- Ədalət bəy, gələn il Azərbaycan Cümhuriyyətinin yüz yaşı tamam olacaq. Adətən, önəmli yubileylərə tarixçilərin, tədqiqatçıların mühüm töhfələri olur. Siz yüzilliyə hansı töhfəni verməyi düşünürsünüz?
- Cümhuriyyətimizin yüz illiyi yubileyi millətimizin tarixindəki ən şərəfli və əlamətdar hadisələrdəndir. Onu həm dövlət, həm də xalq səviyyəsində layiqincə qeyd etmək boynumuzun borcudur. Şəxsən özümə gəlincə, mən bu yubileyə "Azərbaycan Cümhuriyyətinin (1918-1920) Parlamenti və onun üzvləri" adlı kitab ərməğan etmək istəyirəm, ancaq alınmır. Həmin kitab ən azı 2 min səhifə olacaq, orada 1000-dən artıq nadir foto və indiyədək işıq üzü görməmiş yüzlərcə arxiv bəlgəsi veriləcək. Belə geniş tutumlu bir əsəri yazmaq üçün mənə ildən artıq vaxt və köməkçilər lazımdır. Bundan ötrüsə sponsor yardımına ehtiyacım var. Bu məqsədlə Milli Məclisin rəhbərliyinə və onlardan da yüksək məqamlara müraciət etmişəm, ancaq kimsədən indiyədək səs-səmir çıxmayıb. Əlacsız qalaraq kitab məsələsini hələlik qatlayıb qırağa qoymalı oldum. İnşallah, haçansa onun da dəyərini bilənlər ortaya çıxar və o zaman yazaram.
İndiliksə yubiley üçün iki ciddi məqalə üzərində işləyirəm. Onlardan birincisi 1918-ci ildə Məhəmmədəmin Rəsulzadənin başçılığıyla İstanbul Konfransına göndərilmiş Azərbaycan Heyətinin fəaliyyəti, ikincisi isə 1918-1920-ci illərdə Türkiyəmizin Azərbaycanın təhsil sisteminə yardımı mövzusundadır. Əlimdə hər iki mövzu ilə bağlı yetərincə arxiv materialları var. Allah qismət edərsə, bu yazıları yayda bitirmək niyyətindəyəm.
- TEAS Press nəşriyyatının "Azərbaycan Cümhuriyyəti tələbələri" kitabınızı nəşr etməsindən ildən çox vaxt ötür. Sizcə, bu müddətdə ona maraq necə oldu?
- Bu sualınıza ən doğru cavabı yəqin ki, kitab mağazaları verə bilər, çünki nə qədər satılması ona marağın ciddi göstəricilərindən biridir. Doğrudur, kitabın satış qiymətinin nisbi bahalığı (mağazalarda 35 manatdan 42 manata qədərdir) indiki durumda xeyli adamı onu almaq imkanından məhrum edir, ancaq bildiyimə görə, alanlar çoxdur. Mənim özümə birbaşa müraciət edib kitab istəyənlər də az deyil (təəssüf ki, bu xahişlərin tək-tükünü yerinə yetirə bilirəm, çünki özüm də həmin kitabı satın alıram və maaşım istəyimlə tərs mütənasibdir). Özəlliklə tələbələrin yaxın qohum-qardaşları zəng edərək kitabı haradan almağın mümkünlüyünü soruşur, tələbə ilə bağlı əlavə məlumat verirlər.
Kitabda 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlıların geniş siyahısını da vermişik. O siyahıda adı keçənlərin yaxınları da mənimlə əlaqə saxlayaraq o qohumları haqqında geniş bilgilər, materiallar təqdim edirlər. (Onlardan, inşallah, yeni bir kitabda yararlanacağıq).
"Azərbaycan Cümhuriyyəti tələbələri" sosial şəbəkələrdə də geniş maraq doğurdu. Bütün bunlar toplumun öz milli-mənəvi dəyərlərini öyrənməyə ciddi marağını göstərir.
- Bildiyim qədərincə, yenə tələbələrlə bağlı bir layihəniz var. Keçmiş təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanovla birlikdə "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlı tələbələr" adlı kitab üzərində çalışırsınız. Bu barədə ətraflı məlumat bilmək istərdik.
- Professor Misir Mərdanovla onun hələ nazir olduğu 2012-ci ildən əməkdaşlıq edirik. O həm nazir olarkən, həm də sonrakı dönəmdə Rusiyanın Moskva, Sankt-Peterburq, Qazan, Ukraynanın Kiyev, Xarkov, Odessa kimi iri şəhərlərinin arxivlərində çalışmağım, çar dönəmində həmin şəhərlərin ali məktəblərində oxumuş azərbaycanlı tələbələrin sənədlərini üzə çıxarmağım üçün hər cür şərait yaratdı. Bu arxiv araşdırmalarının bir qisminin nəticəsini 2012-ci ildə "Azərbaycan müəllimi" qəzetində "Ali təhsil tariximizdən" başlığı altında silsilə məqalələr şəklində oxuculara təqdim etdik. Daha sonra Misir müəllimin layihəsi kimi, mərhum tarixçi alim Nərmin xanım Tahirzadənin (1921-2012) "Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz" (Bakı: "Nurlar", 2015, 480 səh.) adlı qiymətli kitabını ortaya qoyduq. İndi də Misir müəllimin təşəbbüsü ilə, adını çəkdiyiniz "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlı tələbələr" adlı böyük həcmli monoqrafiya üzərində çalışırıq. Arzunuzla həmin kitab haqqında geniş bilgi verirəm.
1921-ci ildə bolşevik xalq maarif komissarı (naziri) Dadaş Bünyadzadə 1-ci Azərbaycan sovetlər qurultayında deyib ki, ölkəmizdə cəmi 62 nəfər ali təhsilli müsəlman var. Ad-soyadını belə əməlli-başlı yazmağı bacarmayan bu savadsız maarif naziri Moskvanın oyuncağı idi və ona Azərbaycan xalqının savadsız və cahil olduğunu, yalnız bolşeviklər gəldikdən sonra savadlandığımızı dedirdilər.
Əlbəttə, Bünyadzadənin dedikləri xalqımıza atılmış iyrənc yalan və iftiradır. Ancaq bu yalanı sənəd-sübutla ifşa etmək gərəkdir. Misir müəllimlə gördüyümüz işin başlıca məqsədi də məhz bu yalanı açıb xalqa göstərməkdir. Bəs necə?
Birincisi, adını çəkdiyimiz arxivlərdən və başqa qaynaqlardan əldə etdiyimiz bilgilər əsasında, 1920-ci ilədək (yəni Azərbaycanda sovet hakimiyyəti qurulanadək) ali məktəblərdə oxumuş 816 azərbaycanlının siyahısını hazırlamışıq (Avropa arxivlərinə, eləcə də Rusiya və Ukraynanın bəzi arxivlərinə əlimiz çatmadığına görə siyahını tam saymırıq). Onların əksərinin tələbə şəxsi işlərinin surəti artıq əlimizdədir. Bu kitabda biz həmin tələbələrin çoxunun həm tərcümeyi-halını işıqlandıracaq, həm də onların özlərinin və diplomlarının, başqa önəmli bəlgələrinin fotolarını verəcəyik.
İkincisi, unutmayaq ki, çar dönəmində müsəlmanların ali məktəbdə (özəlliklə texniki ixtisaslar üzrə) oxuması yasaqlanmışdı və yalnız çarın şəxsi icazəsi ilə, həm də kübar təbəqəyə mənsub ayrı-ayrı şəxslər universitet və institutlara qəbul edilə bilərdi, ancaq xalqımızın təhsilə böyük həvəsi nəticəsində hakimiyyət xeyli güzəştə getməyə məcbur olmuşdu.
Üçüncüsü, arxivdə apardığımız araşdırmalar nəticəsində ortaya çıxdı ki, Rusiya imperiyasının ali məktəblərində oxumuş bütün müsəlman və türk tələbələr içərisində azərbaycanlıların sayı müqayisəyə gəlməyəcək dərəcədə çoxdur.
Bax, bütün bu başlıca istiqamətləri inkaredilməz sənədlərlə özündə əks etdirəcək yeni kitab xalqımıza atılmış iftiranı tarixdən birdəfəlik silib atacaq və biliyə, savada nə qədər can atan toplum olduğumuzu əyani şəkildə göstərəcək.
- Sizin arxivinizdə Məhəmmədəmin Rəsulzadəyə aid nadir bəlgələr, fotolar görmüşəm. Özünüz də bir dəfə mənə demişdiniz ki, Rəsulzadə ilə bağlı bir kitab yazacaq qədər materialınız var. O kitabı yazacaqsınızmı?
- Doğrusunu desəm, istəyirdim ki, Məhəmmədəmin Rəsulzadə haqqında geniş məqalə yazaraq öncə Parlament haqqındakı kitabda verim, sonra onu genişləndirərək kitaba çevirim, ancaq həmin kitab hələlik gündəlikdən çıxdığına görə o yazını da sonraya saxlamalı oldum. Əlbəttə, məndə Rəsulzadəyə aid yetərincə yeni materiallar var və inşallah, onlar əsasında maraqlı bir kitab yazacağam. Ümumiyyətlə, mən bütün əsərlərimdə indiyədək işlənilməyən mövzulara üz tutmağı, bilinməyən, toxunulmamış bəlgələrdən, sənədlərdən yararlanmağı sevirəm. Allah nəsib edərsə, Rəsulzadə haqqındakı bu kitab da yeniliyi ilə seçilər.
- Azərbaycan Cümhuriyyətinin elanının 99-cu ildönümünü qeyd edirik. Tale elə gətirdi ki, bu gün məzarı önünə gül dəstəsi qoyulacaq önəmli bir Cümhuriyyət xadiminin məzarı ölkəmizdə yoxdur. Fətəli xan Xoyski, Həsən bəy Ağayev Tiflisdə şəhid edildi. Nəsib bəyin ölümü hələ də müəmmalıdır. Rəsulzadə Ankarada, Nağı bəy Şeyxzamanlı, Xosrov bəy Sultanzadə, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməhəmmədli, Məhəmmədsadıq Aran və digərləri İstanbulda, Əlimərdan bəy Topçubaşı, Ceyhun bəy Hacıbəyli Fransada dəfn olunub. İki illik müstəqilliyin qisasını onlardan və xalq olaraq bizdən niyə bu qədər qəddarcasına aldılar?
- Nə qədər qəribə də olsa, bu sualınızın cavabını mən ötən yay Qazan şəhərində olarkən tapdım. Həmin şəhərin müşahidə etdiyim bugünkü ab-havası mənə Azərbaycanın sovet dönəmindəki ağır siyasi-mənəvi durumunu xatırlatdı. Müstəqil dövlətin vətəndaşları kimi bizə qəribə gəlsə də, Tatarıstan Respublikası hökumətinin binası qarşısında Leninin sovetdənqalma böyük heykəli ucalmaqdadır. Küçələrin adlarında, binaların üstündəki xatirə lövhələrində, meydanlardakı heykəllərdə, hətta milli muzeydə Rusiya müstəmləkəçiliyinin güclü təsiri aydın hiss olunur – sanki Qazanda yox, Moskvadasan. Orada məsul vəzifəli bir şəxs mənə danışdı ki, ikinci dünya savaşında nəinki sovetlərə qarşı, hətta sovetlər uğrunda vuruşmuş legionerlər haqqında film çəkdik və həmin film legionerlərə həsr olunduğuna görə burada topa tutuldu.
Uzun sözün qısası, istər çar, istər sovet, istər son dönəm Rusiyası olsun, onun əsarəti altından çıxmaq istəyənləri əzir, azadlıq, müstəqillik uğrunda savaşan milli mücahidləri amansızcasına cismən və mənən məhv edir, həmin mücahidləri xalqa onun düşmənləri, müstəmləkəçiləri isə xilaskarları kimi tanıtmağa çalışır. Sualınızda adı keçən müqəddəs insanlar özəl həyatını Azərbaycanın azadlığına qurban vermiş böyük şəxsiyyətlərdir və bu üzdən də Rusiya onlara aman vermədi. Onların məhv edilməsi, cəlayi-vətən salınması Nərimanovların, Əliheydər Qarayevlərin, Mirzədavud Hüseynovların, Mircəfər Bağırovların... əliylə olması isə mahiyyətcə heç nəyi dəyişmir.
- Hər il 28 aprel tarixi gələndə keçmiş bolşeviklərin və onların davamçılarının belə bir ittihamı olur ki, hökumət bolşeviklərə qansız təslim edildi, ölkədə müqavimət olmadı. Bu adamlar 28 aprel hadisəsini işğal deyil, çevriliş kimi qələmə vermək istəyirlər. Əlbəttə, bu, rusların Azərbaycanı növbəti dəfə işğalı idi. Sırf qaynaqlar üzərindən 27-28 aprel olayını dəyərləndirmənizi istəyərdik.
- Doğrusu, bu, o qədər geniş mövzudur ki, ona qısaca cavab vermək çox çətindir, çünki burada ən müxtəlif istiqamətli siyasi proseslər bir-birinə qarışıb. Ancaq sualınızdakı iki məqama kəsə cavab verməyə çalışacağam.
Birinci məqam hakimiyyətin bolşeviklərə müqavimətsiz verilməsidir. Burada ən önəmli yeri o dönəmdəki Rusiya-Türkiyə münasibətləri tutur. Hədsiz çətin beynəlxalq duruma düşmüş iki qüvvə Leninin və Atatürkün simasında bir-birindən xilas umurdu. Leninə Bakı nefti, Atatürkə qızıl və ordusu üçün silah lazımdı. Ancaq iş burasındaydı ki, Rusiya çox hiyləgər siyasət yürüdərək Atatürkü Ənvər paşa ilə də şantaj edirdi. İş o yerə çatmışdı ki, ruslar Bakını işğal edəcək XI ordunun komandanlığını Ənvər paşanın əmisi Xəlil paşaya vəd etmişdilər. Bunun nəticəsində təkcə Azərbaycanın deyil, Gürcüstan və Ermənistanın da Rusiya təsiri altına düşməsinə Qüvveyi-milliyyəçilərlə yanaşı ittihadçılar da müsbət yanaşırdı. O üzdən birləşmiş türk qüvvələri özəlliklə paytaxt Bakıda yerli hakimiyyət əleyhinə əks-təbliğat aparır, xalqı "Anadoluya yardıma gedən" orduya müqavimət göstərməməyə çağırırdılar. 1918-ci ildə Ənvər paşa və Nuru paşa qardaşlarının simasında özünün xilaskarını görmüş xalqımız, əlbəttə, Türkiyədən gəlmiş zabitlərin sözlərinə asanlıqla inanırdı. Müqavimətsizliyin mayasında, bax, bu inam amili dayanırdı.
Bu gerçəkliyi boynumuza alarkən bir məsələyə olduqca diqqətli yanaşmalıyıq. İndinin özündə istər Azərbaycanda, istərsə də Türkiyədə əbədi qardaşlığımıza xələl gətirmək istəyən xəbis qüvvələr bu tarixi hadisələri tam yanlış şəkildə yozur, Atatürkü, Ənvər paşa, Xəlil paşa və başqalarını, ümumən Türkiyəni Azərbaycanın azadlıq və müstəqilliyinin düşməni kimi tanıtmağa çalışırlar. Ancaq bu məkrli siyasət köksüz, əsassızdır və məhvə məhkumdur. Niyə?
Sovet Rusiyası Zaqafqaziyanı (o sıradan Azərbaycanı) hökmən işğal edəcəkdi, çünki Azərbaycan sərhədlərinə başında təcrübəli general Denikinin durduğu, dünyanın bir sıra nəhəng dövlərlərinin hərtərəfli yardım etdiyi, yüksək hərbi hazırlıqlı çoxminli Könüllü ordunu məğlub edərək gəlib çatmışdı və Denikinin bacarmadığı XI ordunun qarşısında Azərbaycan duruş gətirə bilməzdi. Rusiya Azərbaycanı müharibə ilə ələ keçirsəydi, burada daşı daş üstündə qoymayacaq və bəlkə də "Azərbaycan" adını aradan götürəcəkdi. İstər Atatürkün, istərsə də Ənvər paşanın yürütdüyü siyasət isə həm ordu Bakıya girərkən kütləvi qırğınların qarşısını aldı, həm də rusların sonrakı 70 il boyunca Azərbaycanı, nə qədər formal da olsa, MÜSTƏQİL DÖVLƏT kimi tanımasını təmin etdi və 1991-də Azərbaycanın gerçək müstəqilliyinin elan edilməsinə vəsilə oldu.
İkinci məqam isə 28 aprelin mahiyyəti ilə bağlıdır. Əlbəttə, 28 aprel rusların Azərbaycanı işğal etməsindən başqa bir şey deyil. Bunu 27 apreldə Parlamentin son iclasındakı çıxışında Məhəmmədəmin Rəsulzadə olduqca açıq-aydın bəyan edib: "Əfəndilər! ... Bizə deyirlər ki, hüdudumuzu keçən ordunun başında Nicati (Xəlil paşanı nəzərdə tutur – Ə.T.) namında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mütəcaviz (təcavüzkar) ordu, təmin edirlər (inandırmağa çalışırlar) ki, həyat və məmat mücadiləsində bulunan (ölüm-dirim savaşı aparan) Türkiyəni xilas üçün gedir.
Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır, amali-milliyyəmizin təbcil elədiyi (milli duyğularımızın ucaltdığı, yüksək dəyərləndirdiyi) müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və təşyi edəriz (qarşılayar və yola salarıq), fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çığnamasın. Halbuki, əfəndilər, bizdən soruşmadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir!
Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal edirlər (aldadırlar). Yalandır, gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur; onun istədiyi 1914-cü il hüduduna qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir". Peyğəmbərcəsinə doğru söylənmiş sözlərdir!
Bəli, Bakıya gələn XI ordunun başında xalq Xəlil paşanı gördü və son nəticədə hakimiyyət bolşeviklərə (yəni Rusiyaya!) savaşla deyil, dinc yolla təhvil verildi və bunun ən müsbət nəticəsi Azərbaycanın formal da varsa, müstəqil dövlət kimi yaşaması oldu. Ancaq bunu necə danmaq mümkündür ki, 28 apreldən sonra Azərbaycanın bütün yerüstü və yeraltı sərvətləri Rusiyaya daşındı, hakimiyyətin milli mahiyyəti yox edilərək Rusiyaya danışıqsız itaət göstərən yerli dövlət aparatı quruldu, bundan ötrü minlərcə milli məmur sıradan çıxarıldı, hər bir sahədə ruslaşdırma siyasəti yürüdüldü, əsarətə etiraz edən xalq kütlələri ən amansız şəkildə qırğına uğradıldı...
Yeri gəlmişkən, buraya çatanda oxucularımızla bir xatirəmi də paylaşmaq istəyirəm. 1991-ci ildə "Azadlıq" qəzetində rəhmətlik Nəcəf Nəcəfovun müavini işləyirdim. 28 aprel öncəsi onun tövsiyəsi ilə rəhmətlik akademik Ziya Bünyadovla müsahibə almağa getdim. O zaman Ziya müəllim həm Elmlər Akademiyasının vitse-prezidenti, həm də Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü idi. Eyni zamanda, ikimiz də 20 Yanvaradək Akademiya partiaya komitəsinin üzvü olmuşduq. Məni həm də Akademiyanın "Elm" qəzetinin keçmiş redaktoru kimi tanıyırdı. Ona bir neçə dəfə "Sizcə, 28 aprel Azərbaycan tarixində nədir" sualı verdim. Hər dəfə cavabdan yayındı, ancaq görünür, axırda dözmədi və həmin günün istila olduğunu dedi. Bizə də bu lazımdı. "Azadlığ"ın 26 aprel 1991-ci il tarixli 17-ci sayında "Ziya Bünyadov: "28 aprel istiladır"" adlı geniş müsahibəni verdik və həmin yazı Azərbaycanda kommunist partiyasının mövcudluğuna öldürücü zərbə vurdu, çünki oradakı fikirləri sıradan bir adam deyil, Mərkəzi Komitənin üzvü olan akademik ZİYA BÜNYADOV deyirdi!
- Mühacirət mətbuatında Gəncə üsyanı ilə bağlı çoxlu xatirələr var. Yəqin ki, dövlət arxivlərində kifayət qədər sənədlər də var. Bəzən deyilir ki, Cümhuriyyətin süqut tarixi Gəncə üsyanının yatırılması günüdür. Sizə də elə gəlmirmi ki, sanki bu üsyan haqqında kifayət qədər əsər, məqalələr yazılmayıb? 97 il sonra bu üsyanı necə qiymətləndirməliyik?
- Gəncə üsyanı Azərbaycanın sövet dönəmində ilk və güclü xalq ayaqlanması olduğuna görə yaddaşlarda qalıb, ancaq unutmayaq ki, 1920-1930-cu illərdə Tərtər, Ağdam, Bərdə, Göyçay, Şəki, Şəmkir, Quba, Lənkəran və bir çox başqa yerlərdə çoxlu güclü üsyanlar baş verib və ruslar həmin üsyanları qan içində boğub. Mirzəbala Məhəmmədzadə yazır ki, Azərbaycanda təkcə 1924-cü ilədək 54 geniş silahlı üsyan olub. Onların yatırılmasında Nəriman Nərimanovun, Həmid Sultanovun, Əliheydər Qarayevin, Mircəfər Bağırovun müstəsna "xidmət"ləri var. Xalqımız qanına qəltan etmiş XI ordu komandiri Levandovskiyə Nərimanovun brilyantlarla bəzədilmiş və üzərində "minnətdar Azərbaycan xalqından hədiyyə" yazılmış qılınc bağışlamasını kimsə inkar edə bilməz.
Ancaq üsyanların tarixinin araşdırılmadığını düşünmək doğru olmazdı. Hər şeydən öncə Mirzəbala Məhəmmədzadənin "Milli Azərbaycan hərəkatı", Hüseyn Baykaranın "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitablarını, prof. Musa Qasımlının Türkiyədə çıxmış "Azərbaycan türklərinin Milli mücadilə tarixi. 1920-1945" adlı dəyərli monoqrafiyasını, Həbibulla Manaflının "Şəki üsyanı" kitabını, mərhum Xanlar Bayramovun Gəncə üsyanı haqqında araşdırmalarını və b. göstərə bilərik. Özümə gəlincə, üsyan mövzusu mənim araşdırma sahəmə girmədiyinə görə onunla ayrıca məşğul olmamışam.
- Cümhuriyyətin işğalına bir səbəbin də torpaq islahatlarının həyata keçirilməməsi göstərilir. İddialara görə, məhz buna görə fəhlə və kəndlilər işğalçılara qarşı dirənmədilər, çünki narazı idilər, bolşeviklərə xilaskar kimi baxırdılar. Buna münasibətiniz necədir?
- Bunu deyənlər yalan söylədiklərini özləri də bilirlər. Doğrudur, Azərbaycanda çoxlu torpaqsız kəndli vardı və bolşeviklərin onlara torpaq verəcəyinə umudla yanaşırdılar. O da doğrudur ki, yerlərdə bir çox bəylər və ağalar sözün gerçək mənasında azğınlaşıb əndazədən çıxmışdılar və hətta xalqın irz-namusu ilə də oynayırdılar, onlardan güclü narazılıq vardı. Ancaq bunların heç biri guya kəndli sinfini təmsil edən Qatır Məmməd kimi xalq düşmənlərinin Şaumyanın idarəçiliyi altında ermənilərlə birləşib öz qanuni dövlətinə qarşı silahlı üsyan qaldırmasına əsas verə bilməzdi.
Torpaq islahatı aparmaq ağızda çox asan deyilir, ancaq əməldə olduqca mürəkkəb məsələdir. Zaqafqaziya Seymi də torpaq islahatı məsələsi qaldırdı, ancaq nəticəsiz qaldı. Niyə? Bir xana, yaxud bəyə ata-babasından miras qalmış torpağı onun əlindən alıb başqasına vermək asan məsələdirmi?!
Həm də bolşevik təbliğatına baxmayaraq, ümumən xalqımızda başqasına məxsus var-dövlətə, o sıradan torpağa yiyələnmək həvəsi yoxdu, çünki bu, haram sayılırdı. (Örnək üçün deyim ki, sovet hökuməti Bakıda "sinfi düşmənlər" olan zənginlərin evlərini əllərindən alıb kasıblara verəndə müsəlmanlar əksəriyyətlə həmin evlərdən imtina etdi və onlarda ruslar, yəhidilər, ermənilər yerləşdi).
Yekunda onu deyə bilərəm ki, hətta torpaq islahatı ən uğurlu şəkildə paylansaydı belə, yenə də Rusiyanın Azərbaycanı işğal etməsinin qarşısını almaq mümkün olmayacaqdı.
- Ədalət bəy, mənim üçün maraqlı olan bir məsələ də Azərbaycan Cümhuriyyətinin tarixinin öyrənilməsidir. Ölkə içində və Türkiyədə kimlərin bu sahədə çalışdıqlarını bilirik. Hazırda Avropa və Amerikada iki illik bu tarixə maraq nə yerdədir? Ölkəmizə gəlib arxivlərdə çalışan xarici tədqiqatçılar varmı?
- Azərbaycan, Türkiyə və Rusiyada Cümhuriyyətimizin tarixi ilə bağlı çıxmış kitablarla, elmi araşdırmalarla yaxından tanışam və onların həlledici qisminə əldə edərək kitabxanamın malı etmişəm. Ancaq doğrusunu deməliyəm ki, ingilis dili başda olmaqla Avropa dillərini bilmədiyimə görə Avropa və Amerikada işıq üzü görən nəşrlərlə tanış deyiləm. Yalnız bir çox müəlliflərin və onların əsərlərinin adını bilirəm ki, bu da, əlbəttə, kafi deyil. İş burasındadır ki, onların əsərlərindən fövqəladə yeniliklər də gözləmirəm.
Arxivlərə gəlincə, sözsüz ki, bir çox əcnəbi araşdırmaçılar arxivlərimizdə çalışır. Yardım, məsləhət üçün mənə müraciət edənlər də var. Ancaq arxivlərdə gördüyüm araşdırıcıların həlledici qismi Türkiyə alimləridir.
- Məni narahat edən bir məsələ də var. Zamanla Azərbaycanda ya tarixi şəxsiyyətlər üz-üzə qoyulur, ya da ki Türkiyə ilə münasibətləri pozmaq üçün tarixdən sitatlar gətirilir. Məsələn, bu yaxınlarda bir tarix müəllimi Şirvanşahlar dövlətini aşağılayan bir fikir sərgilədi, əvəzində Səfəviləri yüksəltdi. Və ya tez-tez Atatürkün bolşeviklərin Azərbaycanın işğalına göz yumması, Rəsulzadəni ölkədən çıxarması məsələsi gündəmə gəlir. Belə halları peşəkar tarixçilər necə qarşılayır?
- Bu sualınızın Türkiyə ilə bağlı qisminə az öncə əsasən cavab vermişəm. Bu gerçəkliyi hamı qəbul etməlidir ki, Türkiyə ilə Azərbaycan ətlə dırnaq kimidir – onları bir-birindən ayırmaq mümkün deyil! Sevinirəm ki, Azərbaycanda da, Türkiyədə də "bir millət, iki dövlət" şüarı həm xalq, həm də dövlət başçıları səviyyəsində ucadan səsləndirilir. Bu ilin fevral ayında Türkiyənin Dənizli şəhərindəki Pamuqqala Universitetindəki çıxışım zamanı dedim ki, biz BİR MİLLƏT, BİR VƏTƏN və İKİ DÖVLƏTİK! Bəs niyə BİR VƏTƏN? Ona görə ki, Azərbaycan azadlığımız uğrunda şəhid olmuş minlərcə məhmətciyin məzarına vətən olduğu kimi, Çanaqqalada, Sarıqamışda, Sakaryada... Türkiyə uğrunda canlarını fəda etmiş Azərbaycan oğulları üçün bu torpaqlar əbədi vətəndir. Azərbaycanın sərhədləri Türkiyənin ən güneyindəki Hatayda, Türkiyənin sınırları Azərbaycanın ən quzeyindəki Zaqatalada, Dərbənddə qurtarır. Bu sərhədləri kağız üzərində, xəritələrdə ayırmaq mümkündür, ancaq xalqın ürəyindən silməyə isə kimsənin gücü yetməz!
Şirvanşahları aşağılayan birisinə gəlincə, belə şeylərə, məncə, çox da diqqət yetirməyə, önəm verməyə, ictimailəşdirməyə dəyməz. Öz kəndindən kənara çıxmayaraq onu dünya zənn edən, qohum-əqrəbasından başqalarını görməyib millətin onlardan ibarət olduğunu düşünən yurddaşlarımız da var və təəssüf ki, belələri elm aləminə də sızır, hətta elmlər doktoru və professor da olur. Bu cür insanların dünyagörüşü o qədər dar olur ki, onlar mənsub olduqları tayfanın, rayonun, partiyanın, məzhəbin... mənafeyini çox vaxt millətin, vətənin, dinin... mənafeyindən üstün tutur, hətta utanmadan bununla fəxr edirlər. Nəticədə Şirvanşahların, yaxud Səfəvilərin ayaqqabısının tozu sayılmayacaq birisi onlar haqqında ağzına gələni danışır, yazır. Bunlar "Koroğlu" adlanmaq üçün dədələrini kor edənlərdir.
Rəsulzadənin Türkiyədən çıxması haqqında Atatürkün qərarı bu iki siyasi xadimin bir-birinə şəxsi münasibətlərindən qaynaqlanmırdı ki! Əksinə, onların bir-birinə münasibəti yetərincə müsbətdi. Ancaq özəlliklə Stalin dönəmində Sovetlər Birliyi Türkiyədən kəskin şəkildə tələb edir və hətta hədələyirdi ki, öz ölkəndə siyasi mühacirətin fəaliyyətinə imkan vermə. SSRİ-nin təhdidləri heç də boş sözdən ibarət deyildi və Türkiyə üçün şimaldan real hərbi təhlükə vardı. O üzdən də Məhəmmədəmin Rəsulzadəyə təklif edildi ki, bu ölkədə siyasi fəaliyyətinə son qoysun. O, siyasətdən uzaqlaşıb mədəniyyət məsələləri ilə məşğul olsaydı, kimsə ona güldən ağır söz deməyəcəkdi, ancaq Rəsulzadə həyatını Azərbaycanın istiqlalı uğrunda siyasi mübarizəyə həsr etdiyi üçün Türkiyədə bulunan bir çox başqa siyasi mühacirlərlə birgə bu ölkəni tərk etmək yolunu seçdi. Dünya müharibəsindən sonra siyasi durum nisbətən dəyişdikdə Rəsulzadəyə əbədi qucaq açan ölkə yenə Türkiyə oldu!
Hörmətli Dilqəm bəy. Fikirlərimi söyləmək üçün mənə imkan yaratdığınıza görə Sizə və "Teleqraf"a minnətdarlığımı bildirirəm!
Söhbətləşdi: Dilqəm Əhməd