11 Dekabr 2017 19:56
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycana qarşı asimmetrik mübarizədə hər zaman üstünlük verməyə çalışdığı əsas vasitələrdən biri də ölkəmizdə yaşayan milli azlıqlardır.

Yüz illərdir bu torpaqlarda yaşayan, bu gün Azərbaycanın tamhüquqlu vətəndaşları olan milli azlıqlar ölkəmizin zəngin etnik palitrasının mühüm elemetləridir. Müxtəlif xalqların dinc, əmin-amanlıq, multikultural mühitdə yaşaması Ermənistan rəhbərliyinin yuxusuna sözün əsl mənasında haram qatıb. Əfsuslar olsun ki, təcavüzkar dövlətin xüsusi xidmət orqanları bəzi şəxsləri öz tərəflərinə çəkərək onlardan tarixi Vətənləri – Azərbaycan əleyhinə öz mənafeləri üçün istifadə etməyə müvəffəq olublar.

Bir müddət öncə Ermənistanda ölkəmiz əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov (Zabil Mədoj) kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılmışdı. Həmin şəxslərin, xüsusən sonuncunun 2016-cı ilin aprel döyüşləri ərəfəsində tutduqları mövqe, İrəvandakı “Talışıstan” telekanalında yayımlanan reportajlar kəskin narazılıq və ikrah hissi doğurmuşdu. Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər.

Qeyd edək ki, bu fəaliyyətlərdə adı keçən F.Aboszadə 1981-95-ci illərdə BDU-da işləyib, onun əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib, “Politologiya” dərsliyi adı ilə AXC-ni və onun sədrini öyən kitab yazması da “lazımınca“ qiymətləndirilməyib. Mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasına çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflasa uğrayıb.

Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmət orqanlarının və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərir.

Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda “fəaliyyəti”ni İrəvandan Moskvaya köçürüb və bu təxribat planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl mətbuatda “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış edən satqın, vətən xainidir.

Heç şübhəsiz ki, Azərbaycan əleyhinə bu tip aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın mənafelərinə xəyanət edilir. Sirr deyil ki, son illərdə Rusiya-Azərbaycan münasibətləri hərtərəfli inkişaf dövrünü yaşayır. İki ölkənin prezidentləri – İlham Əliyev və Vladimir Putin münasibətlərin daha inkişafı üçün səylərini əsirgəmirlər. Rusiya və Azərbaycan, o cümlədən iki ölkənin rəhbərliyi arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb. Son illərdə isə Rusiya-Azərbaycan münasibətləri digər sahələrdə də intibah dövrünü yaşayır. Parlamentlərarası əlaqələr, regionlar arasında əlaqələrin qurulması, humanitar sahədə əməkdaşlıq günü-gündən inkişaf edir.

Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin ölkəmizdən keçərək Rusiyaya sızmasının qarşısını hər zaman qətiyyətlə alıb. Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə vaxtaşırı birgə əməliyyatlar keçirirlər.

Bu baxımdan Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin, onu geostrateji əhəmiyyətlə bölgələrdə daha çox təcrid etməsinin fərqində olmalıdır. Azərbaycan KİV-ləri və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə qardaş xalqlarımızın əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkiniblər. Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil.

Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir. Ümid edək ki, Rusiya rəhbərliyi Azərbaycan ictimaiyyətinin bu məsələdəki həssaslığını anlayacaq və bu günlərdə Azərbaycanda fəaliyyət müddəti başa çatan səfir Vladimir Doroxinin vida açıqlamasında dediyi kimi, ötən illərdə qazanılmış müsbət təcrübə bütün çətinliklərə və yeni çağırışlara baxmayaraq, gələcəkdə də iki ölkə və xalqın maraqları naminə istifadə olunacaq.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər