1 Noyabr 2017 16:48
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı keçmiş səfiri, hazırda ölkəmizi başqa bir müsəlman dövləti – Birləşmiş Ərəb Əmirliklərində təmsil edən Daşqın Şikarov yenidən Feysbuk sosial şəbəkəsindən istifadə etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, səfir bununla bağlı yaydığı açıqlamada müasir dövrdə sosial şəbəkələrin ünsiyyət vasitəsi olmaqla yanaşı, ictimai rəyin formalaşdırılmasında təsirli amilə çevrildiyini qeyd edib:

“Bu baxımdan sosial şəbəkələr ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılmasında, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin və bu məsələdə Azərbaycanın haqlı mövqeyinin, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərin, aparılan yenidənqurma işlərinin geniş auditoriyaya çatdırlmasında mühüm əhəmiyyət kəsb edir. Bunları nəzərə alaraq yenidən Feysbuk sosial şəbəkəsinə qayıtmaq qərarına gəldim”.

Qeyd edək ki, bir vaxtlar Feysbukda xüsusilə fəal olan D.Şikarov 2015-ci ildə bu sosial şəbəkədən uzaqlaşmasını zaman-zaman müxtəlif xoşagəlməz rəsmlərə işarələnməsi, arzuolunmaz mesajların göndərilməsi hallarının daha da intensivləşməsi ilə izah edib.

Səfir Azərbaycanla Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasındakı münasibətlərdən də bəhs edib. Qeyd edib ki, qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq sərmayələrin cəlb edilməsi, turizm və digər sahələrin inkişaf etdirilməsi Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinə yeni təkan verib, sözügedən ölkələrin Azərbaycana marağı əhəmiyyətli dərəcədə artıb:

“Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Azərbaycan iqtisadiyyatında daha fəal iştirakda maraqlıdır. Son iki ildə bu ölkədən respublikamıza səfər edən vətəndaşların sayında 40 dəfədən çox artım müşahidə olunur. 2018-ci ilin mart ayının 2-dən etibarən BƏƏ-nin dövlət şirkəti olan “Etihad” Hava Yolları vasitəsilə Abu-Dabi-Bakı birbaşa hava uçuşları həyata keçiriləcək ki, bu da ölkəmizə səfər edən yerli turistlərin sayını əhəmiyyətli dərəcədə artıracaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər