Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin “Qərb-2017” strateji təlimlərində 100 mindən çox rusiyalı hərbçinin iştirak edəcəyinə dair bəyanatını təkzib edib.
Teleqraf.com xəbər verir ki, İqor Konaşenkov alman nazirin bəyanatından heyrətləndiklərini bildirib: “Bu rəqəmlər havadan götürülüb. Təlimlər Avropa üçün heç bir təhlükə doğurmur”.
Konaşenkov qeyd edib ki, Rusiya və Belarus vaxtında Almaniyaya təlimlərin müdafiə xarakteri daşıması və burada iştirak edəcək hərbçilərin real sayı ilə bağlı ətraflı məlumat təqdim edib.
O, həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sentyabrın 7-də Bakıda keçirilən görüş zamanı NATO Hərbi Komitəsinin rəhbəri Petr Paveli bir daha bu barədə məlumatlandırdığını vurğulayıb. Valeri Gerasimov qeyd edib ki, təlimlər planlı xarakter daşıyır və üçüncü ölkələrə qarşı yönəlməyib.
“Qərb-2017” strateji təlimləri sentyabrın 14-20-də Belarusda, həmçinin Rusiyanın 3 poliqonunda keçiriləcək. Təlimlərdə 12,7 min hərbçinin iştirakı nəzərdə tutulub.
NATO-nun bir sıra ölkələri, o cümlədən Ukrayna hakimiyyəti manevrlərdən narahatlıqlarını bildiriblər.