Azərbaycanın xarici siyasətində əsas prioritet Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır.
Teleqraf.com-un məlumatına görə, bunu YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahmqızı bildirib ki, hazırda beynəlxalq münasibətlərdə mürəkkəb proseslər xeyli artıb. Onun sözlərinə görə, yaranmış vəziyyətin səbəblərindən biri həll olunmamış münaqişələrdir: “İyirmi ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli bir zərurət kimi meydana çıxıb. Bu cəhət beynəlxalq təşkilatların hesabatlarında da nəzərə çatdırılır. Amma təəssüf ki, işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur. Bunun əsas səbəblərindən biri Minsk qrupunun həmsədrlərinin işğalçıya çox loyal münasibət göstərməsidir. Hətta onların bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüanslar da olub. Ona görə də Ermənistan bütün sülh təşəbbüslərini pozur. Əgər sülh danışıqları nəticə verməsə, bu missiyanı, yəni ərazi bütövlüyümüzün bərpa olunmasını ordumuz yerinə yetirəcək”.