxınlaşır, görüşmək istəyirlər. Məsələn, əsas sahəm kino aləmdir, orda tanınıram. Korporativ şirkətlərdə, banklarda da çox tanınıram. Düzü, hamı məni tanımağa da məcbur deyil. Çünki hələ o qədər böyük bir şey eləməmişəm.

– Tanınmaq sizə nəsə verir?

– Əlbəttə, verir. Aktyorun işi məşhur olmaqdır.

– Konkret maddi mənada nə verir?

– Reklamlar vasitəsilə pul qazanıram. 2009-da universiteti qurtarıb əsgərliyə getdim. Sonra teatrda işlədim. Uzun müddət heç bir yerdə çəkilməmişəm. Sırf sosial şəbəkələrdə məşhur olandan sonra isə təkcə 2017-ci ildə beş kinoda çəkilmişəm. Təkliflər də var. Ola bilər ki, ilin sonuna kimi filmlərdə yenə oynayım.

– Uğurlarınıza görə təkcə Marka təşəkkür edirsiniz, yoxsa ayrı adamlar da var?

– Kurs rəhbərim Fərhad İsrafilov olub. Azərpaşa Nemətov, Bəxtiyar Xanızadə məni öyrədən müəllimlərdəndir. Çünki bünövrəni qoyublar. Onlara təşəkkür edirəm. Amma mənim uğurlarımda rolu olan hər hansı konkret rejissor adı deyə bilmərəm. Çünki özüm çəkməyə başlamışam.

– Bəs təşəkkür eləmək istəmədiyiniz kimlər var? Yəni mane olanlar?

– Bəlkə də mane olublar, amma xəbərim yoxdur. Düzü, xüsusilə qarşımı kəsən, mənə pislik eləyən insan tanımıram. Mən uzun müddət ofis işində çalışmışam. Bu, mənə vaxt baxımından maneçilik törədib. Həm də xeyri olub. O mənada ki, videoları ofisdə çəkmişəm. Əslində, mən özüm özümün düşməni olmuşam. Kastinqlərdə heç vaxt özümü yaxşı göstərə bilməmişəm. Məşhurluqdan əvvəl çox kastinqdə olmuşam, amma az seçilmişəm.

– Dediniz ki, pul qazanıram. Bu, yaxşı bir qazancdır?

– Baxır sizin üçün yaxşı nədir...

– Pulun məbləğini soruşuram.

– Özümü dolandıracaq qədər qazanıram. Amma teatrda 162 manat maaş alırdım. Ona görə məcbur olub ofisdə işləməyə başladım. Ofisdə isə təxminən, teatrdan üç dəfə artıq maaş alıram. Buna görə də ofisdə qaldım. İnşallah, gələn aydan ofisdən tamamilə ayrılıb öz işlərimi görmək istəyirəm.

– Ancaq kommesriya filmlərinə çəkilirsiniz?

– Bəli, demək olar ki... Onsuz da indi ancaq komersiya filmləri çəkilir.

– Belə çıxır ki, məqsədiniz kütlənin zövqünü oxşamaqdır...

– Məqsəd pul qazanmaqdır. Çünki başqa variant da yoxdur. Hər bir filmin çəkliməsinə ən azı əlli min pul xərclənir. Və əlli min xərcləyirsənsə, əlbəttə, kütləni nəzərə alırsan ki, o pulu qaytara biləsən. Yoxsa bankrot olarsan.

İkincisi, bizim cəmiyyət hələ o dərəcədə formalaşmayıb ki, onlar sırf sənət filmlərinə baxsınlar, maraq göstərsinlər.

– Sizcə, cəmiyyət o dərəcədə formalaşmayıbsa, aktyor, sənətkar da o səviyyədə işlərmi görməlidir?

– Aktyor icraçıdır. Aktyor film çəkən deyil və belə bir məsuliyyət də onun çiyinlərinə qoyulmamalıdır. Sadəcə, aktyora rol verirlər, o da oynayır. Bəli, aktyor oynamaya bilər. Bəs ac qalsın? Film elə bir sahədir ki, bir nəfərdən asılı deyil. Bu, böyük bir komanda işidir və hər şey də ona hesablanır ki, pul qazanasan. Əgər bir xeyriyyəçi adam olsa, pul versə ki, gedin sənət filmləri çəkin, festivallara göndərək. Bu, başqa məsələ... Elə adamlar isə Azərbaycanda təəssüf ki, yoxdur. Bəlkə də var, mən tanımıram.

– Bildiyimizə görə, İncəsənət Universitetində təhsil almaq üçün yüngül bal toplayırsan, qabliyyət imatahında isə bir az xərcə düşürsən...

– Əlbəttə, belə şeylər var.

– Bəs siz qabiliyyət imtahanından hansı yolla keçmisiniz?

– Mən qabiliyyət imtahanından kəsilmişəm. Düzdür, kimisə qınamaq istəmirəm, çünki özüm də yaxşı hazırlaşmamışdım. Amma İncəsənət Universitetində məni qabiliyyət imtahanında çox pis sındırdılar. Bir xalq artistimiz var, xanımdır...

– Adı nədir?

– Adını çəkmək istəmirəm. Çox acıdil bir xanımdır. O, məni çox pis sındırdı. Dedi ki, bala, sən istedadsızsan. Sənin yerin bura deyil. Get başqa bir işlə məşğul ol və s. Məncə, 18 yaşlı uşaqla belə eləməzlər. Qabiliyyət imtahanından kəsildim. Amma İncəsənət Universitetində qabiliyyət tələb etməyən, balı isə bir az yüksək olan fakültə var. Bayaq da dedim, Teatr və kino aktyorluğu. Orda oxudum. Həmin xalq artistindən isə müəyyən dərəcədə intiqamımı almışam.

– Necə?

– Üçüncü kursda səhnə danışığında rol oynayırdım. O da imatahanı qəbul eləyirdi. Qayıtdı ki, sənin oyunun məni valeh elədi. Yəni iki ildən sonra ona sübut elədim ki, mən istedadsız deyiləm.

Ümumiyyətlə, İncəsənət Universitetini söküb təzədən yığmaq lazımdır. Ora sənət yeri deyil. Bu universitet aktyor olmaq istəyən insanları bədbəxt eləyir, nəinki onlara nəsə öyrətsin. Təsəvvür edin, İncəsənət Universitetinin aktyor fakültəsində səhnə yox idi. Orda hər şey Sovet dövründən qalıb. Ona görə də İncəsənət Universitetinin aktyorluğunu qurtaranlar müğənni olurlar, aktyor yox. Sadəcə, mənim bəxtim gətirdi ki, müəllimlərim yaxşı oldu. Səhətindən, yuxusundan keçiblər və məni öyrədiblər. Hamısı belə deyil.

– Taleh bəy, indi siz bir aktyor kimi kütlənin əlinə baxırsınız?

– İnsanlar var ki, yaxşı kino çəkir. Kinoteatra çıxarırlar, amma heç kim gedib baxmır. Və aktyor da məcbur olur ki, kütlənin əlinə baxsın. Ümumiyyətlə, təəssüf ki, zövqü yaxşı olan insanlar ancaq danışmaqla məşğuldurlar, sosial şəbəkələrdə status yazırlar, iş görmürlər. Mən şikayət eləyən yazıçı, şair, ssenarist, rejissor görəndə əsəbiləşirəm. Nəsə elə, iş gör, niyə şikayətlənirsən?

– İş görmək mümkündür?

– Sən cəhd elə! Əvvəl-axır alınacaq. Axı yazıçı niyə şikayət edir ki, kitab oxumurlar? Yaxşı yaz, oxusunlar. Mümkün deyil ki, sən yaxşı yazasan, amma görməsinlər. Orta xətti tapmaq lazımdır. Nə çox bayağı olsun, nə də terminlərlə dolu fəlsəfi bir şey. Əsas odur ki, tamaşaçı, oxucu yığasan, sonra da mesajlarını verəsən. Deyirsən ki, şeir oxumurlar. Bəlkə sənin yazdığın şeir deyil. Ona görə oxumurlar. Heç bunu düşünmürsünüz?

– Məsələn, sizcə, İsa Hüseynov yaxşı yazmır deyə oxunmur?

– Görünür, özünü kütləyə yaxşı çatdırmayıb ki, oxumurlar. Oxunmaq üçün dövrlə ayaqlaşmaq lazımdır. Məsələn, mən aktyoram. Mənim işim video çəkmək deyil. Amma çəkirəm. İndi sosial şəbəkə dövrüdür. Videolarımı orda paylaşıram. Sən də elə, dövrlə uyğunlaş, başa düşürsünüz? Teatrda filmə baxmırlar deyə, ruhdan düşməməlisən, başqa yollar tapmalısan.

– Özünüz kitab oxuyursunuz?

– Əlbəttə...

– Xoşladığınız yazarlar kimlərdir?

– Məsələn, Nodar Dumbadze...

– “Ağ bayraqlar”ı oxumusunuz?

– Bəli...

– Yerli yazarlarımızda kimlər sizin üçün maraqlıdır?

– Fəriman Kərimzadədən “Çaldıran döyüşü”, “Xüdafərin körpüsü”nü oxumuşam.

– Bu günün yazarlarından...

– Çətinlik çəkirəm. Demək olar ki, lap müasirlərdən heç kimi oxumamışam.

– Bəs fikirləşmirsiniz ki, bu günün yazarlarını oxumaq sizə daha maraqlı ideyalar verə bilər?

– Oxumağım üçün o yazar mənə çatmalıdır. İndi yadıma düşdü, deyim. Əli Əkbərin “Gilə”sini oxumuşam. Çünki Əli Əkbər sosial şəbəkə vasitəsilə o kitabı mənə çatdırdı. Yəni bildim ki, belə bir əsər var. Məndə maraq yaratdı. Və getdim pul verib o kitabı aldım. Xoşuma gəldi.

Yenə deyirəm, kitabı yazmaq əsas deyil, onu sata bilmək də lazımdır. Mən demirəm özü satsın. Adam tapsın, özünə prodüsser tutsun. Xaricdə yazıçılar kitablarını özü satmır ki... Bunu eləmək üçün xüsusi adamlar tutulur, piar eləyirlər... Kapitalizmdir, sağ qalmağı, hansı yolla olur olsun, öz kitabını satmağı bacarmalısan.

Məsələn, Kəramət yazdığını bircə dəfə düzgün piar eləyib satdıra bilsə, davamı gələcək. Bunu öz təcrübəmdən bilirəm. Bir dənə video çəkdim, tutdu və camaat növbətisini gözləməyə başladı.

– Taleh bəy, 30 yaşınız var. Bu yaş üçün özünüzə lazım olan uğurları qazana bilmisiniz?

– Deməzdim.

– Bəs nə istəyirdiniz?

– Daha yaxşı rollara çəkilmək. Düzü, bu il mənim üçün daha bərəktli oldu. Beş filmə çəkilmişəm. Birində baş roldayam. Digərlərində isə epizodik rollardır. Əslində, 30 yaşı aktyor üçün çoxdur, az deyil.

– Fanatlarınız arasında yəqin, xanımlar daha çox olar...

– Əslində, mənim videolarıma kişilər daha çox baxır. Çünki əvvəlki videolarımla, evli kişi dramlarımla xanımların xətrinə dəymişəm. (gülür)

– Sonda... Maraqlıdır, Hollivud filmlərinə çəkilmək üçün sizə nə mane olur?

– Çox şey mane olur. Hollivud yüksək plankadır. Görkəmin o filmlərə uyğun olmalıdır. Mənim qarnım kimi qarnın olmamalıdır. Əsas isə dil bilməlisən. Mükəmməl ingilis dilin olmalıdır. Biz Hollivud filmlərinə tərcümə ilə baxırıq deyə o incəlikləri görmürük, halbuki, onlar oynadığı rollarda mənsub olduğu xalqın ləhcəsi ilə də danışırlar. Bu, çox böyük və peşəkar bir prosesdir. Biz isə çox tənbəlik. Adicə qarnımızı əritməyə can çəkirik, o ki qaldı 30 kq arıqlamaq. Məsələn, hansısa Hollivud aktyoru haqqında deyə bilməzsən ki, o istedadsızdır, amma qabağa gedib. Hamısı istedadlıdır. Çünki əziyyət çəkirlər, məşğul olurlar...


Müəllif: Kəramət Böyükçöl, Çinarə Böyükçöl