14 May 2017 13:59
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda prezidentliyə namizədlərin üçüncü debatı keçirilib. İran Dövlət Televiziyasının canlı yayımladığı debatda əsas namizədlər bir-birlərinə sərt ittihamlar səsləndiriblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, debata 6 namizəd – Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba qatılıb.

İqtisadi məsələlərə həsr olunan debatda islahatçıların namizədləri kimi seçkilərə qatılan Həsən Ruhani və İshaq Cahangiri əsas rəqibləri sayılan İbrahim Rəisi və Məhəmmədbağır Qalibafı populist çıxışlar etməkdə, riyakarlıqda, xalqı aldatmaqda, səriştəsizlikdə, öz seçki təbliğatlarını aparmaq üçün sui-istifadədə və repressiyalarda günahlandırıb. Ruhani, həmçinin Qalibafı və onun ailə üzvlərini dövlət əmlakını mənimsəməkdə və onu minimum qiymətə istədikləri şəxslər arasında paylamaqda günahlandırıb.

İran prezidenti bildirib ki, o, ölkənin əvvəlki imicini geriyə qaytarmaq və onun maraqlarını təmin etmək üçün daha dörd il xidmət etməyə hazırdır: “Biz İran milləti ilə əhd-peyman bağladıq, ölkəyə tətbiq edilən sanksiyaların qarşısında dayandıq və məmləkəti müharibəyə sürükləndirən bəhanələri aradan qaldırdıq. Mən yenidən prezident seçilsəm, növbəti 4 ildə nüvə sanksiyalarından başqa ölkəyə qoyulan digər sanksiyaları da aradan qaldırmağa hazıram”.

Debatda qatı mühafizəkarların namizədləri sayılan İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf və Mustafa Mirsəlim, Ruhani və Cahangiriyə sərt ittihamlar yağdıraraq, onları son 4 ildə vəzifədən sui-istifadədə, dövlət əmlakını mənimsəməkdə, iqtisadi fəsadda və ölkə əhalisini yoxsulluğa sürükləməkdə günahlandırıblar.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri mayın 19-da keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər