23 Oktyabr 2018 15:29
2 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaradıcılıq sərhəd tanımır. Sənət daxili aləmimizə təsir edir, bizi təəccübləndirir, sehrləyir, hər şeydə, hər yerdə, adicə yarpağın ağacdan düşərək torpağa can atışında, təbiətin qanunauyğunluğu ilə saralıb-solmasında bizə yeni yaşantılar bəxş edir.

Su üzərində rənglərin özünəməxsus rəqsləri ilə keçmişdən bu gün yol alan əbru sənəti mənəvi dünyaya yol açır. Qarşımızdakı qapının açarı da özümüzdədir. Bu dünyaya girməyin yolu bizim qəlbimizdən keçir...

Mən bu sənətin sadəcə texniki qaydalarla icra edildiyini düşünürdüm. Ta ki onun ustası ilə söhbətləşənə və əbru sənətinin əslində nə olduğunu bilənə qədər...

Zaur Orucov AMEA Əlyazmalar İnstitutunun elmi işçisidir, Türkiyədə Mimar Sinan Gözəl Sənətlər Universiteti ənənəvi sənətşünaslıq bölümünü bitirib və hazırda dini kitabların bərpası ilə məşğuldur. Ən əsası əbru sənətini Azərbaycanda yaşadır.

...Bizi önlüyündə, boyalı əlləri ilə qarşılayır. Hələ söhbətə başlamamışdan deyir ki, həm bərpaçıdır, həm də milli sənətə sevgisi var. Ancaq bu sənəti ona görə seçib ki, onunla söhbətləşə bilir. Necə və nə barədə, bunu biləcəksiniz...

Öncə əbru haqqında məlumat verməsini istəyirəm. Deyir ki, bu sənətin çox qədim tarixi var: “Nizami Gəncəvi öz əsərində yazıb ki, “o qədər mahir idi, su üstündə şəkil çəkərdi”. Bizim şərq mədəniyyəti kitaba böyük əhəmiyyət verib. Onun üçün də bütün əsərlərə, ərsəyə gətirilən hər nümunəyə gözəl məna qatıblar, heç bir şeyi səbəbsiz etməyiblər”.

Əbru sənətinə, adətən, bir dua ilə başlayırlar. Həmsöhbətin duanın mənasından söz açır: “İnsan 4 ünsürdən əmələ gəlib – su, torpaq, od və hava. Bu bizim çərşənbələrdə də qeyd etdiyimiz ünsürlərdir. Əbru sənəti də 4 ünsürdən meydana gəlir. Su üzərində icra olunur, boyalar təbii torpaq boyalardır. Bu zaman inək ödündən istifadə olunur ki, turşu olduğu üçün yandırıcı maddədir, yəni odu ifadə edir.

Hava – mühit, ab-hava deməkdir. Bəzən havam korlandı söyləyirik. Bu o deməkdir ki, insanın havası onun mənəvi dünyasını rəmzləşdirir. Əbru sənəti su üzərində icra olunur, onun insanla vəhdəti var.

Bu sənətə sənətkar ibadət kimi yanaşır, “Bismillahir-Rəhmanir-Rəhim" deyir. Sonra isə belə davam edir: “Ya Rəbbi, bu ləyən içində alınan naxışlar sənin yaradılışının, xaliq sifətinin təzahürüdür. Ola bilər ki, mən bəndə, aciz qul olaraq, burdakı gözəlliyi görəm, gözəllik mənə təsir edər, məni aldadar, içimdə gözəllikdən aldanaraq, sehrlənərək mənəm-mənəmlik, mən etdim duyğusu oyanar, məni bağışla”.

Şərqin çox gözəl fəlsəfəsi, inancı var. Ələ hərəkət, gözə görmə, ağıza danışma, beyinə düşünmə qabiliyyəti, ayaqlara yerimək üçün qüvvət verən Allahdır, bir işi görəndə isə bəndə onu özü etdiyini düşünür. Burda bir yanlışlıq var...

Ona görə də bunun fərqində olan insanlar hər əsərə bu düşüncə ilə yanaşıblar. Mənim əsərim yox, mən səbəb oldum deyiblər. Mükəmməl əsərlərin kənarına qəsdən səhv işarələr qoyublar ki, bununla “mənə aiddir” nəfsi ortadan qaldırılsın”.

Məni ən çox düşündürən əbru sənətinin mənəvi tərəfidir. Çünki həmsöhbətimin də üzündə özünəməxsus nur və rahatlıq var, onunla danışdıqca və əbru çəkəndə onu seyr etdikcə mən də rahatlıq tapıram.

Deyir, 15 ilə yaxındır bu işlə məşğuldur, ötən zamanda tələbələrində bir şeyi müşahidə edib: “Ab-havası çirkli, fikirlərində problem olan, depressiyalı insanların əbrularında çox böyük fərqlər olur. Çünki onların yaydığı mənfi enerji suda fərqli hərəkət yaradır, su özü də korlanır. Hətta suyun, boyaların çürüdüyünə də şahid olmuşam.

Fikirlər düzgün olanda beynimiz suya gözəl informasiya verir, bu da bədənimizdə dövr edərək qarşı tərəfə ötürülür.

Suda enerjini alıb-ötürmək qabiliyyəti var. Biz beynimizdəki fikirlərlə suya enerji veririk. Mənfi enerji bizə və ətrafımıza zərər verəndə su bunu hiss edir”.

Adətən, yaradıcı insanlarda xüsusi qabiliyyət və istedad olur. Mənə də maraqlı gəlir ki, əbru sənəti üçün istedad lazımdırmı? Düşünürəm ki, mən şəxsən bu sənəti bacara bilmərəm.

Həmsöhbətim deyir ki, belə düşündüyün üçün bu bacarığa gedən qapılar üzünə bağlanır: “Həyatda istedadsız insan yoxdur, sadəcə kəşf olunmamış insan var. Hər insan qabiliyyətlidir, sadəcə biz o qabiliyyətə təmas edə bilməmişik. Amma mövcud olan qabiliyyət əbruda tez üzə çıxır. Ruhən insanı təmizləyir, 90 faiz depressiv xəstələrin şəfa tapdığını, üzünün dəyişdiyini müşahidə eləmişik. Əbru tez nəticə verən art-terapiyadır.

Araşdırmalara görə, inək ödünün tərkibindəki kimyəvi maddə insan beynini bərpa edir, ona iç rahatlığı, sükunət verir. Sükunət də bədənin yavaş-yavaş özünü bərpasına kömək edir. Şəhərin səs-küyündən, stresindən kənar olan bu rahatçılıq, sakitlik özümüzün kəşfimizə gətirib çıxarır”.

Söhbət etdikcə boyalar, müxtəlif maddələr diqqətimi cəlb edir. Düşünürəm ki, əgər tükənərsə, onu hazırlamaq üçün vaxt lazım olacaq. Zaur Orucov deyir ki, bu gün texnikanın inkişafı nəticəsində boyaları rahat əldə etmək mümkündür: “Keçmişdə elə deyildi. Hətta bir ara əbru dərsləri keçərkən toz halında boyaları şüşə və ya mərmər üzərində 6 saat əzirdik. Bir müddət öd qalaraq həll olurdu, sonra prosesə başlayırdıq. İndi istədiyimiz vaxt bu effekti ala bilirik. Boyalar xarab olmur, əksinə köhnəldikcə keyfiyyəti artır.

Əbru kağızları 90-120 qram arasında olmalıdır. Bunlar bildiyimiz ofis kağızlarıdır, çox qalın və nazik olmamalıdır”.

Əbru sənətində hər yaranan, ərsəyə gələn bir əsərdir. Səhv sadəcə qaydalarda olur, onu pozmamaq şərti ilə istədiyimizi əldə etmək mümkündür. Ona görə də əbrunun özünə görə texniki kriteriyaları var. Bəs burda məntiq nədir?

Sənətkar izah edərək deyir ki, boyanın içinə atılan öd turşu olduğu üçün həll edilir, yağlı olduğu üçün boyalar bir-birinə qarışmır, bir miqdar yapışqanlıq olduğu üçün kağızı tutur: “Suyun içindəki ödün dərəcələri fərqli olur. Çünki ləyənə düşəndə sıxışdırma hadisəsi baş verir. Hansı boya üstündürsə, ondan əvvəlkini sıxaraq özünə yer edir, zəifdirsə qıraqda qalır. Öz təbiiliyində nə alındısa, məqbul olan odur.

Sonra biz müəyyən hərəkətlər edirik. Texniki qaydalar biləndən sonra istədiyimiz formanı ala bilərik, ancaq ən gözəl əbru təbii şəkildə əmələ gələndir. Bu bizim iç dünyamızı, o andakı ruh halımızı göstərir.

Əbrunun özünəməxsus xüsusiyyəti odur ki, bir əbru digərinə oxşamır”.

Zaur Orucov TİKA- nın dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində - Bakı, Şəki, Şəmkir və Gəncədə dərslər verib.

Layihənin davamı kimi Daşkənddə və Monqolustanda olub. Oradakı təəssüratlarından danışan sənətkar deyir ki, biz art-terapiyanın necə güclü olduğuna şahidik: “Həbsxanada məhbuslar üçün bu bir dərmandır. Az müddətdə onlarda dəyişiklik hiss etmək olur. Özbəkistanda 4 tələbəmdə bunu hiss elədim, hətta birinin üzünün çopurluğu belə getdi.

Sənətə gəlmək istəyənlər çox olur, həvəslənirlər, sonra onları tapa bilmirik. Zərərli vərdişlərə qarşı İctimai Birliyin nəzdində əbru kursu ilə yanaşı xəttatlıq, dekorativ əl sənəti, miniatür, hətta kağız bükmə növləri icra olunur. Zərərli vərdişlərə alternativ olaraq əbru sənəti təmənnasız şəkildə gənclərə öyrədilir, maraqlanan hər kəs bura müraciət edə bilər”.

Söhbət zamanı bacara bilmərəm deyə düşünsəm də, artıq həvəslənməyə başlayıram və ustadan mənə əbru üçün kömək istəyirəm. Məmnuniyyətlə qəbul edir və deyir ki, heç nə düşünmə, fikirləşdiyin zaman iş korlanar, düşüncəni öz axarına burax, suda nə zühur edərsə, qoy etsin. Məsləhətinə qulaq asıram və nəticə heç də pis alınmır.

İşim başa çatanda usta deyir ki, özünü sevən və çox xəyalpərəstsən. Nə üçün elə dediyini izahlamır. Onu bilirəm ki, əbrunun möcüzəli dünyası ilə öz dünyama yol açmağı bacardım...

Foto və video: Elnur Muxtar


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər