10 Dekabr 2019 09:17
2 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının boz, darıxdırıcı divarları, avtobus dayanacaqlarının ətrafı və digər məkanları rəngarəng rəsmlərlə bəzədilir. Bizə ünvanlanan bu “şəkilli məktublar” müxtəlif mövzuları əhatə edir. Gülməli, kədərli, etirazçı, ironik və bəzən də sadə, heç bir sosial mesaj verməyən, yüksək əhval-ruhiyyə bəxş edən rəsmlər...

Teleqraf.com küçə sənəti ilə məşğul olan gənc rəssam Vüsalə Ağarazıyeva ilə müsahibəni təqdim edir :

- Urban-Art nədir və növləri hansılardır?

- Urban-Art – şəhərin küçələrində yaranan müxtəlif incəsənət növünü, məsələn, instalyasiyalar, divar üzrə monumental rəsmlər, qraffiti və hətta adi stiker, ya plakatların yapışdırılması və mural-artı birləşdirən sənət növüdür.

- Bəs onun daha ciddi, kəskin mesaj vermək üçün əlverişli növü hansıdır?

- Ümumiyyətlə, mən bu sənətlə onu sevdiyim üçün məşğul oluram və daxilimdən gələnləri müxtəlif təsviri incəsənət növləri ilə çatdırıram. Divarlardakı rəsmlər onlardan biridir. Hər kəs üçün bu cəhətdən ən yaxın olan onun seçdiyi növdür.

- Bu sənətdə hansı boyalardan istifadə etmək olar?

- Boyalara gədikdə, seçim zəngindir – sprey, akril, akvarel, yağlı boyalar, fasad üçün xüsusi boyalar və s. Kücə incəsənətində hətta qeyri-adi materiallardan da istifadə etmək olur.

- Hansı ehtiyacdan yaranır, nə demək istəyirlər bununla street-artçılar?

- Məncə, street-art incəsənətin azad və yenilikləri tətbiq etmək imkanı verən, həmçinin şəhərin koloritini və gözəlliyini zənginləşdirən bir formasıdır. Ehtiyaclar da bunlardan irəli gəlir. Bir də ki, street art-ın seyirçiləri sərgi salonlardan fərqli olaraq minlərlə adi insan olur. Bu incəsənət növü yolla gedən, işə tələsən, fikirli olan, yorulan, özünün axtarışında olan və digər şəhərin sakinlərini əsərin önündə dəyandırıb bir qədər adilikdən uzaqlaşdırır, həm sevindirir, həm düşündürür, həm də öyrəşdiyi mühitə rəng qatır.

- Bu sənətlə məşğul olanların xüsusi təhsil alıb-almamaqları ilə bağlı nə deyə bilərsiniz?

- Hər bir insanın daxilində rəssam yaşadığını desəm yanılmaram. İnsanlar var ki, öz ömrünü və fəaliyyətini yalnız rəssamlıqla bağlayır və dəyanmadan bu sahədə inkişaf edir. İnsanlar da var, fitri istetadla dünyaya gəlirlər. Təcrübə hər ikisinə lazımdır. Street-art xüsusi bacarığa malik, daxilən rəssam olan bir kəsə və xüsusi təhsil alan, özünü təsdiqləyən sənətkara yaratmağa imkan verən bir platformadı.

- Şəhər küçələrini rəngləmək zərurəti sizdə nədən yarandı?

- Mən yalnız özüm barədə danışa bilərəm. Neçə illərdir rəssam-keramist kimi çəlışıram və ilk dəfə dövlət tərəfindən divar üzrə rəsm çəkmək təklifi alanda mənə “nə üçün özümü sınamayım” fikri gəldi. Mənim üçün bu bir yenilik idi. Sınadım və məlum oldu ki, bu işin öhdəsindən uğurla gəlirəm. Ən əsası, çalışdığım zaman prosesdən aldığım zövq və təcrübə məni xoşbəxt etdi.

- Neçə ildir bu sənələ məşğul olursunuz?

- 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib, sonra həmin akademiyada rəssam-keramist ixtisası üzrə magistr dərəcəsini almışam. 2012-ci ildən başlayaraq İçəri Şəhərdəki emalatxanamda rəssam kimi çalışıram, birinci monumental divar rəsmi isə 3 il öncə həyata keçirilib.

- Ölkəmizdə küçə sənətini ciddi qəbul etmirlər bəzən. Nə kimi reaksiyalarla qarşılaşmısınız, münasibət necədi?

- Bizim xalqımız yaradıcı və sənətsevər xalqdır, rəsm bitməmiş insanlar iş prosesi zamanı yaxınlaşaraq maraqlanır və dəstəkləyirdi bizi. Çox nadir hallar olub ki, bəzi insanlar neqativ reaksiya verib, bu da tamamilə normaldır. Street art-la bağlı işlər haqda mən daimi təşəkkürlər və ilhamlandırıcı rəylər alıram.

- Divarları boyayarkən qarşılaşdığınız yadda qalan, maraqlı hadisə olubmu?

- Ən yadda qalanı rəsm çəkdiyimiz zaman sakinlərlə söhbətlərdir, maraqlı, bəzən qeyri-adi insanlarla tanış olmuşam. Qışın qarlı, yağışlı vaxtında isə mənə və çalışdığım komandanın uşaqlarına qonşuluqda yaşayan insanlar tərəfindən göstərilən qayğı unudulmazdır. Belə bir xatirəm də var. Bütün divar işlərim 3D şəklində çəkilir və İçəri Şəhərdəki rəsmin üzərində olduqca realistik bağ, bina və qapı təsvir olunub.

Çox vaxt insanlar yalnız yaxınlaşandan sonra anlaya bilirdi ki, bu, sadəcə, rəsmdir. Axşam vaxtı isə küçə işıqları zəif olduğundan bəzi insanlar qapıya doğru gedib divarla toqquşurdular. Belə hadisəlardən birini müşahidə edərkən hətta telefona da çəkə bilmişəm.

- Adətən, küçələri gecə rəngləyirlər. Bu nədən irəli gəlir?

- Biz çox vaxt gündüzlər çalışırıq, cünkü akrillə işləyirik və rəsm üçün gün işığı tələb olunur. İşlər axşama qədər davam edə bilər, amma gecələr realistik 3D rəsmləri işləmək mümkün olmur.

- Yaxınlarınız bunu necə dəəyərləndirir?

- Bu cəhətdən mən xoşbəxt insanam, yaxınlarım məni daim dəstəkləyir və hər zaman yanımda olurlar. Mənim sənətimi sevərək qəbul edirlər, müxtəlif fikirləri ilə bölüşürlər. Onların qürur hisslərini duyduğda isə mən qanadlanıram. Bu, mənim üçün mühüm olan bir amildir.

- İş ürəyinizcə olmayanda nə edirsiniz?

- Divar rəsmlərindən danışdıqda bu, uzun bir prosessdir. Trafaret, yaxud ştamp deyil. İlk növbədə gələcək rəsmi vizuallaşdırıram, ölçülərə uyğun eskiz hazırlayıram, sonra isə rəsmin çizgilərinin divara köçürülməsi prosesi başlayır və boya işləri ilə başa çatır. Eskizdə hər detal dəqiq işlənilir və nə isə bəyənməsəm dərhal dəyişə bilirəm. Məndə perfeksionizm güclüdür, divar isə kətan deyil, onun tamamilə fərqli tələbləri var.

- Street-artın daha azad sənət növü olduğunu bilirik. Və küçədə də hər yaşda insanlar olur. Rəsmləri hər yaşa necə uyğunlaşdırmaq olar?

- Çəkdiyim rəsmləri mövzuya görə çox sadə etməyə çalışıram. Gündəlik həyat insanlar üçün onsuz da qəlizləşib, halbuki həyat sadə olduğu qədər gözəldir. Bu səbəbdən onlar hər yaş qrupu üçün uyğundur. Rəsmlər həm gözəllik, həm maarifləndirici xarakter daşıyır.

- Paytaxt küçələrində nə çəkmək istəyirsiniz ki, onu çəkə bilmirsiniz?

- Çəkmək istədiyim bir çox şey var, formalara görə daha azad və bir az özüməməxsus olan tərzdə. Şəhərimiz artıq bir qədər hazırdır qeyri-adi sənəti qəbul etməyə. Hər şeyin bir vaxtı var.

- Bəs bölgələrimizdə necə, varmı bu sənətlə məşğul olanlar?

- Sual tam yerinə düşdü, çox istərdim rayonlarımızda street-art inkişaf etsin. Hələ ki ayrı-ayrı yerlərdə darvazalar, çalışıram zibil qutularına sadə rəsmlər çəkim. Fürsət düşən kimi bu işi başa çatdıracam.

Müəllif: Günay Şahmar


Müəllif: Teleqraf.com