Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com-un xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğuladı və qeyd etdi ki, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir:
"Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq".
Prezident İlham Əliyev qeyd etdi ki, bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsidir, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bütün digər sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu yaxınlarda keçirilən Beynəlxalq Ordu Oyunlarına toxunan dövlətimizin başçısı Azərbaycanın da bu yarışların keçirildiyi məkana çevrildiyini vurğulayaraq qeyd etdi ki, ölkəmiz bu tədbirlərə az bir zamanda qoşulmasına baxmayaraq, artıq fəal iştirakçıya çevrilib.
Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi və qeyd etdi ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun səfəri gündəlikdə duran məsələlərin və əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Valeri Gerasimov Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirdiyini dedi. O qeyd etdi ki, ölkələrimiz arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.
Beynəlxalq Ordu Oyunlarına toxunan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi məmnunluqla vurğuladı ki, Azərbaycan komandası ötən il iki oyunda iştirak etmişdisə, bu il artıq beş yarışda iştirak edib və tədbirlərdən birinin təşkilatçısı olub.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.