4 Noyabr 2014 20:45
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə növbəti 5 il üçün bəbirlərin mühafizəsinə dair yeni Milli Fəaliyyət və Strategiya Planının hazırlanması istiqamətində işə başlanılıb.

Qeyd edək ki, Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbir xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.

Bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərindən ümumiyyətlə bəbirlərin Azərbaycan ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmamışdır. Hazırda isə bu növ Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

Bəbirin mühafizəsində ən effektiv tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilərək ekoloji şəbəkənin yaradılmasıdır. Son on ildə qorunan ərazilər şəbəkəsinin yaradılması istiqamətində ciddi sıçrayış əldə olunaraq, onların sahəsi 475 min hektardan 893 min hektara çatdırılıb.

Hazırda, ölkəmizdə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi 2 dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə “Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası Fəaliyyət Planı” qəbul edilib.

2013-cü ildə Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisində bəbir ailəsinin foto çəkilişləri aparılıb ki, bu da bir daha bəbirlərin həmin ərazilərdə davamlı olaraq yaşadığını sübuta yetirir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər