Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi qapalı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməli idi.
Teleqraf.com xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu səfəri şərh edərkən bildirib.
O qeyd edib ki, prezidentlər yekun mətbuat konfransında bu haqda bir söz demədilər. Bundan sonra maraqlı səfər turlarına start verildi:
“Ərdoğanın səfərindən bir gün sonra Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan Moskvaya çağrıldı, iki gün sonra Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına getməlidir. Onlarla Moskvada görüşən Sergey Lavrov isə dörd gün sonra həm Bakıda, həm də İrəvanda olacaq. Qəribə səfər və görüş trayektoriyasıdır, deyilmi? Moskvada ayrı-ayrılıqda görüşdüyün nazirlərlə iki gün sonra Bakıda və İrəvanda yenidən niyə görüşəsən ki? Burda nəsə “Bizans bicliyi” var. Bütün bu kombinasiyaların bizə xeyri olacağını düşünmürəm. Təsadüfi deyil ki, Prezident İlham Əliyev noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Lavrovun səfəri öncəsi “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq” fikrini səsləndirib”.