Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Teleqraf.com-un məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev BƏƏ-nin qurulmasının 46-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman ölkələrindəndir:
"Bu, Azərbaycan üçün əhəmiyyətli dəstək idi".
M.Məmməd-Quliyev qeyd edib ki, Azərbaycanla BƏƏ arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edir. O iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Nazir müavininin sözlərinə görə, Azərbaycan BƏƏ ilə iqtisadi əlaqələrin inkişafına böyük önəm verir.
Nazir müavini bildirib ki, Azərbaycan BƏƏ-nin ölkənin nəqliyyat layihələrində iştirakını alqışlayır.
M.Məmməd-Quliyev əlavə edib ki, gələn ilin martında "Ehtihad Airways" Bakı-Abu Dabi marşrutu üzrə uçuşlara başlayacaq.