4 Dekabr 2017 19:01
8 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavidan Fatihini bir şeir gecəsində görmüşdüm. Bu günə qədər bir xeyli gitar ifaçıları ilə qarşılaşmışam. Amma Cavidanın onlardan fərqləndiyini açıq-aşkar hiss etmək olurdu. Həm səsinin tonu, həm də gitardakı ifası istedadından xəbər verirdi. Şeir gecəsindəki insanların alqışları da bu fikirlərimi təsdiqləmiş oldu. Sonradan onunla maraqlanmağa başladım. Demək olar bütün ifalarını dinlədim. Bu gənc oğlanı sizə də tanıtmağı özümə borc bildim.

- Səni müğənni kimi təqdim edək, yoxsa hüquqşünas kimi?

- Əslində indi nə peşəkar müğənni kimi fəaliyyət göstərirəm, nə də ali məktəbin hüquq fakültəsini bitirməyimə baxmayaraq, hüquqşünas kimi... Bəlkə elə musiqiçi deyək... Ya da birbaşa Cavidan Fatihi.

- Belə çıxır ki, yol ayrıcındasan. Özünü nə musiqiçi sayırsan, nə də hüquqşünas. Heç biri ilə peşəkar məşğul deyilsən...

- Xeyr, mən musiqiyə həvəskar kimi yanaşmıram. Düzdür, nə gitar, nə də vokal üzrə təhsil almışam. Sadəcə, Allahın verdiyi istedadla davam edirəm. Yəni təhsilli musiqiçilərin yanında özümə rahatlıqla peşəkar musiqiçi deyə bilmirəm. Ancaq bu sənətlə ciddi məşğul olmaq niyyətindəyəm.

- Musiqi sahəsində hüquqşünas biliklərin sənə kömək edirmi?

- Bu yaxınlarda belə bir halla qarşılaşdım. Mənim ifa etdiyim mahnıların çoxunu kavrlar təşkil edir, yəni kimsə oxuyur, mən də onu özümünküləşdirib təkrar oxuyuram. Yaxınlarda biri yazmışdı ki, sən filankəsin mahnısını oxumusan. Öz aləmində mənə irad tuturdu. Dedim niyə? Mən ki müəllif hüququnu qorumuşam, sonluqda adını-soyadını yazmışam. Mənim mahnıma kimsə öz nəfəsini qatıb belə maraqlı ifa etsə, mənə xoş olar. Ancaq müəllif hüququnu qorumaq şərti ilə...

- Səncə, özünü geniş auditoriyaya tanıtmaq üçün daha çox dəstəyə ehtiyacın var, yoxsa istedadın kifayət edir?

- Musiqiyə necə başladım, onu danışım... Bir gün dostumla kafeyə getmişdik, 6-7 stolluq kafeydi. Yəni kiçik bir məkan. Gözümə kənara söykənmiş gitar dəydi, içimdə aşıb-daşan musiqi sevgisi məni gitarın yanına apardı. Bir də baxdım ki, kökləyib ifa edirəm. Bu, kafe sahibinin çox xoşuna gəldi. Soruşdu ki, icazə versək, bizim qonaqlar üçün ifa edə bilərsiz? Əvvəl qəbul etmədim, sonra düşündüm ki, sevdiyim bir işdi, niyə də yox?.. Özümü bir sınayım. Və başladım mikrofonsuz, "kolonka"sız canlı ifalara. Bu minvalla ayda 2-3 dəfə kafedə çıxış edirdim.

Düşünürəm ki, istənilən peşədə dəstək mütləq olmalıdır. Çünki insan öz istedadının gücünə yalnız müəyyən məqama qədər gələ bilər. Məsələn, mən istedadımla 5 min adamı ifama cəlb edə bilərəm. Dəstək verilsə, reklamım olsa, bu rəqəm 25-30 minə yüksələ bilər.

- Hər valideyn övladının təhsil almasını arzulayır. Sən isə hüquqşünas təshili almağına baxmayaraq, bu ixtisası kənara qoyub musiqiylə məşğulsan. Ailədən buna etiraz etmədilər ki?

- Mən orta məktəbi Yevlax rayonunda oxudum, sonra Türk liseyinə daxil oldum. Liseydə təhsil ödənişli idi. Valideyinlərimə sonsuz təşəkkür edirəm ki, təhsil almağım üçün əllərindən gələni etdilər. Pullarını mala-mülkə yox, mənim təhsilimə xərclədilər. Mən də onların ümidini doğrultdum, qəbulda yüksək bal topladım.

Ailədə bircə bibim istəyirdi ki, incəsənətlə məşğul olum. Ancaq valideyinlərim israr etdilər ki, yalnız hüquqşünaslığı oxuyandan sonra incəsənətə yönələ bilərəm. Elə də oldu. Amma indi düşünürəm ki, incəsənət üzrə təhsil alsaydım, daha əla olardı.

- Bu sənətdə özünə kumir bildiyin kimsə varmı?

- Korifey müğənnilərimizi sevirəm.

- Bəs sənətindən öyrəndiyin kimlərdir?

- Daha çox retro mahnılardan öyrənirəm. Rəşid Behbudov, Şövkət Ələkbərova ən çox dinlədiyim sənətkarlardır. Ancaq oxşamaq istədyim biri yoxdur.

- Əslən Cənubi Azərbaycandan, Ərdəbildənsən. Bu musiqi sənə gendən gəlir, yoxsa?..

- Anam ağdamlı qızıdır. Əvvəl elə düşünürdüm ki, səs mənə Ərdəbil tərəfdən gəlir. Ancaq indi əminəm ki, səsim Ağdamın, Qarabağın havasından baş alıb.

- Nə zamansa Cənubi Azərbaycanda konsert vermək istərdin?

- Əlbəttə... Bu, möhtəşəm hissdir. Həmişə sosial şəbəkələrdə cənubu izləyirəm. Məncə, onlar həsrəti bizdən daha çox yaşayırlar. Onlarda o ağrı daha güclüdür. Hərdən mənə elə gəlir, bu yanğı mənim də səsimə hopub. Cənub soydaşlarımızın qarşısında nə zamansa konsert versəm, mən onların içindəki yanğıya su səpməyi bacaracam.

- Daha çox kimlərin repertuarına müraciət edirsən?

- Bizim retro mahnılara üstünlük verirəm. Amma dinləyici tələbatı da var. Çalışıram repertuarım rəngarəng olsun.

- Səndən daha çox hansı mahnıları istəyirlər?

- Rasim Müzəffərlinin “Batmış gəmi” mahnısını... Sözləri mənim, musiqisi Əhrəman Göyüşovun olan “Mənə bir məktub yaz” mahnısı da rəğbətlə qarşılanır.

- Daha çox publarda, gənclərin sıx yığışdığı məkanlarda ifa edirsən. Bu işi geniş səhnələrə daşımağı düşünürsənmi? Hansısa ciddi bəstəkarla işləmək planın varmı?

- Təbii ki, ciddi planlarım var. Əminəm ki, ortaya uğurlu işlər qoya biləcəm. Özümə güvənirəm.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər