4 Mart 2021 08:56
5 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Ömər müəllim, Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadə bir dəfə rəssam dostları ilə Göyçaya yaxınlaşanda maşını saxlatdırıb yol qırağında əkilmiş nar ağaclarından bir nar dərib yol yoldaşlarına deyib: “Soruşsam, bu nar nə rəngdədir, deyəcəksiniz ki, qırmızı. Bir də soruşsam hansı qırmızı? Bilməyəcəksiniz! Bax, rəngkarlıqda əsas məsələ budur!” Mən sizdən soruşmaq istəyirəm: bəs heykəltəraşlıqda əsas məsələ nədir?

– Heykəltəraşlıqda, istənilən rəssamda ən əsas məsələ onun mövzusu, məzmunudur. İnsana, necə deyərlər dərin tərəfdən baxmaq incəsənətin bir nömrəli vəzifəsidir. Sonra heykəltəraşlar insanı necə, nə ilə yaxşı açmağın mümkün olub-olmadığını tapırlar. Bundan sonrakı artıq işin təmiz professional tərəfidir. Hansısa rəssamın öz məqsədinə çatması üçün istifadə etdiyi bu və ya digər ifadə vasitələri artıq sırf peşəkarlıq məsələsidir. Yəni heykəltəraşın işə yanaşma tərzi, sənətin yolunda can qoyması və sair. Amma yenə deyirəm hər şeydən vacib insandır. İnsanın dəruni hisslərinin əks etdirilməsidir.

Sənətkarın yaradıcılıq zamanı “heç nə üçün” yox, “nə üçün” sualını qoyması da əsas hədəf olmalıdır. Nələri açmaq lazımdır? Hər şeydən əvvəl bu, tamamilə dərin, bəlkə də fəlsəfi bir sualdır. Amma əlbəttə ki, daha çox ürəklə bağlı məsələdir. Əgər bu, insana aiddirsə, əlbəttə, ilk növbədə insana doğru gedən yolun diqqət mərkəzində olması lazımdır. Mövzunun, obrazların açılmasında bu amilə xüsusi fikir verilməlidir. Bütün bədii yaradıcılıq növlərində – musiqidə, təsviri sənətdə belə olmalıdır. İstənilən bədii ifadə vasitələri ilk növbədə insan hisslərinin dərin əks etdirilməsini tələb edir.

Bakıdakı bir sıra məşhur abidələrin heykəltəraşı sizsiniz. Hansı əsərinizi şah əsəriniz hesab edirsiniz?

– Bu, mənim ilk monumental işim olan Xurşidbanu Natəvanın Bakı şəhərindəki heykəlidir. Çünki Natəvanın heykəli mənim üçün çox vacibdir. Bir neçə aspektdən mənim üçün bu heykəl şah əsər sayılır. 1960-cı ildə mənim 33 yaşım var idi. Çalışırdım ki, ilk işim şəhər üçün hadisəyə çevrilsin. Ən publik yerdir. Bütün şəhər Fəvvarələr Meydanından keçməklə dənizə tərəfə gedirdi. Orada bağ zad yoxdur. Heykəl sözün tam mənasında insanların əhatəsindədir.

– Heykəlin orada qoyulması təşəbbüsü kimdən gəlmişdi?

– Azərbaycanın əməkdar mühəndisi, memar Ənvər İsmayılov o dövrdə Nazirlər Soveti yanında Tikinti İşləri üzrə Dövlət Komitəsinin sədr müavini idi. Bu yeri də o seçib. Mən də etiraz etmədim. Hərçənd ki, o yer çox çətindir. Heykəl şimala doğru baxır. Bütün gün ərzində günəş düşmür. Rusca buna “temno siluet” deyirlər. Yəni “qaranlıq siluet”. Günəş arxada qalır. Ona görə də heykəlin üzərində bütün gün qaranlıq siluet hökm sürür. Bu, qeyri-münasib, belə deyək ağır yerdir. Ancaq heykəli insanların gur olduğu yerdə qoymaq arzusu, bağın içinə yox, məhz yolda qoyulması mənim çox xoşuma gəlir. Bilirdim ki, əgər biz heykəli ora qoysaq, o, dərhal bütün şəhərdə məşhurlaşacaq. Bağda qoyulsaydı kimisi görəcək, kimisi görməyəcəkdi. İndi isə elədir ki, hamı görür. Sovet İttifaqı dövründə Moskvadan, Leninqraddan və digər yerlərdən gələn qonaqların da bu abidə çox xoşuna gəlirdi. Onlar deyirdilər ki, bu heykəli elə qoymusunuz lap intibah dövrünü xatırladır. Yəni lap şəhərin, camaatın içində. Biz hər zaman publik yer axtarırdıq.

– Siz Natəvanın heykəli ilk monumental işiniz olduğu üçün onu şah əsəriniz hesab edirsiniz, yoxsa başqa səbəblər də var?

– O cümlədən hə. Mən çalışırdım bütün mümkün plastik vasitələrdən – geyimlərdən, parça qatlarından (skladki) istifadə edirdim ki, Xurşidbanu Natəvan cəlbedici görünsün. Onun özünü ifadə etməsi məsələsi də vacib idi. Mən çalışırdım ki, onu olduğu kimi verim. Natəvanın naturadan çəkilmiş iki fotosu var. Hər iki fotoda Natəvan heykəldə təsvir olunduğu kimi oturub. Mən qərara gəldim ki, o, bu cür oturmağı çox xoşlayıb. Ona görə də mən onu bu cür hazırladım. O dövrdə özünü bu cür ifadə etmək deyəsən, qeyri-adi və gözlənilməz bir hal olub. Ona görə də heykəltəraşlar insanın heykəlini adətən onun özünü ifadə etdiyi şəkildə yaratmağı sevirlər.

– Bəlkə həm də buna görə rusiyalı qonaqlar əsəri intibah dövrü abidəsi kimi təqdim ediblər...

– Burda bir məsələ də var. Heykəlləri mütləq arxitekturaya uyğun yerləşdirmək lazımdır. Heykəl arxitektura stilində olmalıdır. Bakı intibah evləri də – bu evlər arxitekturada elə bu cür də adlanır – Natəvanın heykəlinə uyğun gəlir. Mən çalışırdım ki, bu heykəl də o stildə olsun.

– Məni bir məsələ neçə vaxtdır narahat edir. İndi mənim bu sualı sizə vermək imkanım çox yaxşı bir fürsətdir. Mənə elə gəlir ki, bu suala Azərbaycanda sizdən daha doğru heç kim cavab verə bilməz. İstərdim ki, bu suala dolğun cavab verəsiniz. Baxın, sovet dövründə Bakıda olduqca monumental əsərlər yaradılıb. Bu sıraya Cəfər Cabbarlının, Nəriman Nərimanovun, Nizaminin, Füzulinin, Səməd Vurğunun, Üzeyir Hacıbəyovun, Məşədi Əzizbəyovun heykəlləri, Zorge bağında əfsanəvi kəşfiyyatçının şərəfinə ucaldılmış abidə kompleksini aid etmək olar. Bu abidələr hündürdür, onların materialı və işlənmə tərzi, dəst-xətti möhtəşəmdir. Təəssüf ki, son illərdə Bakıda ucaldılan heykəllərdə biz bu əzəməti görə bilmirik. Niyə? Buna səbəb nədir?

– Bu, heykəltəraşlardan asılı olan məsələ deyil. Heç harada, necə qoyulması, monumental olması, yaxud monumental olmaması, kamera xarakterli olması kimi məsələlər də heykəltəraşlardan asılı deyil. Xüsusilə də yeri. Bunu ancaq dövlət deyir ki, bax, burada olsun. Bax, balaca olsun. Üç metrdən çox olmasın. Mən indi Müslümün (Müslüm Maqomayev nəzərdə tutulur-S.Həmid) heykəlinin üzərində işləyirəm. Mənə deyirlər 2,5 metr olsun, ondan çox yox. Bilmirəm niyə, amma bu düzgün deyil. Heç düz deyil. Mən dirijor Niyazinin heykəlini yaratmışam. Hardadır? Onu kim görüb? Heç kim bilmir. Mənə dedilər burda olsun. Mən dedim onu heç kim görməyəcək, ora lap bağlı yerdir. Ola bilsin yaxşı yerdir, yaşıllıq içindədir, ətrafında ağaclar-filan var. Amma heç kim onu görmür və görməyəcək. Yox, burda olsun.

Bir il mən çalışmışam, axtarmışam. Neçə yer tapdım. Yaxşı, qoy kamernı yer olsun, Nizaminin heykəli kimi monumental yer olmasın. Amma belə yox da. Heç kim onu görmür. Biz onu niyə yaratmışıq?! Bu məndən asılı deyildi. Mən bütün yaxşı yerləri demişəm. Demişəm ki, Niyazi o küçə ilə, Filarmoniya ilə bağlı olub. Mən orada bir neçə yaxşı yer tapmışdım, təklif etmişdim. Siz Niyazinin heykəlini görmüsünüz?

– Yox, təəssüf ki, görməmişəm. Sizin danışdığınız müddətdə harada olduğunu xatırlamağa çalışdım, yada sala bilmədim...

– Görməyəcəksiz. Heç yaxın gələndə də görməyəcəksən. Ağaclar onu görünməyə qoymur.

– Harda yerləşir? Bəlkə siz özünüz məlumat verəsiniz...

– Niyazi küçəsi gedib çıxır Lermontov küçəsinə. Bax, orada yaşıl bir yer tapıblar, tamamilə bağlı bir yerdir. Beş metr yaxınlaşmayanadək görmürsən. Ancaq ağacların arasında qəfildən qarşına çıxır.

Halbuki mən çalışmışam ki, Niyazinin heykəli yaxşı olsun. Demirəm ki, mənim əsərlərim ən yaxşısıdır. Amma yaxşılardan biridir. Təəssüf ki, bu əsəri heç kim görmür.

– Bəs heykəllərin materiallarının nədən olmasını kim müəyyən edir?

– Bizdə əsasən – 90 faiz heykəllər tuncdan olur. Niyazi, Nizami, Füzulinin heykəlləri tuncdandır. Füzulinin heykəlinin postamenti – aşağıdakı Leyli və Məcnun kompozisiyası qranitdir. Özü isə tuncdur. Qranit də olur. Amma qranitlə işləmək bir qədər çətindir. Texniki tərəfdən də çox çətindir. Ona görə imkan olmur. Amma yenə də Cəfər Cabbarlının heykəli bütövlükdə, Füzulinin heykəlinin postamenti qranitdir. Füzulinin heykəlinin postamenti çox ağır idi – 60 ton. Onu gətirmək çox zülm idi.

– Səhv etmiriksə, Cəfər Cabbarlının heykəli üçün nəhəng qranit xüsusi qatarla Ukraynadan gətirilib...

– Biz qraniti Ukraynadan, mərməri Uraldan gətirirdik. İndi bilmirəm hardan gətirilir. Heç şərtləri də bilmirəm. O dövrdə Sovet İttifaqı mövcud idi. Sovet İttifaqı da vahid ölkə idi. Sadəcə, sifariş vermək lazım idi. İndi bilmirəm sifariş qəbul edərlər, yoxsa yox.

– Mən istərdim ki, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrinizi bizimlə bölüşəsiniz...

– Heydər Əliyev bunu özü mənə demişdi, mən özüm bundan əvvəl də bilirdim ki, o, memar olmaq istəyib. Ümumiyyətlə, bir Şərq ölkəsi olaraq bizdə heykəltəraşlar, memarlar həmişə az olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub. İki il oxuyub. Ancaq başlayan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. Müharibə onun planlarını tamamilə dəyişdirib. Buna baxmayaraq o, bu peşəyə daim yaxın idi. Hər zaman rəsm çəkməyi sevirdi. Onun qardaşı Hüseyn Əliyev peşəkar rəssam, Azərbaycan xalq rəssamı idi. O, Leninqradda Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda oxumuşdu. Ona görə də Heydər Əliyev özünü bu sahəyə yaxın hesab edirdi və rəssamlarla ünsiyyətdə olmağı çox sevirdi.

Heydər Əliyevin şəxsən mənimlə ünsiyyətinə gəldikdə isə bir dəfə belə bir hal baş verdi. 1983-cü ildə Heydər Əliyevə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verildi. O dövrdə SSRİ Ali Sovetinin qanunu var idi ki, Sovet İttifaqı Qəhrəmanı, yaxud Sosialist Əməyi Qəhrəmanı adına iki dəfə layiq görülən şəxslərin öz ölkələrində büstü ucaldılmalı idi. Qanunda büstün hər bir detalı yazılırdı. Büstün ölçüsü necə olmalıdır, materialı nədən ibarət olmalıdır və s. Heydər Əliyev bu adı alanda o özünə Vətənində büst hazırlanması ilə bağlı sifariş verməli idi. Bu büstün Naxçıvanda qoyulması qərara alındı. Moskvada ona deyiblər ki, büstünün hazırlanması üçün istənilən heykəltəraşa müraciət edə bilər. Bəlkə Salahov (Tahir Salahov nəzərdə tutulur-S.Həmid) da onların arasında olub. Heydər Əliyev deyib ki, yox, Vətənimdə mənim büstümü bizim heykəltəraş Ömər Eldarov hazırlayacaq. Mən bilmirəm niyə, amma görünür, onun hansısa səbəbləri var idi. Heydər Əliyev Moskvadan gəlib, məni görmək istəyib. O dövrdə Azərbaycan SSR-in Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov idi. Bağırov da məni çağırtdırıb SEKA-ya (rus dilində mövcud olan Sentralnıy Komitet sözünün abbreviaturası – Mərkəzi Komitə). İçəri girən kimi gördüm ki, Heydər Əliyev də kabinetdə oturub. Heydər Əliyev dedi ki, istəyirəm mənim büstümü sən hazırlayasan. Mən təşəkkür edərək bildirdim ki, bacardığım qədər bu işi yerinə yetirərəm. Beləcə mən onu Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə, yaxasından Sosialist Əməyi Qəhrəmanının atributu olan iki ulduz – oraq və çəkic qızıl medalı asılmış şəkildə kabinetində oturduğu yerdə naturadan etüd etdim. Sonra Naxçıvana gəldik, büstün ucaldılacağı yeri seçdik. Yeri də mən seçdim. Dedim ki, bax, bu yer daha yaxşıdır.

– Deyəsən, yer seçimi heykəltəraşlıqda həssas məsələdir...

– Bəli. Çünki peşəkarlıq nöqteyi-nəzərindən yer seçimi çox vacibdir. Biz Naxçıvanda bir neçə yer axtardıq. Müxtəlif təkliflər oldu. Mən dedim ki, büst Möminə Xatun meydanının lap axırında olacaq. Heydər Əliyev soruşdu ki, niyə? Mən dedim ki, büst kiçikdir. Onun ölçüləri SSRİ Ali Sovetinin qanununda əks olunub. Bundan kənara heç cür çıxmaq olmaz. Amma büstün böyük olması üçün onun fonu mütləq uzaq olmalıdır. Uzaqda çay, ağaclar və dağ görünür. Bu mənzərə büstü böyüdür. Onlarla müqayisə ediləndə kiçik büst sanki böyük təsir bağışlayır. Büst sanki Azərbaycanın fonundadır. Beləliklə, 1983-cü ildə Naxçıvan şəhərində Heydər Əliyevin büstü ucaldıldı.

– Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidə kompleksi sizin layihəniz əsasında hazırlanmasa da az adam bilir ki, bu kompleksin yeri də sizin məhz bu düşüncəniz əsasında seçilib. Zəhmət olmasa, bu barədə bir qədər məlumat verin...

Ardı var

Foto: Ceyhun Rəhimov


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər