- Tofiq müəllim, aprelin 17-də erməni tərəfi cəbhənin Tərtər-Ağdam istiqamətində Azərbaycanın mövqelərini atəşə tutub. Cəbhədə baş verən son hadisələrlə bağlı nə düşünürsünüz?
- Hesab edirəm ki, bu, gözlənilən haldır. Ermənilər öz mətbuatında istiqaməti göstərir, bizi tənqid edirdilər. Açığı, mənə görə, erməni tərəfinin bu aktivliyi, Rusiyada gedən proseslər, iki ölkə arasında ortaya çıxan problemlər bir-birilə bağlı məsələlərdir. Üstəlik biz bilirik ki, ermənilər Qarabağ məsələsində müstəqil siyasət aparmırlar. Məsələlərin böyük bir hissəsini Rusiya ilə əlaqələndirirlər. Son bir il ərzində Ermənistanın müdafiə sistemi tam olaraq Rusiyanın nəzarəti altına keçib. Bu baxımdan hesab edirəm ki, vəziyyət gərgindir. Üstəlik Tərtər istiqamətində casusların aktivliyi və ifşa edilməsi onu göstərir ki, əsas məsələlər bu bölgədə özünü gərgin formada büruzə verə bilər.
- Erməni tərəfinin cəbhədəki aktivliyi daha geniş fazaya transfer oluna bilərmi?
- Cəbhədəki gərginliyin səbəbi Ermənistanın hərəkətləri ilə bağlıdır. Erməni tərəfi belə düşünür ki, Azərbaycanın müdafiə sistemi onlarla müqayisədə zəifdir. Onların belə deməyinə əsas verən məqamların nədən ibarət olduğunu demək çətindir. Ancaq hesab edirəm ki, Azərbaycan ordusu qarşı tərəfə nə qədər sərt cavab versə, bir o qədər yaxşıdır. Yəni erməni tərəfində bəzən özünə əminlik yaranır. Bunun qarşısını almaq üçün yeganə üsul Azərbaycan ordusunun sərt cavabları ola bilər.
- Son zamanlar Rusiya-Azərbaycan münasibətlərində soyuqluq hiss olunur. Rusiya Azərbaycana qarşı təzyiq üslubunda davranışlar ortaya qoyur. Buna misal olaraq Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvini göstərmək olar. Siz Rusiya-Azərbaycan münasibətlərinin indiki durumunu necə şərh edərdiniz?
- Qeyd edim ki, ötən ilin avqust ayından başlayaraq bu münasibətlərdə gərginlik müşahidə olunur. Yəni Rusiyada ardıcıl şəkildə Azərbaycanın maraq və mənafelərinə uyğun olmayan bəyanatlar verilir, addımlar atılır. Əlbəttə, bu addımları sadalamağa ehtiyac görmürəm. Amma bu prosesin başlanğıcı ötən ilin avqustunda Ermənistana “İsgəndər” raket kompleksinin verilməsi ilə başlanıb. O vaxt mən və bəzi mütəxəssislər Azərbaycan tərəfinin mövqeyini tənqid edir, deyirdik ki, bu məsələlərə cavab vermək lazımdır. Ancaq taktiki baxımdan Azərbaycan tərəfi belə təxribatı görməmək xəttini tutdu. Mən istisna etmirəm ki, Azərbaycan tərəfinin belə davranmasının hansısa səbəbləri olub. Bu səbəblər bizə bəlli deyil. Lakin Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasından sonra artıq münasibətlərdə soyuqluğun yarandığı hamıya bəlli oldu. Bu mənada hesab edirəm ki, indiki mərhələdə Azərbaycan tərəfinin cavab addımları olacaq. Qənaətimcə, hazırda ictimaiyyətin dəstəyi çox vacibdir. Yəni mövcud problemləri ictimaiyyətə açmaq, xalqın geniş dəstəyini almaq indiki mərhələdə çox əhəmiyyətli ola bilər. Bu həm bizim ordumuza əlavə siqnal olacaq, həm də ümumiyyətlə, ictimaiyyəti əzmlə Azərbaycanın maraqlarını müdafiə etməyə vadar edəcək.
- Siz hesab edirsiniz ki, indiki mərhələdə birmənalı olaraq ictimaiyyət hökuməti, hökumət isə ictimaiyyəti dəstəkləməlidir?
- Mən deyirəm ki, bu münasibətlərdə səmimilik daha da artmalıdır. Mövcud olan problemləri olduğu kimi ictimaiyyətə çatdırmaq lazımdır. İctimaiyyət də hakimiyyətin siyasətinə dəstək verəcək. Məncə, bu, həm də xaricdə olan və bizə mənfi mövqedə dayanan qüvvələr üçün də siqnal olacaq ki, Azərbaycan ictimaiyyəti və hakimiyyəti bu məsələlərdə eyni mövqedədir. Bu baxımdan onlar başa düşməlidir ki, qarşılarına qoyduqları məqsədə çatmaq imkanları yoxdur. Hesab edirəm ki, bu, siyasi baxımdan gələcəkdə konturları bəlli olan təhlükələrin qarşısını almaq üçün də effektiv olacaq.
- Sizcə, Moskvada Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsinə səbəb nədir?
- Bu, siyasi manevrdir. Hamıya bəlli olan və mənfi münasibəti əks etdirən jestdir. Hamıya bəlli oldu ki, iki ölkə arasında əlaqələrdə böhranlı elementlər mövcuddur. Mən yenə də qeyd edirəm ki, bu mənfi elementlər çoxdan yığılıb və çoxalırdı. Sadəcə olaraq, Ümumrusiya Azərbaycan Konqresinin bağlanması sonuncu elementdir. Bu təzyiq nədən ibarətdir? Təxminən bir neçə ay bundan əvvəl cənab prezident bildirdi ki, bağlı qapılar arxasında bizə müxtəlif təzyiqlər mövcuddur. İndi hesab edirəm ki, bu təzyiqlərin kim tərəfindən edildiyi, onların nədən ibarət olduğu ortaya çıxır. Fikrimcə, bu halda hamı fikrini deməli, mövqeyini ifadə etməlidir. Son nəticədə məlum olmalıdır ki, bu mövqe tək hakimiyyətdə olanların deyil, ümumilikdə Azərbaycanın mövqeyidir. Əlbəttə, təzyiqlərin müxtəlif səbəbi ola bilər. Məsələn, iqtisadi məsələlər, Dağlıq Qarabağ və digər siyasi səbəblər ola bilər. Məncə, cəmiyyətin birgə mövqeyi çox effektiv olardı.
Onu da xatırladım ki, Azərbaycan Rusiya üçün çox vacib partnyordur. Vəziyyət ona dəlalət edir ki, Rusiya öz siyasətində təzə böhranlı nöqtə yaranmasını istəmir. Yaxın Şərqi, Ukraynanı götürək. Burada Rusiyanın iştirakı və problemləri var. İndi yeni bir problemin yaranması Rusiyaya da lazım deyil. Sadəcə olaraq ictimaiyyət və Azərbaycan xalqının iradəsini nümayiş etdirmək lazımdır. Bu isə siyasətdə yeni addım deyil. Heydər Əliyev də bu addımları atırdı, problemləri həll edirdi, bəzən mediada bu haqda danışırdı. Bu zaman ictimaiyyətin dəstəyi Heydər Əliyevə əlavə siyasi güc verirdi. Məncə, indi də bunu nümayiş etdirmək pis olmazdı.
- Təzyiqlər Azərbaycanın Avrasiya Birliyinə daxil olması məqsədilə edilə bilərmi?
- Yox! İndi Avrasiya Birliyinin daxilində böhranlı problemlər çoxdur. Belarusdan Qazaxıstana qədər narazılıq var. İqtisadi baxımdan Avrasiya Birliyi layihəsi Rusiya üçün mənfi element olub. Başqa sözlə, faktiki xeyir görmür. Bəli, siyasi baxımdan bəzi dividentlər mövcud idi, amma indi onların effektivliyi azalıb. Mən hesab etmirəm ki, Rusiya üçün bu, vacib bir məsələdir.
Rusiya üçün digər məsələlər gündəmdə durur. Bu da ondan ibarətdir ki, gələn il Rusiyada böyük dəyişikliklər ola bilər. Müşahidəçilər bu haqda danışırlar. Ən azı Rusiyada seçkilər olacaq. Bəziləri deyir ki, Putin siyasi səhnədən gedəcək, bəziləri deyirlər ki, qalacaq. Hər halda Rusiyada siyasi aktivlik olacaq. Məncə, siyasi aktivlik ərəfəsində Rusiyanın Azərbaycanla böhran yaratması Rusiyada hakimiyyətində olan bir qisim dairələrin marağında ola bilər. İstisna etmirəm ki, bu ermənipərəst dairələrin marağındadır. Əlbəttə, bunu geniş müzakirəyə çıxarmaq ona gətirib çıxara bilər ki, həm Rusiya hakimiyyəti, həm də ictimaiyyəti daxilində Azərbaycana qarşı çıxan qüvvələrin mövcud olduğunu ortaya qoysun.
- Azərbaycan paralel olaraq Avropa İttifaqı ilə danışıqlar aparır, birgə sənəd imzalanacaq. Bu haqda düşüncələriniz nədən ibarətdir?
- Mən onun tərəfdarı deyiləm ki, kiminləsə problemi həll etmək üçün digər qrup dövlətlər məsələsini gündəmə gətirəsən. Əksinə, məncə, Azərbaycanın kifayət qədər imkanları var ki, Rusiya ilə dialoq aparsın və problemləri həll etsin. Bu baxımdan əlavə elementlərə, “mən gedib Avropa ilə dostluq edəcəyəm” kimi məsələlərə ehtiyac yoxdur. Sözsüz ki, Avropa ilə əməkdaşlıq müstəqil siyasətin bir istiqamətidir. Amma buna hansısa elementlər qarışdırmaq, “bunun acığına gedib onunla dost olum” kimi məsələlər problemə sadəlöhv baxış olardı. Nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan əlaqələri çoxşaxəlidir. Burada siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrdən danışmaq olar. Yəni yetərincə imkanımız var ki, Rusiyada bizə qarşı işləyən dairələri ifşa edək və məkrli istəkləri neytrallaşdıraq. Reallıq onu göstərir ki, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında potensial mövcuddur. Sadəcə olaraq bizə qarşı işləyən dairələri neytrallaşdırmaq indiki mərhələdə aktual məsələdir.
NEMƏT