Teleqraf.com-un suallarını hərbi ekspert Azad İsazadə cavablandırıb:
- Dünən NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü oldu. Məkan olaraq niyə Bakı seçildi?
- Bu, ilk Rusiya-Qərb hərb görüşü deyil. Bir müddət öncə amerikalı general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da Bakıda görüşmüşdü. İki tərəf də Bakını müttəfiq, neytral mövqedə dayanan bir məkan kimi seçib. Bu gün doğrudan da Avropada bütün ölkələr praktiki olaraq ya NATO, ya da Moskvanın ətrafında bölünüb. Bəlkə yeganə ölkə elə Azərbaycandır ki, hələlik ikisi ilə də normal münasibət saxlayıb, konfliktdə deyil, hərbi baxımdan nə NATO ölkələrinə, nə də Rusiyaya təhlükə yaradır. Görüş üçün Bakının seçilməsi amillərindən biri sözsüz ki, elə bu idi.
- Amerikalı generalla görüşü xatırlatdınız, o zaman görüşün Bakıda keçirilməsi Suriyaya yaxın olması ilə əsaslandırılırdı. İndi də Yaxın Şərqdəki təhlükəsizlik məsələlərinin müzakirə edildiyi deyilir...
- Generallar müzakirə üçün Yaponiyada da görüşə bilərlər. Məkanın Suriyaya yaxınlığı çox da vacib deyil. Söhbət neytral zonadan gedir və hər iki general Bakıda özünü daha komfortda hiss ediblər. Burada təhlükəsizlik, əks-kəşfiyyat, kəşfiyyat məsələləri də var. Arxayın olublar ki, heç bir təxribat olmayacaq, əks tərəf onlara təhlükə yaratmayacaq.
- Bu görüş fonunda “Bakı hərbi sahədə Rusiya-ABŞ və və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir” kimi şərhlər verilir. Bu yanaşmanı bölüşürsünüz?
- Yada salaq ki,vaxtilə Rusiya-Türkiyə münasibətləri həddən artıq kəskinləşmişdi. Azərbaycanla Qazaxıstan faktiki bu münasibətləri yaxınlaşdırmağa çalışırdı. Azərbaycanın rolunu həddən artıq şişirtməyin də tərəfdarı deyiləm, lakin Bakı artıq İsveçrə rolunu oynamağa başlayıb. II Dünya müharibəsində İsveçrə neytral qalmışdı, heç bir tərəfə qoşulmamışdı. İstər SSRİ, istərsə də ABŞ, Britaniya, Almaniya hansısa gizli məsələləri müzakirə etmək üçün İsveçrəni seçmişdi. Çünki neytral məkan idi. Demirəm, Azərbaycan tam həmin rolu oynayır, amma hansısa formada o funksiyanı bu gün Bakıda görürük.
- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun hər iki generalla görüşündə Dağlıq Qarabağla bağlı da fikir mübadiləsi aparılıb. Bəs sizcə, NATO və rus generalının təklikdə görüşündə Qarabağ məsələsi ilə bağlı müzakirələr olub?
- Protokol xarakter daşıdığından ev yiyəsi ilə görüşdə müzakirələr aparılıb. Amma iki generalın Qarabağla bağlı müzakirə apardığını sanmıram. Belə müzakirə olsa belə, siyahıda axırıncı sırada olar. Çox güman Şimali Koreya, Yaxın Şərq, Belarusda keçirilən təlimlər ətrafında müzakirələr aparılıb.
- Yeri gəlmişkən Ermənistanın “Agile Spirit 2017” (“Zirək ruh 2017”) Gürcüstan və NATO təlimlərində iştirakdan imtinası istiqamətində müzakirələr gedir. İmtinanın səbəbi barədə müxtəlif mülahizələr var. Sizin şərhiniz maraqlı olardı...
- Birmənalı şəkildə Moskvadan əmr gəlib ki, getməyəcəksiniz. Təlimdə iştirak edəcək hərbçilərin siyahısı da hazır idi. Gürcüstanda konkret bilirdilər ki, Ermənistandan kim gələcək. Son məqamda Rusiya deyib ki, getməyin. Eyni situasiya Moldovada da baş verdi. Moldova hərbçiləri getməli idi, prezident qadağa qoydu, amma buna baxmayaraq, Nazirlər Kabinetinin qərarı ilə onlar Ukrayna təlimlərinə qoşuldular. Heç kəsə sirr deyil ki, Moldova Prezidenti İqor Dodon birbaşa Moskvaya bağlıdır. Heç bir şübhə yoxdur ki, Ermənistana da Moskvadan əmr gəlib. Vaxtilə Ukraynadakı hadisələr başlayanda əvvəlcə Yanukoviç Avropa İttifaqı ilə assosiativ saziş bağlamağa hazır idi, bir günün içində bundan imtina elədi və inqilab başladı. Eynilə Moskvadan tapşırıq gəlmişdi ki, heç nəyə qol çəkmə.
- Ancaq Ermənistan birinci təlimə qatılmışdı. Belə izah edilir ki, Rusiyadan razılıq alıbmış...
- Birinci təlimlə ikincinin arasında bir neçə addım olub. Birinci təlimə göz yumdu, növbəti addımlara sərt reaksiya verdi, indi də bu cür vəziyyət yarandı.
- İrəvanın Rusiya ilə Qərb arasında ikili oyun oynamasını necə dəyərləndirirsiniz?
- Buna ikili oyun deməzdim. Bu, adi siyasi gedişdir. Siyasətdə bu, qəbul olunur. Başqa bir məqama diqqət çəkmək istərdim. Ermənistan kiminləsə münasibət quranda real münasibət qurmur. Aydın idi ki, NATO ilə yaxınlaşma sadəcə, şantaj idi. Avropa da başa düşürdü ki, Ermənistan son məqamda geri çəkiləcək, çünki Rusiya buna reaksiya verəcək. Sadəcə, Ermənistan Rusiyaya xox gəlirdi ki, gedə bilərəm. Söhbət Rusiyanın mövqeyini özünə qarşı yumşaltmaq niyyətindən gedir. Aydın idi ki, Ermənistan nə NATO-ya girəsi idi, nə Avropa İttifaqı ilə yaxınlaşacaqdı. Bu, sadəcə şantaj, xoxgəlmə idi.
- Qarabağ münaqişəsi ətrafındakı son durum barədə fikirləriniz nədən ibarətdir? Nə kimi yeniliklər gözləniləndir?
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində böyük dəyişikliklər görmürəm. Xarici ekspertlər müharibənin risk faizinin həddən artıq çoxaldığını deyirlər. Ümumiyyətlə, Qarabağda müharibənin başlanması üçün hər gün risk var, bəzən riskin faizi enir, bəzənsə qalxır. Axır 2 ay ərzində cəbhədə vəziyyət nisbətən sabitdir. Yazda, yayın əvvəli gərginlik idi. Amma riskin faizi həddən artıq böyükdür.