Xeyli vaxtdır efirdən uzaq düşmüş “Avrovizya-2008” təmsilçimiz Samir Cavadzadə Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Öncə başlayaq yeniliklərdən...
- Yayın əvvəllərində “Boş ver” adlı mahnımdan 1 dəqiqəlik hissəni sosial şəbəkədə paylaşdım, bəyənildi. İndi o mahnını tam versiyada təqdim etməyi düşünürəm. Çünki payız fəslində bu cür mahnılar sevilir. Dostlarım da səbirsizlənib, tez təqdim etməyimi istəyirlər.
Daha sonra müğənni Dilarə Kazımova, reper Nadir Nəğdpulla birgə duetimiz olacaq. Bir neçə yeni mahnılarım da var. Zaman-zaman hamısını təqdim edəcəm.
- Duetdən söz düşmüşkən, sizcə, Azərbaycanda gənclər tanınmış müğənnilərlə dueti dəstək almaq üçün oxuyur, yoxsa...
- Yox, mən elə fikirləşmirəm. Bu, yaxşı düşüncə deyil. Dəstəyi başqa cür göstərərlər. Qoy əsas rəyi tamaşaçılar desin. Kimsə özünü böyütmək üçün belə fikir yardır. Əslində müğənni müğənniyə dəstək də ola bilər. Bu, başqa mövzudur. Amma mən kiminləsə duet oxudum ki, onu tanısınlar - bu fikir yanlışdır.
- Bu günə qədər Samir Cavadzadəyə belə dəstək olmayıb?
- Məncə, yox. Mən elə düşünmürəm. Kimsə fikirləşir ki, ya Elnur Hüseynovun, ya Röyanın mənə dəstəyi olub, xeyr. Hər zaman dost kimi bir-birimizə dəstək vermişik. Hər şey qarşılıqlı olub. Mən bilirəm, siz söhbəti hara vurursunuz. Dəlidir də... Onda nə varsa, dilindədir.
- Söhbət Röyadan gedir. Onunla barışdınız?
- Biz heç küsməmişdik ki...
- Bir müddət öncə aranızda soyuq küləklər əsirdi...
- Olur da... Artıq böyümüşük. Bilirik ki, bir-birimizə düşmən deyilik. Aramızda olan söz-söhbətdən sonra qarşılaşdıq. Hətta Röya sosial şəbəkədə yazmışdı ki, “Samiri zəlil olsun, pişiyini mənim uşağıma göstərdi, uşağım indi o pişikdən istəyir”. Mən həmin yazını görəndə çox gec idi. Ona görə cavab verə bilmədim. Görəndə sadəcə güldüm. Yəni onun hərəkətini pis qəbul etmədim.
- Şou-biznesdə “Niyə evlənmirsiniz?” sualını tez-tez sizə ünvanlayırlar. Bəlkə vaxtdır?
- Bilmirəm niyə hamı mənim evlənməyimi gözləyir..
- Samirlə ailə quracaq qadın necə olmalıdır?
- Kaprizlərim çoxdur. İnsan gərək qarşındakının yaxşı və pis tərəflərini qəbul edə bilsin. Onda ömrünün sonuna qədər onunla yaşaya bilərsən. Heç böyük kaprizləri olan insan da deyiləm...
- Özünüzdən yaşca böyük xanımla ailə qurarsınız?
- Həyatdı, hər şey ola bilər. Amma özümdən çox kiçik yaşlı xanımla ailə qura bilmərəm. Açığı, məndən 2-3 yaş böyük xanımla ailə quraram, amma 15-20 yaş kiçik xanımla əsla. Biz o dəlilik dövrünü keçmişik, onun dəlilik dövrünə dözmək məcburiyyətində qalacağıq.
- Bəs şou-biznesdə olan xanımla ailə qurarsız?
- Yox. Evdə bir ulduz olar da... (Gülür). Əslində şouda olan cütlüklər bir-birini yaxşı başa düşərlər. Amma mənim xarakterimə uyğun deyil.
- Fasilələrlə hit mahnılar ifa edirsiniz. Amma həmkarlarınız açıqlama verəndə deyirlər ki, Samir öz üzərində çalışmır...
- Mənə deyirlər ki, sən bir mahnı oxuyursan, bizim 6 mahnımız yox olur.
- Düşünmürsünüz ki, sənətdəki həmkarlarınızın bir çoxu paxıldır?..
- Ümumiyyətlə, bizim sahənin insanlarının çoxunda paxıllıq var. Kənardan da hiss olunur... Kimin kimə paxıllığı var, kim başqasına söz atır, bunların hamısını tamaşaçılar da gözəl bilir. Mənimsə heç kimlə işim yoxdur.
- Elə məşhurlar var ki, kişi müğənnilərin plastik əməliyyat etməsinə normal baxmır. Siz necə düşünürsüz?
- Nəyi plastik əməliyyat edəcəyin çox önəmlidir. Kişilərə plastik əməliyyat olar. Amma nəzərə çarpan formada yox.
Kişilərdə üzü kosmetik düzəldirlər, bax bunu etmək gərəkdir. Çünki səhnə adamı daim formada qalmalıdır. Bunu adi insanlar anlamır. Səhnə gözəlliyi, cavan qalmağı tələb edir.
- Şou-biznesin hazırki vəziyyəti sizi qane edirmi?
- Məncə, indi toy biznesi var... Şou göstərənlərsə azdır. Məncə, toyu efirə gətirmək lazım deyildi. Efirin efir mədəniyyəti var. Mən demirəm ki, toy pisdir. Əladır... Amma toyu efirə daşımaq düz deyil.
İstərdim efirlərdə maraqlı mövzular olsun. Verilişlərin hamısında eyni tip müzakirələr, eyni adamlardı. Çoxlarının da işi ancaq müğənnilərlədi. Yəni müğənnilərə ilişməsələr, işləri yaxşı getməz. Başqa ölkələrdə də şou var. Amma orada etik qaydalar qorunur.
- Toylara gedirsinizmi?
- Mən hər toya getmirəm, seçirəm. Heç zaman toy qiymətim barədə də danışmamışam. Çünki qiymət danışmaqdan zəhləm gedir.
- Yenidən Azərbaycanı “Avroviziya” müsabiqəsində təmsil etmək istəyərsizmi? Təklif gəlsə, qəbul edərsizmi?
- Bu mənim üçün qəliz məsələdir. Təklif gəlsə, yaxşı heyət olsa, gedərəm.
- Samir həyatda nəyə peşmandır?
- Artıq o peşmançılığın üstündən uzun illər keçib. İndi daha soyuqqanlı olmuşam. Bu, sevgi də deyildi. Tamam başqa məsələdə idi. Məni ən çox təəccübləndirən insanların yalanıdır. Hər şeyi yıxan yalandır. Elə buna görə də bir çoxlardan qaçıram.
Əlbəttə, mənim də həyatımda tanıdığım, ünsiyyət qurduğum insanlar var. Amma onların sayı elə də çox deyil. Hər kəslə normal münasibət saxlayıram. Qoy məni görəndə sevinsinlər...
- Sonda əlavəniz varmı?
- Var. Demək istəyərdim ki, istedadsız insanları efirdə tərifləyib bu qədər yuxarı çıxartmaq olmaz. Söhbət məndən getmir. Azərbaycanda istedadlı gənclər çoxdur. Onlara dəyər verin, kömək edin. Axı, nə qədər eyni adamları reklam etmək olar? Hamını da eyni qazana qatırlar.
Ona görə kənara çəkilmişəm. Hərdən mahnı yazdırıram, bu da mənim bəsimdir...