Dağıstanda vəziyyət mürəkkəbdir. Hazırda istefaya gedən prezident Ramazan Abdulatipov Dağıstanda müəyyən qədər işlər görə bilib. Nəzərə almaq lazımdır ki, bu bölgədə çoxsaylı xalqlar yaşayır. Vəziyyət də daima kəskin olur. Ramazan Abdulatipov müəyyən qədər kəskinliyi sakitləşdirə bilmişdi.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Ramazan Abdulatipovun Dağıstan Muxtar Respublikasının prezidenti vəzifəsindən istefasını şərh edərkən deyib.
Politoloqun fikrincə, Dağıstanda ciddi sosial problemlər var:
“Söhbət işsizlikdən, korrupsiyadan, ədalətsizlikdən, dövlət orqanlarının zəif işindən gedir. Ramazan Abdulatipov müəyyən işlər görməyi bacardı, ancaq problemləri tam həll edə bilmədi. O, istefasını yaşı ilə əlaqələndirdi və dedi ki, yerini nisbətən daha gənc kadra vermək istəyir”.
Politoloq bildirib ki, hazırda Rusiyada dəhliz söhbətlərinə görə, Ramazan Abdulatipovun yerinə “Rosqvardiya” direktorunun birinci müavini, general Sergey Məlikov gətiriləcək:
“Generalın hansı siyasət yürüdəcəyini indidən demək mümkün deyil. Hələlik təyinat da olmayıb. Bir daha qeyd edirəm ki, Dağıstan mürəkkəb yerdir. Burda rəhbər, adətən, iki xəttdən birini seçməlidir. Ya normal idarəçiliyə getməli, xalqa açıq olmalı, onun problemlərinin həlli üçün çalışmalı, yerli seçkiləri ədalətli keçirməlidir, ya da öz nəslini, yaxın ətrafının zənginliyini təmin etmək işinə girişməlidir. İndidən deyə bilmərəm ki, Abdulatipovun yerinə gələn şəxs hansı yolu seçəcək”.
Zərdüşt Əlizadə bildirib ki, Sergey Məlikov general-polkovnik rütbəli hərbçidir, uzun illər müxtəlif vəzifələrdə çalışıb: “Qafqaz xalqları paqona hörmətlə yanaşır. Ola bilsin, Putin onu Dağıstana göndərməklə həm də deyir ki, generala tabe olun, başqa yolunuz yoxdur”.
Zərdüşt Əlizadə sonda qeyd edib ki, hazırda Rusiyada maraqlı kadr dəyişiklikləri müşahidə olunur:
“Qubernatorlar yola salınır. Putin son zamanlar gənc qubernatorlara üstünlük verir. Məsələn, Kalininqrada təyin edilən qubernatorun 30 yaşı var.
Ümumiyyətlə, son zamanlar yeni vəzifə alanların yaşı 50-dən çox deyil. Ola bilsin, Putin prezidentliyinin ikinci mərhələsi üçün özünə yeni komanda formalaşdırır”.