Teleqraf.com xəbər verir ki, bu fikirlə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu çıxış edib.
Rusiya Prezidenti Vladimir Putinin dünən Abxaziyaya gedərək yerli separatçıların lideri ilə görüşünə toxunan politoloq qeyd edib ki, Rusiya dövlət başçısı separatçı bölgəyə maliyyə dəstəyini artıracağını və başqa vədlər verərək ikiqat təxribata yol verib:
“Abxaziyaya səfər edən Putin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını bir daha təsdiqləmiş oldu, bunun üçün xüsusi açıqlamaya da ehtiyac yoxdur, elə separatçı bölgəyə getmək istənilən açıqlamanı əvəzi edir.
İkincisi, Putin səfəri məhz avqustun 8-ə təyin etməklə Rusiya-Gürcüstan müharibəsinə və Gürcüstan torpaqlarının rəsmən işğalının 9 illiyinə işarə etdi. Putin Ukraynadan qopartdığı Krımda da olub. Bircə Moldovanın separatçı bölgəsi – Dnestrdə olmayıb. Ancaq böyük ehtimalla bir gün qərbpəsərt hökumətə malik Moldovanı qıcıqlandırmaq üçün ora da gedəcək”.
Elxan Şahinoğlu erməni separatçılarının ən böyük arzusunun Vladimir Putinin Dağlıq Qarabağa getməsi olduğunu istisna etməyib.