Fransada hamilə qadınlara siqareti tərgitmələri üçün 300 avroya qədər pul ödənilə bilər. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu, "maliyyə ilə təşviqin nikotinin tərgidilməsinə təsiri" adlı araşdırma məqsədli təcrübə çərçivəsində həyata keçiriləcək.
Fransanın səhiyyə naziri Marisol Touraine bildirib ki, Avropada hamiləlik zamanı siqaret çəkən qadınların ən çox olduğu ölkə Fransadır. Qadınlara öncə 20 avro veriləcək, daha sonra pulun məbləği artırılacaq.
Independent qəzeti yazır ki, əgər qadınlar yenidən siqaretə başlamazsa, o zaman məbləğ 300 avroya qədər arta bilər. Bu təcrübə Parisdəki dövlət xəstəxanaları və Beynəlxalq Xərçəng İnstitutunun birgə layihəsidir.
Layihəyə 18 yaşdan yuxarı, hamiləliyinin dördüncü ayında olan və hər gün 5-dən çox siqaret çəkən qadınlar cəlb ediləcək. Təcrübə zamanı elektronik siqaret və digər tütün maddələri qadağandır.
Hamilə qadınların qaydalara riayət etməsinə mütəmadi nəzarət ediləcək. Keçən il oxşar layihə zamanı Fransada hamilələrin hər beşindən biri siqareti tərgitməyib. Hamiləlik dövründə siqaret çəkmək oksigen çatışmazlığı yaradır, bu isə dölün ölməsi və erkən doğum riskini artırır.