Moldova Prezideni İqor Dodon ölkə parlamentinin Rusiya ilə viza rejiminə keçməklə bağlı təklifini təxribat hesab etdiyini və buna imkan verməyəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “İzvestiya” qəzetinə açıqlamasında deyib.
Dodon qeyd edib ki, bu, ağılsız və təhlükəli addımdır, ona görə də buna imkan verməyəcək.
Moldova Prezidenti daha sonra deyib:
“Viza rejiminə keçmək üçün heç bir səbəb görmürəm. Bu, Moldovanın nəyinə lazımdır? Ələlxüsus, hazırda Rusiya Federasiyasında bizim 560 mindən çox vətəndaşımız var. Mən fikirləşirəm ki, reallıqda onların sayı 700 mindən artıqdır. Bu təklifi irəli sürənlər başa düşməlidirlər ki, viza rejiminə keçmək ilk növbədə öz vətəndaşlarımıza ziyandır. Mən bunu təxribat hesab edirəm”.
Qeyd edək ki, “İzvestiya” moldovalı deputatların ruslara viza rejimi tətbiq etməyi müzakirə etdiklərini bildirib, ancaq hələlik yekun qərar qəbul olunmayıb.
Onu da qeyd edək ki, bu yaxınlarda Rusiya hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Dnestryanı bölgə üzrə xüsusi nümayəndəsi Dmitri Roqozin, daha öncə isə rusiyalı jurnalistlər və aktyorlar Moldova ərazisinə buraxılmayıblar.