23 Sentyabr 2017 16:21
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla ATƏT arasında əlaqələrin hazırkı səviyyəsi nəzərdən keçirilib və əmədaşlıq məsələləri müzakirə edilib.

Tərəflər Azərbaycanla ATƏT arasında konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi və münaqişə üzrə danışıqlar prosesinin son statusu barədə ətraflı məlumat verib və ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Elmar Məmmədyarov, həmçinin, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan edib.

Görüşdə ATƏT-in gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər