20 May 2017 17:29
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk qrupu həmsədrlərinin son ermənipərəst açıqlaması və Rusiyanın Azərbaycana qarşı yanlış addımları ilə bağlı bəyanat qəbul edib.

QAT-dan Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və işğalçı Ermənistan qoşunlarının qarşıdurma xəttində mayın 15-17-də baş vermiş hadisələrlə bağlı mövqeyini qəti şəkildə pisləyir. Həmsədrlər bu məsələ ilə bağlı birgə bəyanat verərək Azərbaycan tərəfini günahlandırmağa çalışır və bununla da bir daha açıq ermənipərəst mövqe nümayiş etdirirlər.

Hesab edirik ki, Azərbaycan Silahlı Qüvvələri mayın 15-də qarşıdurma xəttində Ermənistan silahlı birliklərinin təxribat məqsədilə yerləşdirmək istədikləri “OSA” zenit-raket kompleksini tam haqlı olaraq məhv edib. Azərbaycan bu yöndə fəaliyyətini davam etdirməli, o cümlədən, işğalçı ordunun zəbt etdiyi ərazilərimizdə keçirdiyi hərbi təlimləri raket zərbəsi ilə dağıtmalı, işğalçı dövlətin terrorçu prezidentinin və digər rəsmilərinin işğal olunmuş ərazilərimizə istənilən səfərlərinin qarşısını raket zərbəsi ilə almalıdır.

Azərbaycanın beynəlxalq hüquq normalarına, Azərbaycan qanunlarına görə buna tam haqqı var”.

QAT-ın bəyanatında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kapşikin də ünvanına tənqidlər yer alıb: “Minsk qrupu həmsədrlərinə, Xankəndinə səfərlər etməkdən və bununla da oradakı qondarma qurumu təbliğ etməkdən yorulmayan Kaspşik adlı üzdəniraq “şəxsi nümayəndəyə” deyirik ki, hər dəfə sizlərdən işğalçı və işğala məruz qalanı göstərməyi xahiş edəndə susursunuz. İndi necə oldu ki, hamınız birlikdə atəşkəsin pozulmasında Azərbaycanı ittiham edirsiniz? Bəs nə üçün bu günə qədər Azərbaycanın 20 faiz ərazisini zəbt etmiş Ermənistanı işğalçı kimi tanımırsınız? Nə üçün terrorçu Sərkisyanın işğal olunmuş Dağlıq Qarabağa səfərlərinə heç bir reaksiya vermirsiniz?”

QAT bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina etməlidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər