Kansler Angela Merkel Türkiyədə iki Almaniya vətəndaşının həbsinə kəskin reaksiya verib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Angela Merkel bu faktın iki ölkə arasındakı əlaqələrin yenidən nəzərdə keçirilməsinə səbəb olacağını deyib:
“Biz qətiyyətlə hərəkət etməliyik. Son hadisələr kontekstində çox güman əlaqələrimizə yenidən baxmalıyıq”.
O, Türkiyə ilə Avropa İttifaqı arasında Gömrük Birliyi müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsinin qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, bir müddətdir Almaniya ilə Türkiyə arasında siyasi gərginlik hökm sürür. Ankara Berlini Türkiyədən qaçan və ölkə əleyhinə fəaliyyət göstərən FETÖ qruplaşmasının üzvlərinə və mühacirlərə sığınacaq verməkdə ittiham edir.
Eyni zamanda Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisi Türkiyədə həbs olunub. Dünən Almaniyanın Xarici İşlər Nazirliyi daha iki Almaniya vətəndaşının Türkiyədə həbs olunduğu barədə məlumat yayıb.
Türkiyə tərəfi isə FETÖ qruplaşmasına yönəlik istintaq tədbirləri çərçivəsində Antalyaya gələn tük əsilli alman vətəndaşları K.A. və həyat yoldaşı S.A-nın saxlandığını açıqlayıb.
Türkiyədə 10 Almaniya vətəndaşının həbsdə olduğu bildirilir.