26 Noyabr 2017 13:13
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərq Tərəfdaşlığı Proqramına daxil olan Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan Avropa İttifaqının xarici siyasətində prioritet ölkələrdir.

Teleqraf.com xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, ittifaq bu ölkələri öz siyasi-iqtisadi orbitinə daxil etməyə, Rusiyanın bu ölkələrə təsirini zəiflətməyə çalışır:

“Azərbaycan və Belarus istisna olmaqla digər ölkələr ittifaqla çərçivə sazişi imzalayıb. Ermənistan noyabrın 24-də bu müqaviləni imzaladı. Azərbaycan da çərçivə sazişini bağlayacağını qeyd edir. Şərq Tərəfdaşlığı Sammitinin yekun sənədi olan Birgə Bəyannamədə ölkələrin ərazi bütövlüyü və suverenliyiin toxunulmazlığının vurğulanması birbaşa Azərbaycanın milli maraqlarına uyğundur”.

M.Əsədullazadə qeyd edib ki, ümumiyyətlə Avropa İttifaqına siyasi-iqtisadi inteqrasiya etmək ölkənin ümumi gələcək perspektivləri üçün mühüm əhəmiyyət kəsb edir:

“İlk növbədə ölkəmizin müstəqilliyi möhkəmlənər. Xüsusilə, Rusiya ilə məsafəli siyasət saxlamaqla avrointeqrasiya siyasətini sürətlə davam etdirmək günün başlıca tələbidir. Regionda çox ciddi siyasi kataklizmlər yaşanır. Rusiyanın ölkəmizə Qarabağ münaqişəsinin həlli üzərindən təzyiqləri var. Bu təzyiqlər qarşısında Azərbaycana mütləq dəstək verən qüvvəyə ehtiyac var. Ölkəmiz Avropa İttifaqının yanında yer alarsa, bu dəstək verilə bilər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər