Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, komitə sədri Əli Hüseynli 2017-ci ilin yaz sessiyasında 24 iclasın keçirildiyini bildirib: “Həmin iclaslarda 112 məsələ müzakirə olunub, onlardan 103-ü qanun, 7-si qərar layihəsi olub. Yaz sessiyası dövründə komitəyə 203 sənəd daxil olub. Komitə adından müxtəlif orqanlara həmin məktublara baxılması üçün 194 məktub göndərilib”.
2017-ci ilin payız sessiyasında görüləcək işlər barəsində danışan Əli Hüseynli bir sıra qanun layihələrinin müzakirə olunacağını bildirib.
İclasda “Polis haqqında”, “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr müzakirə olunub.
Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakterlidir.
Komitə üzvləri “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihəni də nəzərdən keçiriblər.
İclasda “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə müzakirələr aparılıb.
Gündəlikdəki məsələlərlə əlaqədar müzakirələr zamanı deputatlar dəyişikliklər barədə fikir və təkliflərini səsləndiriblər.
Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.