16 Yanvar 2016 16:36
625

O bütün evdar xanımların rəfiqəsi, Amerikanın telekanal sektorunun ikonası hesab edilir. Tanrı ona həm əzablı, həm də xoş günlər bəxş edib. Dayısı və dayısı oğlu tərəfindən təcavüzə məruz qalıb, narkotik aludəçisi belə olub. Lakin düşdüyü bataqlıqdan xilas olmağı bacarıb. Söhbət Opra Qeyl Uinfridən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində məşhur teleaparıcını təqdim edir.

Anası xadimə, atası şaxtaçı


Əsl adı Orpa Qeyl Uinfri olan qəhrəmanımız 1954-cü ilin yanvar ayının 29-da Missisipinin Kosciusko qəsəbəsində dünyaya gəlib. Valideynləri rəsmi nikahda olmayıb. Anası onu 15 yaşında dünyaya gətirib, bacı və qardaşı yoxdur. Anası Vernita Li xadimə, atası şaxtaçı işləyib. Daha sonra bərbər kimi işləyirdi. Yazılanlara inansaq, Orpa dünyaya göz açdığı zaman atası hərbi xidmətdə imiş. Çox keçmədən anası onu nənəsinin yanına göndərib.

Orpa necə Opra olur

Orpanın adı səsləndirmək üçün çətin olduğundan adını dəyişdirilər və Opra adlandırırlar. Bəzi mənbələrə görə isə doğum evində tibb bacısı qızcığazın adındakı “r” və “p” hərflərinin yerini dəyişik salıb. Nəticədə Orpa Opra olub.

Dini ayinləri əzbər bilir


Opra 6 yaşına qədər nənəsinin yanında yaşayıb. Nənəsi ona 3 yaşında oxumağı öyrədib, özü ilə birlikdə həftəsonları kilsəyə aparıb. Nəticədə Opra uşaq yaşlarından bütün dini ayinləri əzbərdən öyrənib. Beləcə, günlər keçib və Opra Uinfrey böyüyüb. İllər sonra anası bir evdə xadimə işi tapdığı və qızına özünün baxmaq istədiyi ilə bağlı nənəsinə xəbər göndərib. Beləliklə, o, anasının yanına qayıdıb. Lakin Vernita Li anası kimi qızı ilə məşğul olmurdu. Psixologiyası pozulan Opra tez-tez məktəbdən qaçıb. Narkotikə qurşandığından dərslərini də əvvəlki kimi oxumayıb. Anası ona eynək alsın deyə, hətta evlərinin oğurlanmasını təşkil edib. 9 yaşında dayısı və dayısı oğlu tərəfindən təcavüzə uğrayıb. 14 yaşında oğlan uşağı doğub. Lakin uşaq sağ qalmayıb. Bütün bunların sonunda anası qızının tərbiyəsi ilə məşğul olması üçün onu atasının yanına göndərib. Opranın həyatı burada müsbətə doğru dəyişib. Litseyi müvəffəqiyyətlə bitirib, Tennese Şəhər Universitetinin telekomunikasiya fakültəsinə qəbul olub. Elə həmin il iki müsabiqənin – “Miss Tennesi” və qara dərililər arasında aparılan “Miss Fire Prevention” müsabiqələrinin qalibi olub. Sonunda taleyi üzünə gülən gənc qız WVAL radio stansiyasında yarımştat proqram aparıcısı işləyib.

Mediada böyük pulları qazanır

Qara dərili qızın növbəti iş yeri WTVD-TV kanalı olub. Opra siyasi xəbər aparıcısı olaraq mediada ilk təcrübəsinə başlayıb. Paralel olaraq “People Ara Talking” proqramında aparıcı olub. Bu proqramda Opra səmimi və simpatik rəftarları ilə olduqca diqqət çəkib. Televiziya kanallarından biri ona səhər proqramında aparıcılıq təklif edib. 1984-cü ildə WLS-TV kanalında işləmək üçün Çikaqoya köçüb. Bununla da televiziya dünyasının ən məşhur proqramı - “Winfrey Show” başlayıb. Proqram efirə çıxdığı ilk ildə “Ən yaxşı tv proqramı” kimi 3 kateqoriya üzrə mükafata layiq görülüb. Opra isə “İlin ən yaxşı aparıcısı” seçilib. Yeri gəlmişkən, o bu mükafatı alan ən gənc aparıcı kimi də tarixə düşüb. Bundan sonra verilişin müddəti uzadılıb, adı isə “The Oprah Winfrey Show” olaraq dəyişdirilib. Opra Amerika xalqının diqqətini və sevgisini qazanıb. Veriliş efirə çıxdığı 1991-1992-ci illərdə hər axşam 13 milyon insanı ekranın qarşısına daşıyıb. Prodüserlər proqramın bir kanalda deyil, ölkənin 120 televiziya kanalında yayımlanmasını təmin edirlər. Beləliklə Opra Amerika mediasını ələ alır.

1985-ci ildə teleaparıcı filmə çəkilib. Buradakı roluna görə “Oskar” mükafatı qazanıb.

Bill Klinton ona görə qanun imzalayır

Uşaqlığı, anası ilə bağlı xatirələri verişlərini daha səmimi edirdi. Hətta siyasi dairələrin diqqətini çəkir. Prezident Bill Klinton uşaqların hüquqlarını qoruyan “Oprah Bill” qanununu imzalayır. Barak Obama isə 2013-cü ildə Azadlıq medalı ilə təltif edir.

Ən yaxşı müsahibənin müəllifi

Opra ən yaxşı müsahibənin müəllifi kimi tanınır. Onun 1993-cü ildə Maykl Ceksondan aldığı müsahibəni 100 milyondan çox adam izləyir. Televiziya tarixində ən çox izlənilən müsahibə olur.

Varidatı


2013-cü ildə Opra Uinfrinin sərvəti 2,8 milyard dollar dəyərləndirilib. O, “The Promised Land”da yaşayır. Villasına 50 milyon dollar ödəyib. Aparıcı eyni zamanda Lavaletdə, Çikaqoda, Telluridə, Havay adalarında əmlaka sahibdir. Verilişlərin çəkilişi Çikaqoda aparıldığından, əsasən “Streeterville”dəki villasında olur. Bəzən isə Kaliforniyadakı evində yaşayır.

Şəxsi həyatı

Opra və ortağı Stedman Qrex 1992-ci ildən nişanlıdırlar. 30 ildən çox bir yerdə yaşamalarına baxmayaraq evlənməyiblər. Birinci uşağının ölümündən sonra Opra heç vaxt ana olmayıb.

Seksual azlıq?

Qəhrəmanımızın ən yaxın rəfiqəsi məşhur aparıcı Qeyl Kinqdir. O, bir vaxtlar “The Gayle King Show” verilişinin aparıcısı olub. Hazırda isə Qeyl “O, the Oprah Magazine” verilişinin redaktorudur. Onların münasibətləri o qədər yaxındır ki, 1997-ci ildə birlikdə filmə çəkiliblər. Bundan sonra rəfiqələrin lezbiyan olmasına dair şayiələr yayılmağa başlayıb.

Xeyriyyəçilik

Opra xeyriyyəçiliyi, səxavəti ilə məşhurdur. Hər il müxtəlif sosial layihələrin maliyyələşdirilməsinə böyük pullar bağışlayır. Sonuncu dəfə xeyriyyəçilik tədbirlərinə 400 milyon dollar bağışlayıb.


Müəllif: