NATO-nun Norveçdə keçirilən təlimində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və hazırkı Pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının düşmən hədəfi kimi seçilməsi hər şeydən öncə bir millətin dəyərlərinə qarşı olan hörmətsizlik kimi başa düşülməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə NATO-nun 65 ildir müttəfiq olduğunu nəzərə aldıqda bu münasibəti izah etmək bir qədər də çətinləşir:
“Ancaq bu çətin məsələnin çox sadə izahı var. Bu isə ondan ibarətdir ki, Turkiyə NATO üçün Varşava blokuna qarşı geostrateji mövqeyinə görə müttəfiq seçilmişdı. Bu hərbi-siyasi və hərbi-ideoloji blokun dağılmasından isə əsrin dörddə birindən artıq vaxt keçib. Yeni geostrateji şərtlər formalaşıb, hətta iş o yerə gəlib çatıb ki, bu gün Varşava blokunu yaradan ölkənin siyasi varisi Rusiya ilə Türkiyə arasında sürətlə irəliləyən strateji əməkdaşlıq müşahidə olunur.
Bunun səbəbi NATO-nun son illərdə Türkiyəyə müttəfiq kimi deyil, daha çox Türkiyənin təhlükəsizliyini təhdid edən hərbi-siyasi mərkəz kimi çıxış etməsi və Yaxın Şərqdə baş verən mühüm tarixi proseslərdə öz müttəfiqinin maraqlarını israrla gözardı etməsidir”.
Hikmət Babaoğlu qeyd edib ki, belə olduqda Türkiyə məcburən yeni müttəfiqlər axtarışına çıxmalıdır: “Ancaq bu da hələ hamısı deyil. 2000-ci illərin əvvəllərində yenə NATO-nun təlimlərinin birində NATO-nun yeni Yaxın Şərq və Şimali Afrika layihəsinin xəritəsində Türkiyə ərazisində bir neçə qondarma dövlət göstərilmişdi. Hadisələr sübut etdi ki, belə hallar təsadüfi baş vermir. Çünki sonrakı mərhələdə biz Şimali Atlantika Blokunun müsəlman şərqində apardığı hibrid müharibələrdə Türkiyəni də parçalamağa cəhdlər etdiyinin şahidi olduq.
Bu gün də Türkiyə təkcə təlimlərdə hədəf deyil. Elə real hərbi-siyasi proseslərdə də üzvü olduğu hərbi blokun hədəflərindən biridir. Bunu Türkiyədə də gözəl bilirlər. Ancaq 2000-ci illərdə zəif olduqlarına görə belə sərt reaksiya verə bilmirdilər. Bu gün isə qardaş Türkiyə Respublikası belə mənəviyyatsız həmlələrə layiqincə cavab vermək gücündədir. Türk xalqı və höküməti 15 iyul 2016-cı il hadisələrində ən təhlükəli və ən mənəviyyatsız müdaxiləyə layiqincə cavab verməyi bacardı”.
NATO rəhbərliyinin üzr istəməsinə gəldikdə isə, Hikmət Babaoğlu qeyd edib ki, bunun səmimi olduğuna kimisə inandırmaq çətindir:
“Çünki belə hallar sistematik olaraq baş verir. Ona görə də Türkiyə yalnız özünə güvənməli, yeni geosiyasi şərtlərin tələblərinə uyğun olaraq regionda yeni güc mərkəzi formalaşdırmalıdır. Çünki postbipolyar dünya nizamı sona çatır. Hazırda multipolyar, yəni çoxqütblü dünya nizamının yaranmasına doğru gedirik. Niyə də bu çoxqütblü nizamda Türkiyə və müttəfiqləri yeni güc mərkəzi olmasınlar?!”