Prezident İlham Əliyevin bu sözləri ondan xəbər verir ki, Ermənistan danışıqların imitasiyası ilə məşğul olduğundan onun erməni həmkarı Serj Sərkisyanla görüşmə ehtimalı azdır.
Teleqraf.com xəbər verir ki, bu fikirlər ”Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda öz əksini tapıb.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsindən də danışılıb. İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirib.
“Atlas” isə qeyd edir ki, halbuki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nyu Yorkda verdikləri birgə açıqlamada il ərzində Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istədikləri bildirilmişdi:
“Ceyms Appaturay İlham Əliyevdən sonra müdafiə naziri Zakir Həsənovla görüşdü. Bu görüşdə də NATO rəsmisi Azərbaycanla əməkdaşlığın xeyrinə iki fikir bildirdi.
Birinci fikir: NATO-nun Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avroatlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir.
İkinci fikir: NATO birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə siyasi dəstək verir.
Ceyms Appaturayla Zakir Həsənov arasında keçirilən görüşdə Azərbaycanla NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan NATO-nun bir sıra hərbi təlimlərində iştirak edir, digərlərində yox. NATO rəhbərliyi Azərbaycanın təlimlərdə daha fəal iştirakını istəyir. Ceyms Appaturayın tez-tez Azərbaycana səfərlərinin məqsədi məhz NATO ilə Azərbaycan arasındakı əməkdaşlığı dərinləşdirməkdir. O Azərbaycan hakimiyyətini inandırmağa çalışır ki, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi və hərbi təlimlərdə iştirak Azərbaycanın öz təhlükəsizliyinin artırılması üçün də vacibdir”.
Yazıda qeyd olunur ki, əgər rəsmi Bakı Azərbaycan ordusunu NATO standartlarına yaxınlaşdırmaq istəyirsə Şimali Atlantika bloku ilə əməkdaşlığı genişləndirməlidir: “Bu Azərbaycanın təhlükəsizlik maraqlarına da cavab verir. Doğrudur, Rusiya NATO-nun Cənubi Qafqazdakı fəaliyətindən narahatdır. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ötən həftə deyib ki, NATO-nun Qafqaz regionunda, xüsusən də Gürcüstanda fəallaşması Rusiya üçün təhlükəlidir. Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili isə buna cavab olaraq deyib ki, Gürcüstanın NATO-ya inteqrasiyası heç bir dövlət üçün təhlükə yaratmır. Eləcə də Azərbaycanla NATO arasındakı əməkdaşlıq Rusiyanın əleyhinə yönəlməyib. Digər tərəfdən Gürcüstandan fərqli olaraq Azərbaycan qarşısına NATO-ya üzv olmaq kimi hədəf də qoymayıb.
Bu arada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri “TurAz Qartalı-2017” birgə taktiki-uçuş təlimlərini həyata keçirirlər. Təlimlərin sonrakı mərhələsini Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli də izləyəcək. “TurAz Qartalı-2017” birgə taktiki-uçuş təlimləri mütəmadi olaraq keçirilir. Türkiyə NATO-nun əsas üzv ölkələrindəndir. Ona görə də Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında artan əlaqələr və artan birgə hərbi təlimlər NATO-nun da xeyrinədir”.