Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Əfqanıstan üzrə xüsusi nümayəndəsi səfir Roland Kobianı qəbul edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Aİ arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Əfqanıstanın yenidən qurulması işində əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Bu xüsusda, Azərbaycanın ev sahibliyi edəcəyi “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının əhəmiyyəti vurğulanıb.
Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, habelə Şərq-Qərb marşrutu, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından danışıb və Əfqanıstanın da bu layihələrdən faydalana biləcəyini diqqətə çatdırıb.
Səfir Azərbaycanın Əfqanıstanın inkişafı üçün gördüyü işləri təqdir edib.