- Rasim müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin payızda Rusiyanın vasitəçiliyi ilə görüşünün hazırlandığı haqda xəbərlər yayılıb. Bu görüşlərdən nə gözləyirsiniz?
- Biz tarixə nəzər yetirsək görərik ki, belə görüşlər dəfələrlə olub və nəticə verməyib. Bu görüşlərin yeganə nəticəsi cəbhə xəttində mövcud olan gərginliyin qarşısını almaqdır. Mən istisna etmirəm ki, yeni təkliflərin arxasında ermənilər üçün vaxt udmaq niyyətləri dursun. Bu mənada çox da ümidli deyiləm. İndi xarici işlər nazirləri görüşür, lap prezidentlərin də görüşünü təşkil etsinlər. Əsas nəticədir. Bu vaxta qədər erməni tərəfinin iddiaları münaqişənin həllinə dair irəliləyiş əldə etməyə imkan verməyib. İndi nə olacaq? Görüşün baş tutub-tutmayacağını söyləmək nəzəri cəhətdən mümkün deyil. Başqa sözlə, bu yol da sınaqdan keçirilməlidir. Hər halda nazirlərin görüşü sentyabrda baş tutmalıdır. O zaman prezidentlərin görüşünə dair dəqiq informasiya olacaq. Rusiya tərəfindən ciddi səy doğrudanda nəzərdə tutulub, ya yox. Bu da önəmli məsələdir.
- Sizcə, indi münaqişənin həllinə dair irəliləyişlərin olması Rusiyanın maraqlarına daxildirmi?
- Mən bunu nəzəri olaraq deyə bilmərəm. Bu sınaqdan keçirilməlidir. Doğrudan da, Rusiya görüşü hazırlayıb, erməniləri ağıla gətirmək üçün addım atdığı təqdirdə irəliləyiş mümkündür. Yox, əgər ermənilər öz iddialarında qalacaqlarsa, bu halda irəliləyiş mümkün deyil. Bu zaman o məna ortaya çıxacaq ki, bu görüşün təşkilatçısının məqsədi ermənilər üçün vaxt udmaq, indiki vəziyyəti saxlamaq olub.
- Hazırda Rusiya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?
- Son zamanlar xoşagəlməz hadisələr baş verib. Hiss olunur ki, tərəflər arasında azı bir-birini anlamamaq halları var.
- Bu məqamlar nə ilə bağladır, nə baş verdi ki, Rusiya sanki fərqli siyasət izləməyə başladı?
- Siyasət dəyişməyib. Hansısa dövrdə ayrı siyasət olub. Aprel döyüşlərindən sonra Rusiya bu münaqişəni irəli aparmaq üçün səylər göstərməli idi. O səylərin heç bir nəticəsi olmadı. Əksinə, ermənilərin inadkarlığını möhkəmləndirmək üçün onlara kredit adı altında silah verildi. O cümlədən, heç də stabilliyə xidmət etməyən raket kompleksləri verildi və ya bununla bağlı görüntü yaradıldı. Bu da ermənilərin inadkarlığını artırmaq üçün addımdır. Belə halda həm Azərbaycan-Rusiya münasibətlərinin səmimi olacağını, həm də Ermənistanı ağla gətirəcəklərni düşünmək səmimi olmaz. Azərbaycan tərəfi də bunu adekvat qiymətləndirilir. Rusiyanın istəyi odur ki, Azərbaycan da onun arxasınca sürünsün. Ermənilər onların əlinə baxır, arxasınca sürünür, amma Azərbaycan heç kəsin əlinə baxmır.
- Ermənilər də, Azərbaycan da ildən ilə silahlanır. Sürətli silahlanma regiona nə vəd edir?
- Bu, müharibəyə gedir. Bəlkə də ruslar düşünür ki, hər bir zaman vəziyyəti nəzarətdə saxlayacaq. Bu, heç də belə deyil. Belə götürəndə Rusiya kimə silah satmır ki? Kim pul verməyə hazırdırsa, ona da silah satır. Bir il əvvəl az qala Türkiyə-Rusiya münasibətləri müharibə anına çatırdı. İndi Rusiya Türkiyəyə hər cür silah satmağa hazırdır.
- Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev İstanbulda ABŞ dövlət katibi Tillersonla müzakirələr apardı. Bu rəsmi Bakının Tramp administrasiyası ilə ilk təması idi. Bu görüşü necə qiymətləndirirsiniz?
- Müsbət qiymətləndirirəm. Ənənəvi olaraq ABŞ Dövlət Departamenti Konqreslə birlikdə erməniləri dəstəkləyən qüvvələrin yuvası idi. Azərbaycanı daha yaxşı Pentaqonda, Energetika Nazirliyində və Mərkəzi Kəşfiyyat İdarəsində anlayırdılar. Ancaq indi ilk dəfədir ki, Dövlət Departamentinin başında ermənipərəst deyil, Azərbaycanı yaxşı tanıyan, Azərbaycanla yaşı ünsiyyəti olan keçmişdə nəhəng neft şirkətinin rəhbəri olan Tillerson durur. Tillersonun rəhbəri olduğu şirkət Azərbaycanın “Azəri-Çıraq” yatağında da payı var. Bunların hamısı imkan verir ki, Azərbaycanın öz mövqeyi adekvat şəkilində Amerika rəhbərliyinə çatdırsın. Ancaq təəssüflər olsun ki, Tranpın administrasiyasına düz-əməlli işləməyə imkan vermirlər. Üstəlik Dövlət Departamentində bir çox işçilər açıq sabotajla məşğuldurlar. İndi bunu bacaracaqlar və ya bacarmayacaqlar ayrı məsələdir. Bir çoxları ərizə yazaraq işlərini tərk ediblər və yerlərinə də yeniləri təyin edilməyib.
Müsbət odur ki, Tillersonla Azərbaycan rəhbərliyinin yaxşı dialoq qurmaq imkanı var, mənfi odur ki, bu administrasiyanın əli bizim problemlərin həllinə az çatır.